Modern.az

Müasir toylar - milli ailəçiliyə qarşı basqı, mədəni qumar...

Müasir toylar - milli ailəçiliyə qarşı basqı, mədəni qumar...

Ölkə

5 Noyabr 2012, 08:50

Bugünlərdə bir qrup yazarın çağdaş toylarda iştirak etməməklə bağlı çağırışını oxudum. İllərdir aydınlarımızla toy-yas mövzusunda çoxsaylı söhbətlərim olub. Bir xalq olaraq bu məsələlərdə öz yönümüzün yaranması gərəkliyini əsaslandırmışam. Bu, o, deməkdir ki, təbii, gərəkli imtinanın zamanı gəlib. Ancaq nədən imtina olunur, necə imtina olunur, yerinə nə qoyulur? İctimaiyyətə təqdim olunan “Əziz qohumlar, yaxınlar! Biz yazarlar belə qərara gəldik ki, bundan sonra heç bir toyda iştirak etməyək və ona görə də xahiş edirik ki, bizi məlum ənənələrlə müşayiət olunan məclislərinizə dəvət etməyəsiniz” bəyanatı görəsən, nə dərəcədə ardıcıl olacaq? Axı, hər hansı bir imtinanın əvəzində ondan daha güclü, deyilən qənaəti əsaslandıran, qaydalaşdıran və o qaydanı yaradan fərdlər olmalıdır. Belə bir imkan varmı və o, haradadır?

Yazarlar toylarda iştirak etməyəcəklərini bildirirlər, ancaq o halda iştirak edərlər ki, «Hesab edirik,  toylar 20-50 nəfərdən ibarət dar dairədə keçirilməli, toy sahibi dəvət olunanlardan nəmər ummamalıdır.”

Düşünürəm ki, yazarlar dediklərinin yeriyəcəyinə o qədər də əmin deyillər. Burada köklü səbəb var. Birincisi, deyilən fikirlərin arxasında mütləq imtinaçılıq dayanmalıdır. Çağımızda 20-50 nəfərlik toyların keçirilməsi mümkün ola bilər, bunu bir neçə nəfər gerçəkləşdirər, ancaq belə toyların ardıcıl olması da problemi həll etməyəcək. Ona görə ki, toyda çox adamın yerinə az adamın iştirakı da mahiyyətcə problemi həll etmir. Başlıca məsələ toyun məzmununun kökündən dəyişdirilməsidir.

Cəmiyyətin inqilabi yolla dəyişdirilməsinə heç inanmamışam. Bütün gözəl duyğuların, düşüncələrin inamlı, idraklı, mənəviyyatlı (vicdançı, təmənnasız, fədakar), iradəli insanlar tərəfindən yaradıldığına inanıram. Ancaq ortaya atılan yaxşı ideyalar yiyəsiz qaldığından yeriməz, söz olaraq qalar. Təbiidir ki, toyda dəbdəbəyə yer olmamalıdır.

İndi ədəbiyyat, incəsənət insanlara böyük zövq vermir, ona görə ki, insanların (hətta ilk növbədə sənəti yaradanların belə) özlərinə inamları demək olar, yoxa çıxmaqdadır! Çağdaş sənətlər insana inamsızlıq püskürür, yayır.  İnsana inamsızlıq baş alıb gedir. Bu yandan da toyların insanlara əsəbilik, ciddi qayğı yaratdığı ortadadır. Əslində çağdaş toylar kapitalizm murdarlığının bütün çılpaqlığı ilə göründüyü yerdir! Hər kəs cəmiyyətdə “dəstədən geri qalmamaq” uğrunda çarpışır. «Toya getmərəm, biabır olaram, nüfuzdan düşərəm. Sabah balama toy edəndə kimsə gəlməz.» Belə şeyləri gözünün altına alan valideynlər nə olur-olsun, toya getməyi özünün qaçılmaz borcu sayır. Toy edənlərin çoxunun bir gecədə müflisləşdiyi, borca düşdüyü  də gizlin deyil. Toydan borcsuz çıxanların sevindiyi də ortadadır. Ayda bir neçə dəfə toya gedənlərin nəinki toy yiyəsini, hətta özünü də yamanladığı gerçəkdir.

Toy – əslində mədəni qumardır. Sən bu gün filankəsin toyuna gedirsən, sabah da o, sənin balanın toyuna gəlir, necə deyərlər, toyun şərafətli olur. Çox adamın çağırılması, yaxşı restoranda dəbdəbəli toy, üstəlik də bol, dadlı yeməklərlə dolu süfrə təqdim etmək cəmiyyətdə tanınmağın, nüfuzun hərtərəfli göstəricisi sayılır.

Toy bu gün evlənənlərin qərib düşdüyü yerdir. Əslində qonaqların çoxu sadəcə, toy yiyəsinə borcunu ödəmək üçün gəlir, məqsəd toyda görünməkdir. Hazırda toylar gəlirli bir biznes sahəsi sayılır. Faciə burasındadır ki, varlı qohumunun, qonşusunun toyuna gedən yoxsul özünün də bu sayaq toy etməsini qaçılmaz sayır. Qəribədir, gündəlik yaşamda varlı qohumu ilə yarışmağı ağlına belə gətirməyən yoxsul toy oyununun şərtlərindən çıxa bilmir.

İndi neyləməli? Toy problemini necə həll etməli? Dərdi deyən dərmanını da deməlidir. Mən illərdir zaman qaydasıyla toylara getmirəm. Getdiyim toylarda Ocaq qaydasıyla iştirak etmişəm, söz demişəm. Toya pul salmıram, toy yiyəsinə əziyyət vermirəm (yəni stul tutmuram). Dəvət olunduğum ünvanlarda evlənənlərə  uğurlama deyirəm. Toyun başlıca məzmunu mahiyyətcə bundan ibarət olmalıdır. Adamlar bu sayaq yaşamağı ağıllarına belə gətirmir, eyib sayırlar. Balalarıma zaman qaydasıyla toy etməyəcəyəm, nəmər yığmayacağam.

Asif Atanın Mütləqə İnam Ocağının milli ruhumuz əsasında yaratdığı evlənmə qaydası – “Beşikbaşı” Törəni var. Burada törənin başlıca rəmzi beşik sayılır. Evlənənlərə sadəcə beşik bağışlanır. Çünki ailə qurmağın məqsədi – uşaqdır, evladdır. Uşağın ilk yuvası beşikdir. Beşik uşaq qığıltısının, ana laylasının ilk ünvanıdır. Uşaq, evlad isə soyun, xalqın, bəşərin davamıdır. 
Hələlik ki, Ocağın “Beşikbaşı” Törəni həm də çağdaş toy qaydaları ilə yanaşı aparılır. Bütünlüklə, başdan-başa Ocaq qaydası ilə keçirilən “Beşikbaşı” törənində pul yığılmır, spirtli içki verilmir, yad-yabançı mahnılar səsləndirilmir. 3-4 saat davam edən törəndə milli musiqi və rəqslər olur.

Ocaq qaydasına görə, evlənməyin məqsədi – müqəddəsliyin sabaha çatdırılmasıdır.  İnam Ata (Asif Ata) yazır: “Əslində ailə – atalıq qüdrətinin, analıq mehrinin, övladlıq ləyaqətinin məkanı olmalı idi. Təəssüf ki, insan həm cəmiyyətdə, həm də ailədə ailəsizlik fəlakəti ilə qarşılaşır. İnsan ailədə nəinki cəmiyyət yadlığından qurtara bilmir, əksinə, başqa bir yadlığa qatılır. Ailə qurmaq – sevinc, fərəh məqamıdır. Toy həmin sevinci ifadə etmir. Toyda təzə ailə quranlar sanki artıq olurlar. Mənafelər, maraqlar, alış-verişlər, təriflər, badələr təntənəsində hər şey bayağılaşır. Tamadalıq adlanan yalanşı ağalıq yaranır. Musiqi bayağılaşır, müğənni əmtəələşir. Toyda hər şey zahiri, hər şey effektli, nümayişkaranə, daxildəki mənadan uzaq, ona zidd olur. Toy əslində əyləncə vasitəsidir, müasir dövrün pulçuluğuna, dəllallığına uyğundur, insaniliyə və ailə quruculuğuna tamam ziddir. Ailə isə əyləncə deyil, kef deyil, ruhani quruculuqdur. Toy-mənəvi yasdır. Adamlar insanlaşdıqca əyləncə olmayacaq».

Bu illərdə dəfələrlə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı olaraq keçiriyimiz «Beşikbaşı» törəninin insanlar tərəfindən necə maraqla qarşılandığının şahidiyəm.

Ailə – bəşəriyyətin ən böyük kəşfidir. Ailə – insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, yəni insanilik imkanlarının, kişiliyinin, qadınlığının aşkarlanma, təsdiq ünvanıdır. Ailə – iki nəfərin sarsılmaz birliyidir, davamıdır, əxlaqın təsdiqi, məhrəmliyin, pünhanlığın ucalıq səviyyəsində dərkidir. Ardıcıl olaraq milli ailəçilik biçiminə qarşı basqılar davam edir. Çağdaş toylar bunun sübutudur.

Azmı olub ki, toy xərcini ödəyə bilməmək üstündə bəy-gəlin girov götürülüb? Təməli əsəbiliklə yoğrulan belə ailələrin sabahımı olar? Ailə hər şeydən öncə millətin özünütəsdiqinin başlanğıcı sayıla bilər. İnsan özünü anlamağa başladığı çağdan ailənin ömründəki əvəzsizliyini də anlayıb. “Dədə Qorqud dastanları”nda qadın “Başım baxtı, evim taxtı” – deyə öyülür. Türkün mənəvi özəllikləri onun ailəçiliyini minillərin o tayından indiyə kimi pis-yaxşı qoruyub. Ancaq ailəçiliyin, bütövlükdə ömrün, milli keyfiyyətin xilası, inkişafı üçün təkcə buna güvənmək azdır, olanları artırmaq gərək.

Bu işdə Azərbaycan aydınlarının təpərli addım atmalarını gözləyirəm. Xalqımızın toy ənənəsinin tarixini bilirəm. Bilirəm ki, olanlar azdır. Qədimlikdən gələn bütün gözəl məqamları inkişaf etdirmək, təkmilləşdirmək, millət olaraq sifətimizi yaradacaq qaydalar (kurallar) ortaya qoyub o əsasda yaşamağımız gərəkdir. Çağdaş toyların asılılığından yalnız Ocağın toy qaydası əsasında çıxmaq olar.

Asif Ata deyir: “Bütün dərdlərin bir əlacı var: İnsanlaşma!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı