
Mərkəzi Bankın elan etdiyi meyarlara uyğun olaraq yaxın dövrdə bəzi banklar sıradan çıxacaq. Bu addım nə dərəcədə doğrudur?
Bəzi ekspertlər deyirlər ki, 43 bank ərazisinə və əhalisinin sayına görə Azərbaycan üçün çoxdur. 43 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər. Milli Məclis üzvləri və iqtisadçılar da bankların 20-dək azaldılmasını və bəzi bankların birləşməsini təklif edirlər. Hətta bir sıra banklara təklif olunur ki, birləşmə yolu ilə daha iri maliyyə təşkilatına çevrilsinlər. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmə variantı təklif olunur. Belə nəticəyə gəlmək olur ki, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxacaq.
Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov da Azərbaycanda 43 bankın 20-yə qədər azaldılmasını təklif edib. Millət vəkili belə hesab edir ki, ərazisinə və əhalisinin sayına görə bu gün Azərbaycanda bankların sayı həddindən artıq çoxdur. Odur ki, bankların birləşdirilməsi vacibdir:
“Bankların birləşdirilməsinin yeganə yolu onların nizamnamə kapitalının artırılmasıdır. O, banklar ki, bu gün dövlətə, xalqa xeyir verir, onlar öz fəaliyyətlərini davam etdirəcəklər. Xeyri dəyməyən banklar isə məcbur olub bəziləri ilə birləşəcəklər”.
Bankların faiz dərəcələrinin yüksək olduğunu söyləyən V.Əhmədov bu barədə ciddi problemlər yaşandığını bildirir: “Bankın faiz dərəcələrinin yüksək olması ilə bağlı bizə də narazılıqlar bildirilir. Əslində isə faiz dərəcələrini azaltmaq üçün bankın özünün dövriyyəsi olmalıdır. Bunlar da yeni banklarda həmişə problem yaradır. Bu da ondan irəli gəlir ki, kim kefi istədi bank yaradır. Hər bir şirkətin, nazirin bir bankı var. Öz maliyyə əməliyyatlarını yerinə yetirmək üçün bank yaradırlar”.
İqtisadçı Azər Mehtiyev isə Azərbaycanda bankların çoxluğu ilə razılaşmır. Ekspertin sözlərinə görə, iqtisadi baxımdan yanaşılanda ölkəmizdə bankların çox olmasını demək düz olmaz. Problem ondan ibarətdir ki, banklar daha az sayda qruplara məxsusdur. Yəni mövcud bankların özləri də 5-6 şəxsə məxsusdur:
“Bankların sayı əhalinin və əməliyyatların sayına görə müəyyən olunursa, onların çoxlluğu ilə bağlı problem yaşanmır. Təsəvvür edin ki, bu gün Azərbaycanda, əhaliyə, şirkətlərə bank xidmətləri göstərən yalnız kommersiya bankları var. Amma Avropada və bir sıra ölkələrdə kommersiya bankları ilə yanaşı, çoxlu sayda kredit təşkilatları da fəaliyyət göstərir ki, bu da müxtəlif çeşidlərdə xidmətlərin əldə olunması imkanı yaradır. Azərbaycanda isə müəyyən kredit ittifaqları varsa da onların fəaliyyətləri elə də rol oynamır. Ona görə də Azərbaycandakı banklar kommersiya banklarında cəmləşir”.
Son vaxtlar bankların böyüməsi prosesinin getdiyini deyən iqtisadçının sözlərinə görə, Mərkəzi Bankın elan etdiyi meyarlara uyğun olaraq yaxın dövrdə bankların bəzilərinin sıradan çıxacağını proqnozlaşdırma olar:
“Əslində, bankların çoxluğu məsələsi problem yox, bankların təklif etdiyi xidmətlərin azlığı problemdir. Çünki ölkədə sahibkarlıq fəaliyyətində rəqabət olmadığından bankların bu rəqabətə tap gətirmək imkanları məhduddur. Bankların sferasının məhdudluğu var. Bu gün Azərbaycanda bu qədər bankın olmasına baxmayaraq, rəqabət aparmaq qabiliyyətləri yoxdur. Banklar yalnız məişət kreditlərinin verilməsi sahəsində rəqabətə meyllidirlər. Geniş iqtisadiyyatın cəmləşdirilməsi ilə bağlı rəqabət məhdudluğu var. Bu baxımdan bankların çox olması gözə çarpır. Amma bankların sayının çox olması onların məcburən birləşdirilməsinə gərək yaratmır. Əslində isə problem ondan ibarətdir ki, banklar daha az sayda qruplara məxsusdur. Yəni, mövcud bankaların özləri də 5-6 vəzifəli şəxsə məxsusdur”.
Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Federasiyası bankların sayına görə liderdir. Rusiyada 966 bank var. Türkiyədə – 48, Ukraynada – 175, Belorusda – 32, Latviyada – 23, Ermənistanda – 21, Gürcüstanda – 19, Polşada – 21 bank fəaliyyət göstərir. Ən az bank isə Litva və Estoniyadadır. Hərəsində cəmi 17 bank var. Məlumat üçün bildirək ki, bu ölkələrdən ən çox əhalisi olan Rusiyadır. Rusiya sakinlərinin sayı 143 milyona çatıb. Bu da ölkəmizin əhalisi ilə müqayisədə 15 dəfə çoxdur.
Banklarla ən yaxşı təmin olunmuş ölkə Estoniyadır. Bu ölkədə bir banka təqribən 79 min adam düşür. 23 bankı, 2 067 887 nəfər əhalisi olan Latviyada 1 bank təxminən 89 min nəfərə xidmət edir. Türkiyədə əhalinin sayının (74.724. 269) çox olduğunu nəzərə alsaq, bu istiqamətdə ən pis vəziyyət qonşu ölkədədir. 1 556 755,6 insan eyni bankın xidmətindən istifadə etmək məcburiyyətindədir. Əhalisinin sayı 4 milyon nəfər olan Gürcüstanda 19 bank fəaliyyət göstərir. 236 715,8 nəfər gürcüyə 1 bank düşür. Ukraynada 1 bank – 260 420.6 nəfərə, Ermənistanda – 156.047,6 nəfərə, Belarusda – 296 281,3 nəfərə, Litvada – 170 635,3 nəfərə xidmət edir. Polşa isə siyahıda axırdan öncəki yeri tutur. Bu ölkədə bir bank 542 min insana xidmət göstərir.
Azərbaycana gəlincə, 219 880,9 nəfərə 1 bank düşür. Nəzərə alsaq ki, Mərkəzi Bankın nizamnamə və məcmu kapitala olan tələbləri artıb, bankların sayında azalma istisna deyil.
Gültəkin Ələsgər