Modern.az

Ombudsman bəyanat verdi

Ombudsman bəyanat verdi

Ölkə

22 Fevral 2010, 13:05

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar bəyanat verib.
Modern.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. Bəyanatda bildirilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Ombudsman xatırladıb ki, Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilib, 20 mindən çox soydaşımız həlak olub, 50 mindən artıq adam yaralanıb, əlil və şikəst olub, dinc əhali girov götürülüb, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət nəticəsində qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülüb, misli görünməmiş qəddarlıqla diri-diri yandırılıb, başlarının dərisini soyulub, gözləri çıxarılıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb”.

E.Süleymanova bəyan edib ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən, məhz genosid olduğunu sübut edir. Həmin qətliam Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməlidir: “Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir”.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?