Modern.az

Kabus...

Kabus...

Ölkə

22 Fevral 2010, 14:37

İki nəfər boğazımdan yapışıb boğurdu. Çırpınıb əllərindən çıxmağa çalışsam da, gücüm çatmırdı. Arxası üstə yıxılmışdım. Sinəmə çökən bu iki bədheybət getdikcə qızışırıdı. Birdən onlardan biri dizləri ilə köksümü sıxmağa başladı. Nəfəsim dayandı, gözlərim qaraldı. Çarəsiz halda başımla razılıq işarəsi verdikdən sonra üstümdən qalxdılar.

 

Dilimi zorla sürüdüm: 

- Nə istəyirsiniz?

- Pulunu ödə!

- Axı yeni ödəmişəm…

- Onlar başqa.

- Bəs indi nə pulu ödəməliyəm?

- Dörd ünsür vergisini: hava, od, su, torpaq

- Axı…

- Ə qanmaz, nəfəs almısan? Almısan. Günəşdə qızınmısan? Qızınmısan. Suyundan içmisən? İçmisən. Ayağın torpağına dəyib? Dəyib. Daha nə istəyirsən? Vergini ödə, azad ol.

 

Çaşmışdım. Gözüm kəlləmə çıxmışdı. Nəsə demək istəyirdim ki, yenidən yıxıb boğmağa başadılar. Elə bu vaxt öz qışqırığıma yuxudan oyandım. Yerimdən dik atılıb ətrafa boylandım. Evimdəydim. Səhər açılırdı. Yuxunun təsirindən çıxa bilmirdim. İçimdən dəli bir şükranlıq gəldi: “Allah, sənə çox şükür ki, gördüklərim yuxu imiş…”

 

Musiqiyə qulaq asmaq, yaşadığım dəhşəti unutmaq üçün radionu yandırdım. Kanalları dəyişərkən səksəndim. Dalğalardan birində yuxudakı bədheybətlərin səsini eşitdim: “Pulunu ödə, pulunu ödə!”. Kanalı dəqiqləşdirib həyacanla qulaq asmağa başladım:

 

- Naxçıvan Muxtar Respublikası Şərur rayon Təhsil Şöbəsi tərəfindən müəllimlərdən hər ay qanunsuz olaraq elektrik enerjisi üçün “itki pulu”, hovuzda “çimmək pulu” və digər qanunsuz ödənişlər tələb olunur. Rayonun adlarının çəkilməsini istəməyən bir qrup müəllimi deyib ki, hər ay onlardan 2 manat elektrik enerjisi üçün “itki” pulu, 4 manat yeni tikilən Olimpiya Kompleksinin hovuzunda “çimmək” pulu tələb olunur.

 

“Biz hovuzda çimmək istəmirik. Bizə deyirlər ki, istəyirsiniz çimin, istəmirsiniz çimməyin, onsuz da o pulu verəcəksiniz. İməciliklərə getmək istəməyənlərdən isə 7 manat tələb olunur: 2 manat nəqliyyat pulu, 5 manat iməciliyə getməyənin əvəzindən fəhlə pulu. Etiraz edənlər isə işdən qovulmaqla hədələnirlər. Bu da azmış kimi, bütün müəllimlərdən onların adına olan torpaq sahələrinin sənədlərinin surətləri tələb olunur. Bunu nə üçün tələb etdiklərini isə açıqlamırlar”, - deyə müəllimlər bildiriblər.

 

Dilim-dodağım qurudu. Gözlərimi ovuşdurub təkrar ətrafa boylandım. “Bəlkə yenə yuxu görürəm”, - deyib əlimlə bədənimə toxundum. Yox qardaş, artıq bu, yuxu-filan deyildi. Deyildisə, bəs nə idi? Yuxuda yaşadığım dəhşətin mənasını aydınlaşdırmağa çalışdım. Beynimə qəribə fikirlər doldu: “Ağıla gələn başa gələr”, “Bəzi yuxular yuxu deyil, gerçəkdir”, “Bəzən başına gələcəkləri yuxuda göstərərlər”, “Yuxunu tərsinə yozmaq lazımdır”, “Yuxun çin olar”...

 

Sonuncu deyim canıma qorxu saldı. Təsəvvür etdim ki, bu yuxum çin olarsa, başımıza nələr gələr. Bu gün yaxamızdan yapışıb “itkiyə verdin-vermədin, itki pulu verməlisən” deyirlərsə, sonra nə deyəcəklər? Döyə-döyə çimdin-çimmədin, hamam pulu alırlarsa, sabah nəyimizi alacaqlar? Biyara getdin-getmədin, “zəhmət haqqı” qoparırlarsa, birisigün haramızı qoparacaqlar? İzahsız-filansız halal torpağımızın “halallıq kağızını” tələb edirlərsə, bir azdan canımızınmı halallığını tələb edəcəklər? Bunları düşündükcə, qəlbimdən acı bir inilti qopdu: “Kaş, bu yuxum çin olmayaydı Ya Rəbbi”.

 

Sonra düşündüm ki, orası bir az başqadır: Həm muxtardır, həm əlahiddədir, həm uzaqdır, həm təcriddir, həm də Naxçıvandır. Yəni, mən paytaxtdayam, qorxmağa lüzum yoxdur. “Hadi canım, kefini pozma” deyib yenidən musiqi axtardım. Həzin bir musiqi sədası eşidib dayandım: “Bakı gözəl şəhər, mehriban diyar...”. Pəh-pəh! Həzin səs canıma yağ kimi yayıldı. Yenicə ləzzət almağa başlamışdım ki, dalğalar qarışdı. Qarışsa da, söhbət yeni Bakımızdan gedirdi. Amma bir az başqa formada:

 

- Heydər Əliyev Sarayının arxasında uçurulan binaların sakinləri nəhayət paytaxt meri Hacıbala Abutalıbovla görüşüblər. Görüş zamanı mer deyib ki, heç kimə hər kvadratmetrə görə 1500 manatdan artıq pul verilməyəcək. “Gedin, məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsınız. Nə istəyirəm, onu da edirəm. Nə verirlərsə, gedin alın, sonra o da olmayacaq. Boş yerə özünüzü yormayın” - deyə Bakının rəhbəri bildirib.

 

Sözün açığı, bəzən nəyisə izah etməyə söz aciz olur. Sadəcə bir şey düşünürsən: “İnsanın yaşaması gəlmir ey”. Bura necə bir məmləkətdir? Biz nə cür toplumuq? Başımıza gələnlər öz günahımızın cəzasıdırmı, yoxsa axirətdəki mükafatımızın əvəzidirmi? Yaxşı, biz özümüzü unutmuşuq, Allahdamı bizi unudub?

 

Bu suallarla əlləşirkən atamdan eşitdiyim bir rəvayəti xatırladım: Yolla gedən bir yolçu yalvarış səsi eşidir. Çevrilir və yol kənarında başdan-başa ətdən ibarət olan sümüksüz bir məxluq görür. Adamın qorxduğunu görən məxluq yalvarır: “Mən də insanam. Sadəcə şikəstəm. Bədənimdə sümük yoxdur və yeriyə bilmirəm. Məni belinə alıb qarşıdakı kəndə çatdırarsan?”.

 

Çox tərəddüddən sonra adam razılaşır və onu belinə alıb yeriməyə başlayır. Bir qədər getdikdən sonra kürəyi sancır. Ağrının dəhşətindən hayqırıb belindəki məxluqu yerə atır. Və bu vaxt gördüklərində dəhşətə gəlir. Qarşısında əli bıçaqlı bir şeytan dayanıb gülür və yolçunu aldatmağı ilə fəxr edir.

 

Artıq dizləri qatlanan yolçu son gücünü toplayıb deyir: “Məni aldadıb bıçaqladın. Cavan bir yaşda ölürəm və yolumu gözləyən övladlarımı gözü yolda buraxıram. Amma bunların heç birinə yanmıram. Sən mənim insanlığa olan etibarımı qırdın, bax ona yanıram”.

 

Bəlkə nə vaxtsa daha betərini görüb, bu günkü günümüzə şükr edəcəyik. Bəlkə də yuxum çin çıxacaq və Allahın verdiyi nəfəsin “haqqını” da bizdən bağırda-bağırda qoparacaqlar. Amma bunların heç birinə yanmıram. Bu məmləkətin insanında Vətən sevgisini, Dövlət sevgisini, Millət sevgisini, İnsan sevgisini öldürürlər ha, bax ona yanıram...

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?