Modern.az

Azərbaycan şəhərsalma sahəsində yeni standartlar yaradıb - Bahar Muradova

Azərbaycan şəhərsalma sahəsində yeni standartlar yaradıb - Bahar Muradova

Aktual

Bu gün, 16:32

WUF13 forumunun Bakıda keçirilməsi insanların, xüsusilə qadın və uşaqların layiqli həyat şəraitinin təmin olunmasına, şəhərsalmanın müasir çağırışlara cavab verməsinə xidmət edir. Bu qlobal tədbir fərqli ölkələrin siyasətlərinin uzlaşdırılmasına və vahid mövqelərin formalaşdırılmasına imkan yaradır. Bakıdakı müzakirələr zamanı əldə olunan müsbət təcrübələr gələcəkdə qəbul ediləcək qərarlarda və formalaşan regional siyasətlərdə öz əksini tapacaq.

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Bahar Muradova vurğulayıb ki, Azərbaycanda qadınların bütün səviyyələrdə irəli çəkilməsi, onların layiqli və müasir həyat şəraiti ilə təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Azərbaycanın qadın və qızların iş, eləcə də təhsil imkanlarının genişləndirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu deyən komitə sədri bu təcrübənin foruma qatılan 182 ölkənin nümayəndələri üçün maraqlı olacağını qeyd edib:

"Son dövrlər ölkəmiz bu istiqamətdə çox böyük irəliləyişlərə nail olub. Şişirdilmiş iddia olmazsa, deyə bilərik ki, Azərbaycan şəhərsalma sahəsində, xüsusilə münaqişədən sonrakı bərpa prosesində, beynəlxalq hüququn tətbiqi və insanların həyat şəraitinin yaxşılaşdırılması baxımından yeni örnəklər və standartlar yaradıb. Bu forum bizə həm öz standartlarımızı bölüşmək, həm də digər ölkələrin qabaqcıl təcrübələrindən faydalanmaq imkanı verir".

Sonda B.Muradova əlavə edib ki, belə mötəbər forumların ardıcıl olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin çox fəal, məsuliyyətli və qlobal maraqlara töhfə verən bir üzvü olduğunun bariz göstəricisidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?