Modern.az

Qarabağın Azərbaycanlı İcması dünya birliyinə müraciət edib

Qarabağın Azərbaycanlı İcması dünya birliyinə müraciət edib

Ölkə

26 Fevral 2010, 17:41

 

Dağlıq Qarabağın Azərbaycanlı İcması fevralın 26-da “Trend” İinformasiya Agentliyinin konfrans zalında Xocalı soyqrımı ilə bağlı tədbir keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə İcmanın sədri Bayram Səfərov Xocalı soyqrımının 18-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul etdiklərinin vurğulayıb. İcmanın əlaqələndirmə şurasının üzvü Mehdi Abdullayev beynəlxalq təşkilatlara ünvanlanan müraciəti məruzə edib. Müraciətdə deyilir: - 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin yüzlərlə dinc sakininin kütləvi şəkildə qətlə yetirilməsindən 18 il ötür. Ermənistan silahlı qüvvələrinin, Dağlıq Qarabağdakı erməni separatçı-terror dəstələrinin və həmin dövrdə bölgədə yerləşən SSRİ ordusundan qalmış 366-cı alayının erməni milliyyətindən olan hərbçilərinin Xocalıda həyata keçirdiyi qanlı aksiya zamanı şəhərin 613 nəfər dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca  amansızlıqla öldürülmüş, 487 nəfər yaralanmışdır. Xocalının 1275 nəfər dinc sakini girov götürülərək dəhşətli təhqir və zorakılığa məruz qalmışlar. Onlardan 150 nəfərin taleyi naməlum olaraq qalır.

Xocalıda həyata keçirilən soyqırımı erməni millətçilərinin uzun illər azərbaycanlılara qarşı apardığı terror və qətliam, etnik təmizləmə və deportasiya siyasətinin qanlı səhifəsidir. 1988-ci ilin fevralında erməni millətçiləri Ermənistan Respublikasının dəstəyi ilə Dağlıq Qarabağda təcavüzkar separatizmi alovlandıraraq bölgədəki azərbaycanlı əhaliyə qarşı etnik təmizləməyə başlamışlar. Bunun nəticəsində 1992-ci ilin əvvəlinədək Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı onlarla kənd işğal olunmuş, yüzlərlə insan qətlə yetirilmişdir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin, fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı xüsusi amansızlıqla müşayiət olunmuş, Qaradağlı kəndinin 70-dən çox sakini öldürülmüşdü. Bu qanlı hadisələrə vaxtında dünya birliyi tərəfindən adekvat münasibəti olmaması Xocalıda soyqırımın baş verməsinə gətirib çıxarmışdı. Xocalı soyqırımı bu qanlı cinayətlərin sırasında ən dəhşətli hadisə idi. Xocalı şəhəri Dağlıq Qarabağda azərbaycanlıların iri yaşayış məntəqəsi idi. Erməni dəstələri bu şəhəri yerlə-yekcan etməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisı arasında kütləvi xof yaratmaq, etnik təmizləmə siyasətini başa çatdırmaq məqsədi güdürdü. Xocalı soyqırımından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün daha geniş miqyas alması bunun təsdiqidir. 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı ilə Dağlıq Qarabağdakı azərbaycanlı yaşayış məntəqələri bütünlüklə erməni işğalçılarının nəzarətinə keçmiş, bunun ardınca Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha yeddi rayonu zəbt etmişdir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hal-hazırda ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistanın işğalına son qoyulması və öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə tezliklə qayıtması məqsədilə aparılan danışıqları dəstəkləyir və dünya birliyinin, beynəlxalq təşkilatların bu prosesdə daha fəal olmasını gözləyir.

 

AMEA-nın vitse-prezidenti Vaqif Fərzəliyev Xocalı soyqrımının bütün bəşəriyyətə qarşı olduğunu vurğulayıb.

Xocalı rayonu İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu il bütün dünya dövlətlərində Xocalı soyqrımı ilə bağlı tədbirlərin keçirildiyini bildirib: “Ötən illərlə müqayisədə bu il Xocalı soyqrımının təbliğat coğrafiyası genişləndirilib. Bu da təbii ki, ölkə rəhbərliyinin səyi nəticəsində mümkün olub. Biz həmçinin Xocalı ziyalıları adından beynəlxalq təşkilatlara müraciətdə qəbul etmişik”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Rövşən Rzayev Xocalı soyqrımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında medianın rolunun böyük olduğunu vurğulayıb: “Mən “Xalq diplomatiyası”nın vacib olduğunu bildirmək istərdim. Bu gün həm Ermənistan, həm də Azərbaycan tərəfindən hər bir təbəqədən olan insanlar ünsiyyət yaratmalıdırlar. Biz ötən il 7 nəfər qrupla Xankəndi, Şuşa, Yerevan şəhərlərində olduq. Onu da qeyd edim ki, Xocalıda yalnız bir neçə evdə yaşayış vardı. Orada heç bir tikili yoxdur. Ermənistan jurnalistləri ilə söhbətimiz zamanı məlum oldu ki, onlar Azərbaycana gəlməkdə çox maraqlıdırlar. Hazırda biz də bu istiqamətdə danışıqlarımızı davam etdiririk”. Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?