Modern.az

Gen dəyişikliyi təhlükəlidirmi?

Gen  dəyişikliyi    təhlükəlidirmi?

Ölkə

13 Mart 2010, 18:34

Ötən  əsrin  70-80-ci  illərindən sonra  dünyada   ərzaq qıtlığı əsas  gətirilərək   bir sıra  ölkələrdə  meyvə  və tərəvəzlərin   geninin  dəyişdirilməsinə başlandı.   İlk  baxışda   GMO  (genetik modifikasiya olunmuş orqanizm)   ərzaq bolluğuna  gətirib  çıxarsa da,  təəssüf ki,  bu süni artımın fəsadları  baş qaldırıb.   Süni  müdaxilə nəticəsində   yetişdirilən   müxtəlif     meyvə-tərəvəz   toxumlarından   Azərbaycanda  da  yararlanaraq  məhsul   əldə  olunur.  Digər   tərəfdən   xaricdən  idxal  olunan  gözəgəlimli,  cazibədar  məhsullar  şəhərimizin   ticarət   köşklərini   bəzəməkdədir.    

     Bütün fəsillərdə   eyni cazibədarlıqda   qalan   bu  məhsulların   görəsən  sirri  nədir?   Bu  qidalar  insan orqanizmində   hansı fəsadlar  törədir?    Əslində   bu suallar   hər birimizi   düşündürməlidir.   Heç kimə sirr deyil ki,  belə   məhsullar  yetişdirilərkən ona kimyəvi maddələrdən əlavə   müxtəlif   heyvanların  geni     vurulur.  Mütəxəssislərin  dediyinə görə, genetik   dəyişiklər  meyvə   və tərəvəzin  uzun  müddət  təzə   qalmasına   gətirib   çıxarsa da,  bu qidalardakı     zəhərli tullantılar  insan    hüceyrələrində  toplaşır.  Həmin  toksiki  maddələr    ciddi   xəstəliklərə   yol açır.  Şübhəsiz ki, bu da  xəstəliklərin   daha  sürətlə yayılmasına  təsir edən  bu  amillərdən biridir. Bu  gün  bir çox insanlar  səhhətindən,  qida  məhsullarının sağlamlıq durumuna  mənfi  təsirindən   şikayət edir.

 

     İctimaiyyətdə bu məsələlər  barəsində  bilgilərinin  yetərincə  olmaması   problemləri  daha da  dərinləşdirir.   Xaricdən   Azərbaycana  idxal olunan   qartal  budunu  xatırladan    quş ətlinin  və  digər  məhsulların   keyfiyyəti   barəsində    təəssüf  ki, məlumatlar  yetərli  deyil.  Müşahidələr göstərir  ki,  bu idxal  əməliyyatları   o  qədərdə   şəffaf aparılmır.

Bəs,  bu  problemlərlə üzləşməmək üçün   nə etmək lazımdır? 

İlk  növbədə   müxtəlif təbəqələr arasında   davamlı  maarifləndirməyə   başlamaq lazımdır.  İstehlakçı  bilməlidir  ki,  onun  qidalandığı məhsulun keyfiyyəti necədir,  meyvə  və tərəvəzlərin  geninin  dəyişdirilməsi   nə deməkdir. İkincisi, yerli  istehsala  diqqət  və qayğı  daha da artmalıdır.  Geni dəyişdirilmiş  müxtəlif    bitkilərin,  meyvə  və tərəvəz növlərinin   əgər  toxumundan   yerli sahibkarlar tərəfindən   istifadə olunursa,   bu  işə nəzarət  edilməlidir, müxtəlif tədqiqat  mərkəzləri  tərəfindən   bu məsələlər  araşdırılmalıdır.

    Süni yollarla  şişirdilib  əndazədən  çıxarılan  bəzi  tərəvəz  məhsullarını   görəndə    narahatlıq yaranır.    Belə  narahatçılığa   son qoymaq üçün  müasir  avadanlıqlarla təchiz edilən   müstəqil  laboratoriyaların  yaradılmasına ehtiyac var.  Çünki   belə mərkəzlər  həm  xarıcdən   Azərbaycana idxal   olunan yeyinti  mallarının,  həm  də yerli  şəraitdə   genetik  modifikasiya  edilmiş  məhsulların   analizini  apara bilər.  Etibar ediləsi   və    lazımı  avadanlıqları olan  bu  tip   laboratoriyanın    verəcəyi  vicdanlı,   obyektiv   rəy  istehlakçı üçün   bu gün    çox  gərəklidir.

       Ümumiyyətlə, məsulun   istehsal  prosesinə, yəni   piştaxtaya qədər  ki,  dövrə,  həmçinin   çeşidli məhsulların  satışı  zamanı  bu işlərə   nəzarət edəcək   rəsmi   dövlət strukturları  mövcuddur. Həmin  qurumlar  fəaliyyətlərində   bir  dönüş etməlidirlər.  Əks təqdirdə   bu mənfi tendensiya daha da dərinləşəcək.    Onu da qeyd etmək  lazımdır ki, Azərbaycan  2000-ci ildə “Bioloji müxtəlifliyə dair”  BMT-nin  konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulmuşdur. Sonuncu sənədin tələblərinə görə Azərbaycan GMO (genetik modifikasiya olunmuş orqanizm)  mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürmüşdür.

    Həmin  konvensiyaların  tələblərinə   və götürülən   öhdəliklərə   uyğun olaraq    istehlakçı   siyasəti    müəyyən edilməlidir.    İstehlakçı siyasətində    bir sıra  məqamlara  diqqət  yetirmək  pis olmazdı:

İstehlakçıların davamlı formada   maarifləndirilməsini;

Qanunverici aktlarının dəqiq hazırlanmasını və  icrasını;

GMO (genetik modifikasiya olunmuş orqanizm)  prosesinin   fəsadlarının  öyrənilməsini  və ictimaiyyətin məlumatlandırılmasını;

Ümumiyyətlə, gen  dəyişdirilməsi  işinə   çox  həssaslıqla yanaşılmasını; 

Müstəqil məhkəmə sisteminin təkmilləşməsini; 

İxtisaslaşmış   vətəndaş  cəmiyyəti  institutlarının  geniş  fəaliyyət  göstərməsini.

Azərbaycan ÜTT-yə ( Ümumdünya  Ticarət   Təşkilatı)  üzv olduqdan sonra bir sıra hüquqi prosedurlara, həmin təşkilatın tələblərinə uyğun olaraq Azərbaycana keyfiyyətsiz malların axınının azalmasını ehtimal olunur. Azad rəqabət mühitinin yaranması inhisarçı atmosferin aradan qaldırılmasına, ən əsası şəffaf prosedur qaydalarının tətbiqinə təkan verə bilər.

     İdxal, ixracla məşğul olan milli sahibkarlıq subyektlərində biznes maraqlarının olması, yaxşı pul   qazanmaq   istəyi təbii haldır.  Ancaq bu maraqlar  vətəndaşlıq mövqeyini, dövlətçilik  təfəkkürünü, qanunun  tələblərini  üstələməməlidir. Əgər  tərs  mütənasiblik, insan  taleyinə  biganəlik,  ümumiyyətlə, bu biznesdə  ifrat  dərəcədə acgözlük    varsa,  onda itirən cəmiyyət olur.    Onu da  unutmaq olmaz ki,  insan  faktoru,  istehlakçının  sağlamlığı   hər bir normal  cəmiyyətlərdə  dəyərli  kapitaldır.     Bu  kapitalı  qorumaq üçün   bazar  iqtisadiyyatı  bazar  əxlaqına  çevrilməməlidir.

       

 

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi