Hakan Tanriverdi: “Çox pul qazanmaq üçün bu metoda əl atanlar var”
Kişi ginekoloqların varlığı hər zaman mübahisə mövzusu olub. Ancaq hər zamanda qeyd edilir ki, xəstələrə ən yaxşı baxıb müalicə edən elə kişi ginekoloqlardır.
Modern.az-ın müsahibi “Baki Medical Plaza” klinikasında doğum şöbəsinin müdiri olan ginekoloq Hakan Tanriverdidir.
- İlk öncə bu sahəni seçmənizdən başlayaq, bu qərarı necə verdiniz? Ailəniz və ya yaxın çevrəniz tərəfindən təzyiqlərlə üzləşdinizmi?
– Mənfi təzyiq olmadı, çünki ailəm həkim olmağımı istəyirdi. Həkim olmaq qərarını verəndə artıq tibb fakültəsi üzrə hazırlığa başladım və Türkiyənin ən yaxşı universiteti olan Hacettepe Tibb Universitetinə qəbul oldum. 6 il orada oxuduqdan sora dövlətin məcburi xidmətində işləməyə başladım. İstəsəm orada qalıb həkim kimi işləməyə davam edə bilərdim. Amma təkrar imtahan verdim və ən çox seçim edilən 2 kateqoriyadan biri ginekologiya, digəri isə göz sahəsi idi. Mən də ginekologiya üzrə çalışmağa başladım. Türkiyədə bu sahə üzrə işləməyə ən çox kişilər hakimdir. Son zamanlar isə qadınların da sayı çoxalıb.
Türkiyədə qadınların həyat yoldaşı kişi ginekoloqların müayinə etməsini istəmirlər. Bəzi kübar xəstələrimdən kişi həkimlərin daha nəzakətli olduğunu söyləyənlər çox olub. Buna görə “heç vaxt qadın həkiminə getmərəm” deyən qadın xəstələrimiz olduqca çoxdur. Əslində həkimin qadın və ya kişi olması vacib deyil. Əsas olan isə yaxşı həkim olmaqdır.
– Türkiyədə 19 il mütəxəssis həkim olaraq işləmisiniz. Bildiyimiz qədər səhiyyə Türkiyədə daha yaxşı inkişaf edib, göstəricilərdə olduqca yüksəkdir. Sizi Azərbaycana gətirən nə oldu?
– Bura gəlməyimin 2 əsas səbəbi var. Türkiyədə illərcə çox yaxşı xəstəxanalarda işlədim. Başqa bir xəstəxanada işləyəcəkdim, sadəcə həmin xəstəxana da təmirdə idi və 6 aylıq bir gecikmə olduğu üçün bu zaman zərfində boş qalacaqdım. İndi işlədiyim xəstəxananın baş həkimi-o da eyni zamanda bir türkiyəli həkimdir-mənim işləmədiyimi bilirdi və məndən ona kömək etməyimi istədi. Burada olan həkimlərə də bir faydam olacağını bildirdi. Yaşda da məndən kiçikdir və qardaşım kimidir. Onun xahişini yerinə yetirdim və düşünürdüm ki, hər halda bu işin öhdəsindən gələ bilərəm. Bundan əlavə, Azərbaycanı çox sevirdim. Əslində gəlməmişdim, buranın musiqisi də məni cəlb edirdi. Həkimlə aramızda pul haqda da söhbət olmamışdı. Razılaşdım və gəldim. Təkrar Türkiyəyə qayıtdım və yoldaşım Oyaya da bura haqqında danışdım. Burada işləməklə bir çoxuna faydam olacağını bildirdim. Beləliklə, 6 ay sınaq müddəti kimi burada işləməyə başladım. Bu ərəfədə xəstələrim də oldu. Geri dönmək haqqında söz açılanda mənə təzyiqlər oldu. Heç kim getməyimi istəmirdi. Ailə həyatına önəm verən biriyəm. Həyat yoldaşımdan uzaqda olmaq söz mövzusu belə ola bilməzdi. Kiçik bir övladımız da var. Buna görə də həyat yoldaşımla məsləhətləşdik. Çünki onun da Türkiyədə işləri var, konservatoriyada müəllim işləyir. Amma mənim kimi o da Azərbaycanı çox sevir. Dedi ki, özümüzü orada tək hiss etmərik. Ailəvi şəkildə Azərbaycana gəldik. O zaman əhvalım da düzəldi, çünki ailəm yanımda idi.
Bacardığım qədər öz işimin öhdəsindən gəlirəm, bunun qarşılığında da məni tərifləyəndə çox sevinirəm. Artıq iş yoldaşlarımla da münasibət qurmuşam. Həyat yoldaşım da öz işini qurub. O da sənətini sevir və insanların müsbət təqdirini qazandı. Hal-hazırda disk hazırlıqları ilə məşğuldur. Beləcə, Azərbaycanda 1 ili ötürdük. Ümumiyyətlə, Azərbaycanda olduğumuzdan razıyıq. İşlədiyim yerdə bir neçə köməkçim var. Onlara da bildiklərimi öyrədirəm. Bu işdə kiməsə kiçikdə olsa bir köməyim olanda özüm də sevinirəm.
– Ümumiyyətlə bu peşəni seçən kişilərdə ginekoloq olmağa maraq varmı?
– Həkim olmaq dünyanın hər yerində seçilən və sevilən peşələrdən biridir. Tibdə bir çox xəstəliklər var, hətta ölüm belə. Doğuş və ginekologiyada ölümlərin sayı da olduqca azdır. Bununla yanaşı gözəl hadisələr daha çox olur. Uşaq doğulduğu zaman onu ananın qucağına vermək, birlikdə gülmək-bunlar hamısı gözəl hisslərdir. Bu baxımdan bizim sahədə daha az kədərverici hadisələr olur. Uşağın dünyaya gəlməsi və yeni bir həyatın başlanğıcına şahid olmaq, ananın qucağına vermək gözəl şeylərdir. Ailəm də məni dəstəkləyirdi.
– Ümumiyyətlə, bəs başqa insanlar tərəfindən bu sənəti seçdiyiniz üçün sizə mənfi yanaşanlar oldu?
– 1987-ci ildən ginekoloq olaraq işləməyə başlamışam. Həmin vaxt çalışdığım xəstəxanada məndən başqa 44 mütəxəssis həkim daha var idi və onların 37-si kişi idi. Belə təzyiqlər ancaq kənd yerlərində, cənub-şərq bölgələrində olan problemdir və ya oradan gələn insanlarda bu olur. Oxumuş insanların düşüncələrinə görə, əsas yaxşı həkim olmasıdır.
– Elə hallar olubmu ki, gələn xəstələri müayinə etmək üçün girdiyinizdə, məhz kişi olduğunuz üçün sizi buraxmayıblar?
– Bəli, elə gülməli hadisələrlə də qarşı-qarşıya gəlmişik. Bir dəfə təcili qadın xəstə gəlmişdi və məndən başqa da həkim yox idi. Ancaq ailə üzvləri qadın həkim istəyirdi. Məcburiyyət qarşısında qalıb məni arxa qapıdan içəri keçirdilər. Paltarı geydim, üzümü də bağladım ki, məni görməsinlər. Mən öz işimi görüb çıxdım. Həmin ailə bilmədi ki, o qadının həyatını qurtaran kişi həkim oldu.
– Bu gün istər tibb baxımından, istərsə də ginekologiya baxımından Azərbaycanda son vəziyyət necədir?
– Azərbaycan gənc ölkədir. Bəzi təhsil sistemlərinin, bəzi adətlərin öz yerini alması üçün çox az vaxt keçib. Sovet sistemini izləri hələ də çoxdur. Amma yavaş-yavaş yaxşılığa doğru gedir. Çox savadlı, işini bilən həkimlər var. Ancaq bir az da inkişafa ehtiyac var.
- Ölkəmizdə doğuşlar üzrə abort statistikaya görə artıb. Bununla bağlı nələr müşahidə etmisiniz?
– Abort etməyin müəyyən qaydaları var. Mənim sahəm üzrə ən sevmədiyim işlərdən biridir və etmək istəmərəm. Türkiyədə uşaq 10 həftəlik olana qədər abort etməyə icazə verilir. Bu müddətdə isə cinsiyyət bəlli olmaz. Bəlli olduqdan sonra edilən abortlar isə qeyri-qanuni sayılır. Mənə elə təkliflərlə müraciət edənlər çox olur. Ancaq mən belə hadisələrə heç vaxt yol vermərəm, etmək istəyənlərin də qarşısında duraram.
– Bununla bağlı Azərbaycanda sizə müraciət edənlərin sayı çoxdur?
– Mən daha çox sonsuzluqla bağlı əməliyyatları edirəm. Abort ilə bağlı olduqca az xəstəm olur. Ayda 3-4 nəfər olar ki, mənə bununla bağlı müraciət edir. Abort edənlər əsasən uşağının qız olduğu üçün edənlərdir. Hindistanda buna görə “UZİ” şəklini vermək qadağandır. Uşağın qız və ya oğlan olduğunu əvvəlcədən bilmirlər. Qadın olmazsa, həyat olarmı? Bu gün sabah həmin doğulan oğlan uşaq böyüyəndə qızla evlənəcək, bəs qız uşaqlarımızı məhv etsək necə olacaq?
– Son dövrdə sonsuzluğun sayı da olduqca artıb. Bunu necə izah etmək olar?
– O artmadı, ancaq aşkar oldu. Qərb ölkələrində sonsuzluğun olmasının səbəbi daha gec yaşlarda ilə həyatı qurmalarıdır. İngiltərədə 4 uşaqdan biri süni mayalanma nəticəsində dünyaya gəlir. Çünki xanımların çoxu 30 yaşından sonra ailə qurur. O zamanda başqa xəstəliklər yaranır və sonsuzluğa gətirib çıxarır. Amma Azərbaycanda ailə quranların yaşı nisbətən az olur. Sonsuzluğu yaradan səbəblərdən biri isə erkən müalicə qəbul etməkdir. 6 aylıq ailəli olan qadın sonsuz olacağı qorxusu ilə səhv müalicə olunur və bu da sonsuzluğa səbəb olur. Əslində, 6 ay ərzində heç bir şey bilinmir, ən azı bir il keçməlidir. Belə insanların sayı çoxdur. Dünyada bu 30 faiz civarındadır, amma bizdə 40 faizdən çoxdur. İnsanlar daha çox deməyə başlayıblar. Əvvəllər bacısının uşağı olurdu, onu götürüb saxlayırdılar. Amma indi həkimə gedib problemini deməyə başlayıblar. Digər səbəb ekoloji problemlərdir, bu da müasir dövrün problemidir.
- Süni mayalanma ilə müraciət edənlərin sayı çoxdurmu?
– Hər kəsə süni mayalanma elətdirmək vacib deyil, öncə yüngül müalicə olunur. Bu gün Azərbaycanda süni mayalanma yeni-yeni inkişaf etməyə başlayır. İnsanlar süni mayalanmanın nə olduğunu yeni anlamağa başlayırlar. Çünki süni mayalanmanın adını Azərbaycanda kim qoyubsa, səhvdir, burada süni heç bir şey yoxdur. Kişinin və qadının bəzi hüceyrələri laboratoriya şəraitində mayalandırılaraq yenidən həmin qadının uşaqlığına yerləşdirilir. Yenə onların öz uşaqlarıdır. Ancaq qanunun icazəsi verdiyi ölkələrdə donor bankaları fəaliyyət göstərir, yumurtası və ya sperması olmayan şəxslərin öz icazələri ilə bəzi donorlardan da istifadə edilir. Bu Azərbaycanda hələ müzakirə edilir. Burada da yenə süni bir şey yoxdur. Türkiyədə bunun adına “tüp bebek” deyirlər.
– Sizə müraciət olunan zaman müalicədən sonra uşağı olanlar çox olur yoxsa süni mayalanma daha çox olur?
– Hər problemin öz müalicəsi var. Əvvəlcə ətraflı yoxlanılmalı, problem tapılmalı və bundan sonra müalicənin istiqaməti seçilir. Əgər problemlər ciddidirsə, ancaq o şəkildə süni mayalanma ola bilər. Hər kəsə də bu şamil olunmur, çünki həm əziyyətli, həm də vaxt tələb edən bir şeydir. Həm çox pul tələb edən bir sahədir. Amma bu əməliyyatın da 100 faiz qarantiyası olmur. Ən yaxşı nəticə 60 faizdir.
– Elə hallar olurmu ki, süni mayalanma zamanı həmin insanlar qız və yaxud oğlan istədiklərini deyirlər?
– Əlbəttə, bu tibbi yöndən də mümkündür. Bunun üçün həkimin yüksək savadlı olması vacibdir. Amma uşaq qız və ya oğlan olsun deyənə bunu etmirik. Yəni qismətə nə çıxarsa odur. Amma bəzən elə xəstəliklər var ki, o oğlanda olur və ya qızda. O zaman xəstə uşaq olmasın deyə seçmək olar.
– Doğuşlarda problemlər yaşanır, çətin doğuşlar olurmu? Ölüm hadisələri ilə rastlaşmısınız?
– Bəli, hər zaman ola bilər. Çox şükür ki, ana ölümü yaşamamışam.
– Son zamanlar evdə olan doğuşların sayı artıb. Bu nədən irəli gəlir?
– Bu heç də məsləhətli deyil. Heç bir ev xəstəxana şəraitinə malik deyil. Heç bir ev xəstəxana şəraitinə malik ola bilməz. Son dəqiqədə nəsə problem ola bilər. Buna görə evdə doğuşun olması məsləhət deyil. Amma son zamanlar bunu az müşahidə edirəm. Məsələn evdə doğulmuşam amma yoldaşım Türkiyənin ən yaxşı xəstəxanalarından birində anadan olub.
– Son zaman qeysər əməliyyatlarına üstünlük verilir. Bununla bağlı nə deyə bilərsiniz?
– Qeysər əməliyyatlarına üstünlük verildiyi doğrudur. Dünyada lazımsız qeysərin qarşısını almağa çalışırlar. Bunun da bir neçə səbəbi var. İndi “UZİ” vasitəsilə əvvəllər müəyyən etmədiyimiz xəstəlikləri indi müəyyən edirik və doğuşa qalmadan bunu qeysər əməliyyatı ilə aradan qaldırmaq və uşaqların həyatda qalmaq ehtimalını artırmaq daha yüksəkdir. Bununla yanaşı uşaq ölümlərinin sayı da olduqca azalıb. İkincisi xanımların öz bədənləri ilə bağlı söz demək haqları ortaya çıxdı. Əvvəllər onlardan necə doğurmaq istədikləri sorulmurdu. Son zamanlar həkimlər qeysər əməliyyatına daha meylli olublar. Çünki qeysərin vaxtı bəlli olur, nə qədər davam edəcəyi də bilinir. Ancaq normal doğuşda belə deyil. Sənin yemək yediyin, evdə yatdığın, dostlarınla görüşdüyün, xaricdə olduğun vaxt doğuş ola bilər. Bunun üçün bəzi həkimlər qeysərə üstünlük verirlər. Ən pisi odur ki, çox pul qazanmaq üçün bu metoda əl atanlar var.
Daha sonra Hakan Tanrıverdinin xanımı, opera müğənnisi Oya Ergünlə müsahibəni davam etdiririk.
- Yoldaşınız ginekoloq kimi hər zaman qadınlarla işləyir. Bu hallar sizdə qısqanclıq yaradır?
– Elmə böyük hörmətimiz var, yoldaşım da elm adamıdır, buna qısqanclıqla yanaşmaq məncə normal davranış olmazdı. Həyat yoldaşımın işinə hörmət edirəm.
– Yoldaşınız ginekoloq kimi sizi özü müayinə edib?
– Bəli, özü müayinə edib. Ancaq əməliyyatımı onun ən yaxın dostu etmişdi. Qeysər ilə uşaq dünyaya gətirmişəm və etik olaraq da burada xəstənin yaxının olmaması lazımdır.
– Azərbaycana gəlib burda yaşamaq haqda nə düşündünüz?
– Burada çox xoşbəxtəm və bura gəlməyimiz doğru bir qərar oldu. Özümü ölkəmin başqa bir şəhərində kimi hiss edirəm. Bunun bir şans olduğunu düşünürəm.
– Türkiyədə sizin karyeranız var idi. Onları atıb bura gəldiniz. Bu haqda nə düşünürsünüz?
– Dünyanın hansı yerində olsam da öz işimə davam edirəm. Oradakı işimi buraxmamışam. Burada işlərim davam edir. Azərbaycanda da konsertlərə davam edirəm. Hətta Londonda təkrar konsertlərimiz olacaq.
– Burada dərslər keçirsiniz?
– Müğənni olduğum üçün hər yerdə öz işimi görə bilirəm. Xüsusi dərslər keçirəm.
– Operaya getmisiniz burda, hansı opera müğənnilərini tanıyırsınız?
– Bəli. Hətta Fidan Hacıyevanı, Azər Zeynalov kimi çox gözəl səsə malik müğənnilər var. Bəstəkarlardan Firəngiz Əlizadə, Cavanşir Quliyev və bir çox sənətkarları tanıyıram. Firəngiz Əlizadəyə çox heyranam, çox ciddi və iyi bir bəstəkardır, Cavanşir Quliyev də elədir.
– Tədbirlərə dəvət almısınız?
– Bəli, bir sıra tədbirlərə dəvət almışam, hələ də dəvətlər gəlir. 22 apreldə konsertim olacaq, 12 mayda Filarmoniyada CD diskimin təqdimatı olacaq, 19 mayda isə Hollandiyadan gələn müğənni ilə konsertimiz olacaq.
- Hər ikiniz işləyirsiniz və çox məşğulsunuz, bəs uşağa necə vaxt ayırırsınız?
– Uşağım dünyaya gəldikdən sonra ilk 3 il uşağıma özüm baxdım. Konsertlərimdə belə yanımda idi. Hər vaxt onun yanında idim. Ananın uşağının yanında olmasının tərəfdarıyam.
– Uşağınız hansı sahəni seçəcək sizcə?
– Hələ ki, onun 3 yaşı var, əsas odur ki, seçdiyi sənəti sevsin. Amma çox yaxşı musiqi eşitmə qabiliyyəti var, Azərbaycan, türk, ingilis dillərində mahnı oxuyur. Həyat yoldaşım mənim işimə heyrandı, mən isə həyat yoldaşımın.
– Bakıda adət ənənələri edirsiniz? Yeməkləri bilirsiniz?
– Türk və Azərbaycan mətbəxində oxşarlıq var. Qutabı, düşbərəni xingalı çox sevirik. Sevərək buranın yeməklərini bişiririk.
– Sizcə Bakı bahalı şəhərdir, yoxsa İstanbul?
– Bakı çox bahalı şəhərdir. Bakını çox sevirəm, şəhərə baxanda musiqi yazmaq istəyirəm. Amma çox bahalı şəhərdir.
- Ən çox harda vaxt keçirirsiz?
– Bakıda, artıq burada yaşamağa başladıq.
– Çətinlik çəkmirsiniz bu qədər işin arasında?
– Həyat yoldaşımla birlikdəyik və ən çox vaxtımı da ailəmlə keçirirəm.
– Deyilənə görə, insanlar öz sahəsində biri ilə ailə qursa, daha uğurlu alınar. Siz hansısa problem yaşamırsız?
– Xeyr, ikimizdə bir-birimizin işinin mahiyyətini bilirik. Buna görə də hörmətlə yanaşırıq.
– Azərbaycan mahnılarından ən çox hansılarına üstünlük verirsiniz?
– Həm xalq mahnıları, həm də bəstəkar mahnılarını sevirəm. Hətta, “Hardasan”, “Nazəndə sevgilim” mahnıları 12 mayda çıxcaq CD-də olacaq.


Aytən Əliyeva
Ulduz İbrahimova