
Modern.az saytı kiçik araşdırmayla müəyyən edib ki, Azərbaycanda indiyədək 22 nəfər “xalq şairi” , 25 nəfər isə “xalq yazıçısı” adına layiq görülüb. “Xalq yazıçısı” fəxri adını ən son alan şəxslər Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Mövlud Süleymanlı və Çingiz Abdullayevdir. Xronoloji baxımdan ən son təltif olunan isə dünya şöhrətli detektiv Çingiz Abdullayevdir. O, 2009-cu ildə 50 yaşı tamam olarkən prezidentin fərmanı ilə həm “Şöhrət” ordeni, həm də “xalq yazıçısı” fəxri adına layiq görülüb. Xalq şairlərindən isə fəxri titulu ən son alan ədiblər – Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə və Zəlimxan Yaqub olub.
Qeyd edək ki, fəxri ad sözügedən şairlərin hər üçünə 2005-ci ildə verilib. O vaxtdan bu yana hələ ki, “xalq şairi” adına layiq görülən ədib yoxdur. Bəs bu fəxri ad hansı meyarlara əsasən verilir? O, yalnız yubileylərə hesablanmış mükafat ola bilərmi? Bu mükafata layiq görülən yazarlarla layiq görülməyənlər arasında nə kimi fərqlər var? Doğurdanmı “xalq yazıçısı” yaxud “xalq şairi” adını alan kimsə digərlərinə nisbətdə daha çox yaradıcı qabiliyyətə malikdir? Yoxsa ortada tamam başqa səbəblər var?
Əgər söhbət yaradıcılıq qabiliyyətindən gedirsə, bu adı almayan şəxslərin sırasında təkcə Ramiz Rövşənin adını çəkmək kifayətdir ki, bu iddia təkzib olunsun. Ramiz Rövşən vur-tut 5-6 kitab çap etdirməsinə baxmayaraq, müasir Azərbaycan cəmiyyətində ən çox oxunan və sevilən şairdir. Ramiz Rövşənin başçılıq etdiyi siyahıya tərəddüdsüz Musa Yaqubun da adını əlavə etmək olar. Bir ara bu iki ədibin “xalq şairi” fəxri adına layiq görülməsi üçün AYB-dən məktub yollanmışdı. Lakin bundan sonra da bir xəbər çıxmadı. Siyahını sözsüz artırmaq da olar. Sözlərinə yazılan mahnılar dillər əzbəri olan Vahid Əziz, səmavi-fəlsəfi poeziyanı çağdaş elementlərlə zənginləşdirib tamam fərqli yol açan Vaqif Bayatlı Odər, şeirlərində türk ruhunu gəzdirən, ona öz kökünü göstərən Rüstəm Behrudi və s.
Nasirlərdən də bu adı daşımağa haqqı çatanlar var. Aqil Abbas, Seyran Səxavət, Kamal Abdulla. Siyahını sözsüz uzatmaq olar. Amma çox təəssüf ki, Azərbaycan nəsrinə orijinallıq, ağırlıq gətirən bu və digər nasirlər Yazıçılar Birliyinin xalq yazıçısı və xalq şairlərinin şəkilləri asılmış lövhədə öz portretlərini görə bilmirlər.
Şair Musa Yaqub səhhətini əsas gətirərək bu mövzuda Modern.az-a fikir bildirmək istəmədi. Vahid Əziz də. Amma mövzunun adını eşidən kimi yazarların verdiyi reaksiyadan incik olduqları o saat sezilirdi.
Daha sonra müraciət etdiyimiz şəxs AYB sözçüsü Ədalət Əsgəroğlu oldu. Ondan son 10 ildə AYB-nin “xalq şairi” yaxud “xalq yazıçısı” fəxri adlarının verilməsi üçün kimləri siyahıya salıb “yuxarılar”a təqdim etdiklərini soruşduq. Qurumun sözçüsü sualımızı cavabsız qoydu.
“Kimlər “xalq şairi” yaxud “xalq yazıçısı” adı alıb onu deyə bilərəm. Amma kimləri siyahıya salıb “yuxarı qurumlar”a təqdim etmişik, onu deyə bilmərəm”.
Problem başqa rakursdan işıqlandırılmalıdır. Yəni həqiqətən də “xalq yazıçısı” yaxud “xalq şairi” adı bu gün ədəbi xadimlər üçün lazımdırmı? Onsuz da hazırda imici artırmaq və ədibin çəkisini qaldırmaqdan başqa, heç bir imtiyazı olmayan fəxri ad bu gün ədəbiyyata nə qazandırır?
Suallar çoxdur.
Elmin Nuri