Modern.az

Putin Qarabağın azad olunmasına qarşı çıxdı-TƏHLİL

Putin Qarabağın azad olunmasına qarşı çıxdı-TƏHLİL

Ölkə

14 Avqust 2013, 11:17

İlahm Əliyev açıq şəkildə Rusiyanı ittiham etdi

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana bir günlük səfəri yalnız ölkəmizin deyil, bütün dünyanın diqqətlə izlədiyi hadisə idi. İstənilən halda Rusiya kimi bir hegemon ölkənin rəhbərinin Azərbaycana səfəri maraq doğurmaya biməzdi. Ancaq məsələnin siyasi aspektlərinə və bundan doğan iqtisadi rezonanslara nəzər yetirdikdə bu səfərin daha uzağagedən məsələ olduğunu düşünməmək ən azından sadəlövhlük olardı. Üstəlik nəzərə alınsa ki, hazırda Rusiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər son on ilin ən sərinləşdiyi dövrdür, Putinin bu səfərinin əhəmiyyətini qeyd etməmək düzgün olmazdı. Burada sual ortaya çıxa bilər ki, ABŞ-ın bu səfərı nə dəxli var.

Unutmaq olmaz ki, dünyanın bir çox regionunda maraqlarını və nüfuzunu Amerikaya təhvil vermiş Rusiya Cənubi Qafqazda, Fars körfəzində geri çəkilmək istəmir. Əslində Rusiya maraqlarından baxanda adlarını çəkdiyimiz regionların bu ölkənin maraq dairəsindən çıxması Rusiyanı dizləri qarnına qaynaqlanmış canlıya döndərəcək. Bunu hiss edən Rusiya bu duruma düşməmək üçün qabaqlayıcı addımlar atmağa məcburdur.

Bir qisim müşahidəçilər isə hesab edirlər ki, Rusiya əksinə özünümüdafiə deyil, hücum taktikası seçib. Orta Asiyada dayaqlarını möhkəmləndirən, Suriyada lövbər salmağı bacaran Rusiya Cənubi Qafqazda 20 il əvvəlki mövqeyinə qayıtmaq istəyir və bu yolda yeganə maneə Azərbaycandır.

Diqqət edək, Putinin Azərbaycana səfəri zamanı iki ölkə arasında əsasən 5 istiqamətdə sənəd imzalandı:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzaladılar.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.

“Rusiya-Azərbaycan dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş”i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzaladılar.

“2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzaladılar.

Əslində, bu müqavilələr məsələnin görünən tərəfləri idi.

Ən maraqlısı və maraqlı olduğu qədər də qəribəsi odur ki, Xəzər dənizinin statusu ilə bağlı Rusiya prezidenti son zamanlar heyrət doğuracaq açıqlamalar verir.

Xəzərin statusu ilı bağlı müqaviləyə yalnız İran və Türkmənistan tərəfi imza atmayıb. Rusiya bu məsələ ilə bağlı müqaviləyə zamanında imza atsa da, indi fərqli ampulada görünür. Bütün bunlar həm də onu göstərir ki, Rusiya bir zamanlar imzaladığı sənədlərdən narazıdır və onun cığallığını edir.

Putinin Bakıya səfəri çərçivəsində iki ölkı prezidenti bəyanatla çıxış etdilər. Bu zaman Ermənistan tərfindən Azərbaycanın işğal olunmuş torpaqları, Qarabağla bağlı verilən bəyanatlar diqqəti xüsusilə çəkdi. Diqqət edin. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı çox açıq danışdı və birbaşa Rusiyanın bu məsələdə tutduğu mövqedən narazılığını ifadə etdi:

- Bu gün biz regional problemləri də, ilk növbədə, regional təhlükəsizlik məsələlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri də müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan torpaqlarının işğalı 20 ildən çoxdur ki, davam edir. İşğal altında olan ərazi mahiyyət etibarilə həyat üçün yararsızdır. Dağıdıla biləcək nə varsa hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, onlar kağız üzərində qalır. Ona görə də bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur. Bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar.

Putinin isə Azərbaycan Prezidentinin bu çıxışına cavabı həmişəki kimi oldu. Belə məlum oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərb yoluna üstünlük verəcəyi halda Rusiya Gürcüstan variantını təkrarlayacaq.

Putinin Qarabağla bağlı fikri belə oldu:

- Təbii ki, danışıqların gedişində biz aktual beynəlxalq məsələlərə, o cümlədən əlbəttə, Dağlıq Qarabağ probleminə də toxunduq. Vurğulamaq istəyirəm ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir. Son olaraq qeyd etmək istərdim ki, apardığımız danışıqlar ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək əzmində olduğumuzu bir daha nümayiş etdirdi.

Beləliklə, Rusiya Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsini sual altına aldı. Məsələnin yalnız siyasi vasitələrlə (Siyasi müstəvidə isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq fikrində olmadığı ortadadır-red) tənzimlənməsinin mümkünlüyü deyən Putin əslində Azərbaycana səfəri zamanı qazandıqlarının əvəzini vermək fikrində olmadığını ortaya qoydu. Belə məlum oldu ki, ölkəsinin Azərbaycanla hərbi sahədə etdiyi 4 milyardlıq əməkdaşlıq da siyasi məsələlərdən uzağa gedə bilməz. Bu, Putinin müəyyənləşdirdiyi Qarabağ siyasətidir. Bu siyasət Azərbaycanın lehinə deyil.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı