Xarakterimizdə kollektilivçilikdən daha çox fərdiyyətçiliyimizin üstünlük təşlik etməsi inkarolunmaz həqiqətdir. İdmançılarımız kollektiv oyunlarda başarılı olmasalar da, idmanın təkmübarizlik növlərində hər zaman öncül yerlər tuta bilirlər.
Biz qələbənin müəllifliyini başqaları ilə bölüşə bilmirik. Və yəqin ki, kollektiv oyunlardakı uğursuzluğumuz da bundan irəli gəlir. Məsələn, futbolda müdafiədə oynayan adamın ürəyindən qapıya qol vurmaq keçir və s.
Qəribə müqayisə olsa da, mən dövlət himnimizi kollektiv oxuya bilməməyimizi bu mərəzimizlə - fərdiyyətçi olmağımızla əlaqələndirirəm.
Parlamentin son iclasında payız sessiyasının açılışı münasibətilə Dövlət Himni səsləndirildi. Salonda olan hər kəs ayağa qalxdı. Ancaq himn səsləndirilərkən deputatların olduğu iclas salonundan səs-səmir belə gəlmirdi. Az-çox jurnalistlərin olduğu lojadan himni zümzümə edən həmkarlarım vardı (o cümlədən bu sətirlərin müəllifi (təvazökarlıqdan uzaq olsa da - A.C).
Hətta deputatların əksəriyyəti formallıq xatirinə olsa belə, ağızlarını tərpətmirdilər.
Vəziyyətin acınacaqlı olduğunu görən iki deputat - Elman Məmmədovla Sabir Rüstəmxanlı deputatların dövlət himnini oxumamasına kəskin reaksiya verdilər və bunu dövlət atributuna qarşı sayğısızlıq kimi dəyərləndirdilər.
Himnə fərqli münasibəti, himnin elliklə oxunması təcrübəsini Türkiyə vətəndaşlarında görmüşəm. İstər Azərbaycanda, istər Türkiyədə...
Bəzən Bakıda bir mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. İştirakçıların 80 faizinin Azərbaycan vətəndaşları olmasına rəğmən himnimiz səsləndiriləndə böyük əksəriyyət ağzına su alıb durub. Oxumaq istəyənlər isə ümumi durumdan utanaraq yalnız özlərinin eşidə biləcəkləri tərzdə zümzümə edərək vətəndaşlıq borclarından çıxıblar. Ardınca Türkiyənin himni səsləndirilib və mərasimdə iştirak edən türkiyəli qardaşlarımız himni elə şövqlə oxuyublar ki, bir dəqiqə əvvəl Azərbaycan himninə etinasız yanaşanlara utanc hissi yaşadıblar...
Dövlət himnini oxumaq üçün əvvəlcə onun sözlərini öyrənmək lazımdı. Hər bir millət vəkili dövlətin əsas atributlarından olan himni əzbər bilməli və hər səslənişində onu nümayişkəranə tərzdə oxuyaraq başqalarına da nümunə olmalıdırlar. Ancaq üzərində daha bir atributumuz - dövlət bayrağı olan döş nişanını sinəsində gəzdirməyə əziyyət çəkən bir çox deputatların, dövlət himninin sözlərini əzbərləyəcəyinə heç inanmağım gəlmir...