
Nəsiman Yaqublu,
Tarix elmləri namizədi,
Bakı Dövlət Universitetinin dosenti
1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M. Ə. Rəsulzadənin sədrliyini irəli sürdü. “İttihad” partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. H. Ağayev və M. Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F. Xoyski icraiyyə orqanının sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F. Xoyskiyə tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: “Nazirlər Şurasının sədri və Daxili İşlər naziri – F. X. Xoyski; Hərbi nazir – Xosrov bəy Sultanov, Xalq Maarifi və Maliyyə naziri – Nəsib bəy Yusifbəyli; Xarici İşlər naziri – Məmməd Həsən Hacınski; Poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov; Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov; Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov; Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov; Dövlət naziri – Cəmo bəy Hacınski.
Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti .
Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü X. Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsi vacibliyini bildirdi, F. Xoyski isə “yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışığı aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi” təklif etdi. Lakin Milli Şura 22 səslə (S. M. Qəniyev və C. Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal Bəyannaməsi” qəbul etdi.
“İstiqlal Bəyannaməsi” (həm “Əqdnamə”, həm də Misaqi-milli” adlandırılır) altı maddədən ibarət idi:
“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq tətəqərrür edir.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibatı-həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında areyiümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur”.
Qeyd edək ki, Azərbaycan istiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi.
Azərbaycan istiqlalı elan edilməsinin məna və əhəmiyyəti böyük idi. Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı Bu baxımdan 1918-ci ildə Azərbaycan istiqlalı elan edilməsinə xarici ölkə alimlərinin və tədqiqatçılarının verdiyi qiymət olduqca dəyərlidir.
Professor Qothard Coske: “28 Mayıs 1918-ci ildə elan olunan Azərbaycan İstiqlaliyyəti, Türk və Azərbaycan düşmənibəzi bədxah zümrələrin “isbata” çalışdıqları kimi, təsadüfi bir hadisə və ya işin içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun müddətdən bəri inkişaf etməkdə olan təbii bir təkamül seyrinin son mərhələsi və nöqtəsidir” .
Professor Berd Fon Mende: “Bu tarix bilavasitə onunla əlaqədar olan zümrə xaricindəkiləri əlaqədar edən böyük bir günün tarixidir. Çünki, bu sadə Qafqasiyadakı milli dövlətçilik inkişafı üçün mühüm bir təməl daşı olmaqla qalmayıb, eyni zamanda Rusiya imperatorluğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim rol oynamağa başlandığı bir günün tarixidir” .
Professor Herbert Duda: “Həqiqi millətçiliyin lüzumu ilk öncə Azərbaycanda qavrandı və bütün Türk irqdaşlarını kültür baxımından birləşdirmək məfkurəsinə orada çalışıldı” .
Professor Herbert Yanski: “1918-ci ildə rus əsiri olan türklər üçün bir istiqlal açıldı: həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müstəqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi”.
Doktor Bertold Spuler: “28 Mayısın aşıladığı ruh əsrimizin hakim və mədəni insanlığın əbədi və əzəli həyat prinsipi – millətçilik ümdələrinə dayandığı üçün Azərbaycanın çalınmış istiqlalını geri almaq işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir”.
Cohannes Benzinq: “28 Mayısı doğuran Azərbaycanı necə tanımaq lazım? 28 Mayısın ilhamları haradan gəlir? Vəd olunan suallara qısa bir məqalə çərçivəsində kafi dərəcədə bir cavab vermək çətin olmaqla bərabər bəzi əsas nöqtələr təbarüz etdirilirsə, 28 Mayıs anlaşılır. Azərbaycan tarixi hər şeydən əvvəl bizə Azəri Türkünün hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir”.
Professor Tadeuş Svyatoxovski “İndiyə qədər coğrafi bir bölgənin adı olan Azərbaycan, artıq iki milyonluq bir dövlətin adı idi. Tatarlar, Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isimlərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu”.
Qeyd edək ki, 28 May istiqlalının elanı bütün Şərq aləmində və bütün türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin qurulduğunu xəbər verirdi. Rusiya əsarətində yaşayan türk xalqları arasında Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu və 28 May “Azadlığa qovuşan bir insan kütləsinin hürriyyəti simvolu”na çevrildi”.
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 28 May İstiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: “O tarixdən bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır”.
Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə müstəqil Azərbaycan Cumhuriyyəti adından M. H. Hacınski (o, Xarici İşlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.
1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqavilə”sini Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M. H. Hacınski və Milli Şuranın sədri M. Ə. Rəsulzadə imzaladılar. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin-Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirilirdi.
İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.
Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”.
Azərbaycan hökuməti ən ağır və ən çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M. Ə. Rəsulzadə yazırdı: “Bütün Azərbaycan xəlqinin çar-çeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi” .
M. Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın Azərbaycanın bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri oldu.
Azərbaycan İstiqlal bəyannaməsinin altıncı maddəsində göstərildiyi kimi: “Azərbaycan idarəsinin başında Şurayi Milli” dururdu.
Azərbaycan Milli Şurası istiqlalımız uğrunda hətta özünü buraxmaq dərəcəsinədək lazım gələndə güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. Bu qüvvələr “İlhaqçılar” adı altında çıxış edərək, hökumətin buraxılaraq Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdilər. M. B. Məmmədzadə yazırdı: “O, yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu “hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı”.
Milli Şuranın son iclasında çıxış edən M. Ə. Rəsulzadə dedi: “Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım.
Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!..”.
Vəziyyətin gərginliyini nəzərə alıb, N. Yusifbəylinin təklifi ilə Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli xan Xoyskinin ikinci kabinəsi təşkil edildi.
Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada Mərkəz – Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz – Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə, X. Xasməmmədov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.
M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi, İstanbulun nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsulzadənin göndərdiyi məlumatda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri – Məhəmməd Əmin Rəsulzadə”.
M. Ə. Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”.
O, Nazirlər Şurasının sədri F. Xoyskiyə göndərdiyi məktubda isə bildirirdi: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan bəy Avropaya gedir”.
Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Müsavat Partiyasının yaradıcılarından biri olan M. Ə. Rəsuloğlunun xatirələri bu mənada çox maraqlıdır: “Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...”.
1918-ci il sentyabrın 15-də türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.
M. Ə. Rəsulzadə o günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər:
Əmin bəy, Bakı alındı! Bu qəsa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.
Şübhəsiz ki, Müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan parlamentinin yaradılması oldu .
Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin çağırılması ilə əlaqədar olaraq Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi hazırlanmışdı. Müraciətnamədə deyilirdi: “Vətəndaşlar! Müharibə və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”.
Parlamentin ilk iclasını M. Ə. Rəsulzadə giriş nitqi ilə açdı: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi...” .
M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı.
Azərbaycan Parlamentində Müsavat Partiyasının bəyannaməsini təşkilatın lideri M. Ə. Rəsulzadə elan etdi. Həmin tarixi bəyannamədə göstərilirdi: “Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar” .
Qeyd edək ki, Azərbaycan Parlamentinin tərkibi aşağıdakılardan ibarət idi: Sədr – Topçubaşov Əlimərdan bəy, Parlament sədrinin müavini – Ağayev Həsən bəy, Parlamentin Böyük katibi – Rizayev Bağır bəy; katiblər – Hacınski Mehdi bəy və Kiçikxanov Bayram Niyazi. Parlamentin üzvləri: 1. Müsavat fraksiyası və bu qrupa qoşulanlar (lider Məhəmməd Əmin Rəsulzadə); 2. İttihad fraksiyası (lider Qara bəy Qarabəyov); 3. Əhrar fraksiyası (lider Aslan bəy Qardaşov); 4. Sosialistlər fraksiyası (lider Səmədağa Ağamalıyev); 5. Partiyasızlar; 6. Müstəqil deputatlar; 7. Sol partiyasızlar (Abdulla bəy Əfəndiyev); 8. “Slavyan-rus cəmiyyəti” fraksiyası (lideri Viktor Viktoroviç Klenevskiy); 9. Milli azlıqlar fraksiyası (lideri Lorens Yakovleviç Kun); 10. Erməni fraksiyası (lideri Arşak Arutyunoviç); 11. Daşnaksütyun fraksiyası (lideri Arşak İoanesoviç Malxazyan) .
Azərbaycan Parlamenti Nikolayevski (indiki İstiqlal) küçəsində yerləşirdi, iclaslar isə həftənin birinci və dördüncü günləri keçirilirdi.
Azərbaycan Parlamentinin açılışı münasibəti ilə Gürcüstan Parlamentinin sədri Çxeidze göndərdiyi təbrik məktubunda bu mühüm tarixi hadisəni alqışlayırdı.
Parlamentin açılışına münasibətini Azərbaycanda yaşayan alman ictimaiyyətinin nümayəndəsi Kun belə ifadə edirdi: “Parlament üzvləri, vətəndaşlar! Düz yüz il bundan əvvəl taleyin gücü ilə biz Zaqafqaziyaya, xüsusən Azərbaycan ərazisinə atılmışıq... Biz Azərbaycan almanları öz gələcəyimizə ümidlə baxırıq və qəti əminik ki, gənc Azərbaycan Respublikasının demokratik qanunları əsasında biz öz milli özünəməxsusluğumuza və sülh şəraitində yaşayışımıza imkan tapacağıq.
Polşalıların nümayəndəsi Vonsoviç bu mühüm hadisəni ürəkdən alqışlayırdı: “Hörmətli Parlament üzvləri! Azərbaycanda yaşayan polşalılar adından Sizi təbrik edirəm. Eyni zamanda hakimiyyətin əsas daşıyıcısı olan Parlamenti alqışlayıram”.
Yəhudilərin nümayəndəsi Quxman bu hadisəyə belə münasibət bildirirdi: “İyirmi min Bakı yəhudisinin seçicisi kimi Azərbaycan qanunvericilik orqanını salamlamağa gəlmişəm”.
Bakıda yaşayan digər xalqların da nümayəndələri ilk Azərbaycan Parlamentinin açılışına müsbət yanaşırdılar.
Azərbaycan Parlamentində ən güclü fraksiya Müsavatla bitərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi.
Azərbaycan Parlamentinin işində M. Ə. Rəsulzadə böyük fəallıq göstərirdi. Parlament iclaslarında fəal iştirak edən M. Ə. Rəsulzadə başçılıq etdiyi Müsavat fraksiyasının fəaliyyət proqramları haqqında tez-tez məlumatlar verirdi. Bu məlumatlarda ümumi bir məqsəd qarşıya qoyulurdu – Gənc Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığı, milli və siyasi hüquqların qorunub saxlanılması, Azərbaycan xalqının qonşu dövlətlərlə dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi respublikada hüquq-demokratik dövlət quruluşunun bərqərar edilməsi, geniş sosial islahatlar həyata keçirilməsi, ölkəni müdafiə edəcək güclü ordunun yaradılması.
M. Ə. Rəsulzadə 1918-1920-ci illərdəki fəaliyyətində Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparırdı. Azərbaycan Parlamentinin 1918-ci ilin 10 dekabrında keçirilən ikinci iclasındakı çıxışında deyirdi: “Əvvəla Ədəmi-Mərkəziyyət, sonra muxtariyyət. Daha sonra cərəyani Təbən istiqlaliyyət tərəfdarı, daima Azərbaycan məfkurəsinin müdafei olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərək sollar Azərbaycanı inkar deyil, var qənaətləri ilə isbat edirlər. Çünki, artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi nəzər yoxdur. Çünki, artıq cəmaətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki, üçrəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir”.
Qeyd edək ki, M. Ə. Rəsulzadə Azərbaycan Parlamentində komissiyaların təşkil olunmasında da yaxından iştirak edirdi. Parlament komissiyalarının təşkilinə 1918-ci ilin 15 dekabrında keçirilən üçüncü iclasda baxılmışdı. . Ə. Rəsulzadə Parlament iclasında belə bir təkliflə çıxış etmişdi: “Hər fraksiya bir nümayəndə göndərsin və komissiyalar təşkil olunsun” .
Azərbaycan Parlamentinin 1919-cu il 26 fevral tarixli iclasında sədr H. Ağayev bildirirdi ki, digər fraksiyalar komissiyalara bir adam verdiyi halda, Müsavat hər komissiyada bir neçə nəfərlə təmsil olunur. Bu da M. Ə. Rəsulzadənin başçılıq etdiyi fraksiyanın məzmunlu işinin nəticəsi idi. Fraksiyadakı müsavatçılar Azərbaycan Parlamentinin komissiyalarında belə təmsil olunmuşdu: 1. Müəssisələr Məclisini çağırmaq komissiyası – Mehdi bəy Hacınski, Məhəmməd Əmin Rəsulzadə; 2. Maliyyə-büdcə komissiyası – Məhəmməd Əmin Rəsulzadə, Mustafa Vəkilov, Nərimanbəy Nərimanbəyov; 3. İşçi komissiya – Məhəmməd Əli Rəsulzadə, Cavad bəy Məlik Yeqanov; 4. Təsərrüfat quruculuğu komissiyası – Abbasqulu Kazımzadə; 5. Mandat komissiyası – Şəfi bəy Rüstəmbəyov; 6. Reqlament komissiyası – Mustafa Mahmudov, Mirmehdi bəy Hacıbabayev; 7. Hərbi komissiya – Musa bəy Rəfiyev; 8. Aqrar komissiya – Mustafa Mahmudov; 9. Sorğu komissiyası – Rəhim Vəkilov, Asəf bəy Şıxəlibəyov; 10. Qanunvericilik təklifləri komissiyası – Nərimanbəy Nərimanbəyov, Şəfi bəy Rüstəmbəyov; 11. Ölkənin istehsalat gücünün istifadəsi komissiyası – Ağa Eminov, Yusif Əli Əliyev.
M. Ə. Rəsulzadə fraksiya lideri olaraq Azərbaycan Parlamentində qanun layihələrinin müzakirə olunması qaydalarına ciddi diqqət yetirirdi. Bununla bağlı təkliflərində bildirirdi ki, fraksiyalara qanunlar əvvəlcədən göndərilməli, parlament üzvləri layihənin məzmunundan xəbərdar olmalı, müzakirə aparılarkən fəallıq göstərməlidirlər. O, qeyd edirdi ki, “mümkün olduğu qədər Parlament təcili qanunlardan xilas olmalıdır” .
Parlamentin yaradılmasından sonra Azərbaycan dövlətinin qarşısında həllini gözləyən ciddi problemlər dururdu. Azərbaycan Xarici İşlər nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan, Erməmistan Xarici İşlər nazirinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851№-li teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan respublikaları arasında gedən silahlı toqquşmalara təəssüflənirlər və qətiyyətlə onlara xatırladılırdı: “Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Qeyd edək ki, Gürcüstan və Ermənistanla sərhəd məsələsi 1918-ci ilin iyun ayından başlayaraq münaqişəli problemə çevrilmişdi. Xüsusilə 1918-ci ilin iyun ayının 5-də Gürcüstan hökumətinin iclasında Hərbi Nazirin “Borçalı qəzasında işlərin vəziyyəti və Gürcüstan dövlətinin dəqiq sərhədlərinin aydınlaşdırılması zərurəti haqqında” məruzəsi dinlənilmiş və Borçalı, Sığnax və Tiflis qəzalarının sərhədlərində silahlı qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edilmişdi.
M. Ə. Rəsulzadə ilə söhbətində gürcü nümayəndə heyətinin başçısı öz hökumətinin iddialarının qəti olduğunu göstərərək qeyd edirdi ki, əgər onların ərazi iddiaları təmin edilməsə, “qan tökməli” olacaqdır. M. Ə. Rəsulzadə Azərbaycan hökuməti adından gürcü nümayəndəsinə belə qətiyyətli cavab vermişdi: “Nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar”.
1919-cu ilin aprelində isə Qarabağ erməniləri özlərinin 5-ci qurultayını keçirmiş və Azərbaycan daxilində idarəni mümkün hesab etməmişdilər.
Məlum olduğu kimi, həmin illərdə istər ermənilər, istərsə də ruslar Lənkəranda və Qarabağda ciddi problemlər yaradır, müstəqil dövlətimizin möhkəmlənməsinə mane olurdular. Bu problem 1919-cu ilin aprelin 14-də Azərbaycan Parlamentinin 29-cu iclasında müzakirə olundu. Müzakirələrdə iştirak edən M. Ə. Rəsulzadə Lənkəranın da, Qarabağın da Azərbaycanın ərazisi olduğunu bildirirdi: “Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Nasıl ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd ediriz”.
M. Ə. Rəsulzadə ölkədə pul-maliyyə sisteminin formalaşması prosesində yaxından iştirak edirdi. Belə ki, 1919-cu ilin aprelin 14-də Azərbaycan Parlamentinin 29-cu iclasında çıxış edən Baş nazir N. Yusifbəyli ölkədə pul-maliyyə siyasətinin düzgün qurulması vacibliyindən danışmış, göstərmişdi ki, Azərbaycan pulunun kursunu ixrac olunan malların köməyi ilə tənzimləmək mümkün olsa, onda əlavə pul kəsməyə ehtiyac qalmayacaqdır . Parlament üzvləri çıxışlarında həm informasiyanın artdığını göstərir, həm də bir qismi hökumətə parlamentin icazəsi olmadan pul kəsməyi qadağan edirdi. Maliyyə-büdcə komissiyasının üzvləri isə pulların təyinatla xərclənmədiyini qeyd edirdilər. Belə vəziyyətdə sollar hökumətin maliyyə siyasətini tənqid etdilər və “Əhrar”, “İttihad” partiyaları da onları dəstəklədilər.
Əks arqument olaraq ticarətin inhisarlaşması təklifi irəli sürüldü. Müsavat Partiyasının lideri M. Ə. Rəsulzadə isə həm solların, həm də sağların mövqeyinə etirazını bildirərək pulun əhalidən alınması yollarından biri kimi daxili istiqrazın buraxılmasını irəli sürərək Ə. Qarayevin mövqeyini rədd etdi: “Mən Qarayevə məsləhət görürəm ki, Sovet Rusiyasının maliyyə işlərini yaxşılaşdıra biləcək bir qanun layihəsi hazırlayıb bu zəhməti üçün onu kifayət qədər mükafatlandıra biləcək Leninə göndərsin”.
Uzun müzakirələrdən sonra 600 milyon emissiya haqqında qanun layihəsi qəbul olundu.
M. Ə. Rəsulzadənin bu dövrdəki fəaliyyətində bir mühüm sahə də ölkə daxilində sabitliyin qorunması idi. Məlum olduğu kimi, 1919-cu ilin mayında Bakıda zavod və fabriklərdə tətillərin keçirilməsi üçün bəzi qüvvələr ciddi fəallıq göstərirdilər. Onlar fəhlələrin hüquqlarından danışsalar da, əslində ölkə daxilində gərginliyi artırmağa çalışırdılar.
Azərbaycan Parlamentinin 1919-cu ilin mayın 6-da keçirilən otuz dördüncü iclasında bu məsələyə xüsusi diqqət yetirildi. H. Ağayevin sədrliyi ilə keçən iclasda M. Ə. Rəsulzadə mövqeyini belə açıqladı: “Möhtərəm Məclisi-Məbusan əzası! Bilirsiniz, şəhərimiz indi bir fövqəladə əhval içərisindədir. Zabastovka elan edilmişdir. Bu tətili elan edənlər əmələ konfransı naminə və bu addan sui-istifadə edən bir təşkilatdır. Onlar öz məqsədlərinə iqtisadi deyirlərsə də fəqət, onların məqsədlərinin nədən ibarət olduğu, kimsədən ötəri gizlin deyildir. Əgər xalq qismi bu məsələnin əsasına bələd olmasa da, parlamanda oturan möhtərəm əzaların şəkki-şübhə edəcəklərinə qane deyillər”.
Qeyd edək ki, 1919-cu ilin 28 Mayında İstiqlal elan olunmasının bir illiyi münasibəti ilə Bakıda böyük bayram yığıncağı keçirildi. Parlament binası önündəki kürsüdən ilkin olaraq M. Ə. Rəsulzadə çıxış etdi. “Azərbaycan” qəzeti (rusca) 31 may 111 saylı nüsxəsində belə yazırdı: “Xalq onu (M. Ə. Rəsulzadəni) təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı”.
Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: “Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir”.
Şübhəsiz ki, bu illərdə Azərbaycanın varlığının əsas prinsiplərini müstəqil dövlətçilik təşkil edirdi. Bunlardan başlıcası Azərbaycanın ərazi bütövlüyünün qorunması idi ki, M. Ə. Rəsulzadə bu istiqamətdə fəal mübarizə aparırdı.
Milli siyasət sahəsində isə Azərbaycanda yaşayan milli azlıqların hüququnun qorunmasına xüsusi diqqət yetirilirdi. Vicdan, mətbuat, yığıncaq azadlığına, həmkarlar azadlıqlarına təminat verilirdi ki, bu da əlbəttə, hüquqi demokratik dövlətin əsasını təşkil edirdi .
Ümumi icbari təhsil haqqında qanun layihəsi işlənilir, ibtidai və orta məktəblərin milliləşdirilməsi və xüsusilə də milli azlıqlara rus və ana dillərində təhsil almaq hüququ üçün təminat verilməsi tələb olunurdu.
Qeyd edək ki, 1919-cu ilin oktyabrın 30-da parlament tərəfindən mətbuat haqqında Nizamnamə qəbul edilmişdi. Nizamnamənin əcnəbi təbəələrə mətbu orqanları buraxmağı qadağan edən maddəsinə qarşı sosialistlər daha kəskin etiraz etmişdilər. Lakin qanun layihəsini Baş nazir N. Yusifbəyli və Müsavat Partiyasının lideri M. Ə. Rəsulzadə başda olmaqla digər parlament üzvləri də müdafiə etdilər.
Geniş müzakirələrdən sonra qəbul olunan “Mətbuat haqqında Nizamnamə” ölkədə demokratik və azad mətbuatın inkişafına real imkanlar yaratdı. Mövcud Nizamnamədə göstərilirdi ki, mətbu orqan yalnız məhkəmənin qərarı əsasında və cinayət törətdiyi halda məsuliyyətə cəlb oluna bilərdi. Əslində bu müddəa ilə mətbuat üzərində senzura demək olar ki, götürülürdü.
Qeyd edək ki, M. Ə. Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında mövqeyi getdikcə möhkəmlənir, nüfuzu artır, və fəaliyyəti genişlənirdi. Partiyanın 1919-cu ildə keçirilən qurultayı bunu bir daha sübut etdi.
Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə qazanılan ən böyük uğurlardan biri 1920-ci ilin yanvarında Azərbaycanın xarici dövlətlər tərəfindən tanınması oldu.
Hələ 1918-ci ilin sentyabrında Türkiyəyə - İstanbula gələn Ə. Topçubaşov Azərbaycan Respublikasının mövcudluğu, əhalisinin sayı, tərkibi, hazırkı durumu, Milli müstəqilliyini elan etməsi ilə bağlı memorandumu müxtəlif dövlətlərin buradakı nümayəndələrinə təqdim etmişdi . Ə. Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti bir müddət İstanbulda qaldıqdan sonra Versala yola düşmüşdü.
Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun artdığı bir zamanda 1920-ci ilin 28 Aprel işğalı baş verdi .
28 Aprel işğalının səbəblərini araşdırmadan qeyd etməliyik ki, M. Ə. Rəsulzadə milli, müstəqil dövlətimizin varlığı, qalıb yaşaması üçün bütün imkanlarını sərf etmişdi.
Lakin 28 Aprel işğalının bəzi səbəblərlə bağlılığını da inkar etmək olmazdı. İstər daxili, istərsə də xarici amillərlə izahı lazım gələn bu işğalın səbəblərinin ciddi tədqiqə ehtiyacı vardır.
Məlumdur ki, Rusiyanın Xarici İşlər naziri Çiçerin hələ yanvarın 2-də Azərbaycan hökumətinə bir bəyanat göndərmişdi. Bəyanatda o, “nə qədər ki gec deyil, Azərbaycan xalqını Denikinə qarşı mübarizəyə çağırırdı” .
M. Ə. Rəsulzadə o bəyanata münasibətini belə bildirirdi: “Çiçerin Azərbaycan və Gürcüstan Cumhuriyyətlərinə telsiz teleqrafla göndərdiyi notasında bu hökumətləri, ricət edən Denikin ordusunu tamamilə məhv etmək üçün silah arkadaşlığına dəvət edirdi. Bu nota Cumhuriyyətlərin istiqlalını tanımaq və müxadinət müahidəsi əqdini istəməkdən ziyadə əhalini hökumət əleyhinə təhrikdən ibarət olan bir propaqanda hökmündə bulunurdu” .
Rusiyanın (istər çar, istərsə də sovet Rusiyası) daima təbii müttəfiqi olmuş ermənilər öz xəyanətkar mövqelərindən bu dəfə də qalmadılar, 1920-ci ilin mart ayının 20-də Azərbaycan qəzalarına hücuma keçdilər.
M. Ə. Rəsulzadə ermənilərin bu xəyanəti ilə bağlı yazırdı: “Bayram gecəsi – Novruz bayramı Şuşa şəhərinin yaxınlığında vaqe “Xankəndi” deyilən əsgəri qəsəbə bayrama məxsus bir zövq içində zabitan məhfəli - əsgəridə gecəyi keçirməklə məşğul... Bu əsnada ətraf köylərdə məskun erməni ustası bu gecəyi məxsus ehzar etdikləri süngülərlə mücəhhəz olduqları halda gecə ilən bir basqın icra ediyorlar”....
1920-ci ilin fevralında və martın birinci yarısında isə Qarabağ erməniləri (onların məşhur təbliğatçısı E. Voskanyanın başçılığı ilə) Zəngəzurdan silah gətirmək və s. niyyətlərlə öz işlərini qüvvətləndirmişdilər .
Vəziyyətin mürəkkəbliyini sübut edən daha bir sənəd A. Ziyadxanlının (A. Ziyadxanlı – İrandakı diplomatik nümayəndəmiz) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərdiyi məruzədir. Məruzədə yazılırdı: “Mart ayının 20-dən başlayaraq mən erməni hərbi hissələrinin Naxçıvan və Ordubad rayonlarına mütəşəkkil hücumları barədə Naxçıvandan və İranın müxtəlif yerlərindən teleqramlar almışam. Bu teleqramlarda göstərilir ki, İran erməniləri də hücumlarda iştirak edirlər. Top atəşləri xüsusi dağıntılara səbəb olur. Yerli əhali öz torpaqlarını qəhrəmancasına qoruyur, lakin tezliklə kömək göndərilməsini xahiş edirlər...”.
Bundan əlavə, 1920-ci ilin yanvarında, vəziyyətin belə mürəkkəb dövründə Nəriman Nərimanov Müsavat liderlərindən Nazirlər Şurasının sədri N. Yusifbəyliyə Rusiya bolşeviklərinin mövqeyini əks etdirən məktub göndərmişdi: “Möhtərəm Nəsib bəy Yusifbəyov cənabları!.. Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynayırsınız...” .
Azərbaycan Respublikası Daxili İşlər naziri M. Vəkilov 1920-ci ilin martında Bakı fəhlələrinə müraciətində bildirirdi ki, müstəqilliyimizin düşmənləri sizin aranızda təxribat aparır. Bu adamların hökuməti yaxınlarda ələ keçirmək cəhdləri ilə bağlı aşkarlanmış sənədlərini çap edəcəyik.
Qeyd etdiyimiz kimi, eyni zamanda Şimaldan gələn təhlükə də getdikcə ciddiləşirdi. Azərbaycan sərhədlərinə Qızıl Ordu hissələrinin toplaşdığını görən F. Xoyski Çiçerinə məktub göndərib vəziyyətdən Azərbaycan hökumətinin narahatlıq keçirdiyini bildirirdi. Digər tərəfdən “Qarabağda və Ermənistanda sərhəd rayonlarında hərbi əməliyyatlar getdiyi üçün Azərbaycan ordusunu şimal sərhədlərinə gətirmək qeyri-mümkün idi .
Aprel işğalı ərəfəsində və həmin o mürəkkəb günlərdə Azərbaycan hökuməti daxilində də ixtilaflar dərinləşmişdi. F. Xoyskini müdafiə edənlərlə M. Hacınski qrupu arasında ziddiyyətlər kəskinləşmişdi. M. Hacınski Daxili İşlər naziri, sonradan isə Ticarət və Sənaye naziri olmuşdu. Aprelin 1-də hökuməti təşkil etmək işi M. Hacınskiyə tapşırıldı. M. Hacınski yeni hökumət təşkilini gecikdirir, bolşeviklərlə birgə işləməyə çalışırdı. Lakin sonradan bolşeviklər bu hökumətə daxil olmaqdan imtina etdilər.
Bu dövrdə Türkiyənin tutduğu mövqe də mənafeyimizə zidd idi.
Əlbəttə, Türkiyənin vəziyyəti olduqca ağır idi və ingilislərin, fransızların, yunanların hücumlarına məruz qalmışdı. Birinci Dünya savaşının qalib dövlətləri Osmanlı dövləti ilə “barış andlaşması”nı da gecikdirir və türklərin güclənməsini istəmirdilər. Elə bunun nəticəsi idi ki, qalib dövlətlər San Remoda toplanaraq Osmanlı imperatorluğunu parçalamaq razılığına gəlmiş, 1920-ci ilin 11 mayında keçirilən Paris konfransında isə türk torpaqlarını biabırçı şəkildə paylaşdıran 8 maddəlik qərar şərtlərini Osmanlı dövləti təmsilçilərinə vermişdilər.
Vəziyyətdən çıxış yolunu türklər yalnız sovet Rusiyası ilə yaxınlıqda görür və Bakıdakı türk zabitləri də başda Xəlil Paşa olmaqla Qızıl Ordunun Azərbaycana gəlməsini tələb edirdilər. Onlar düşünürdülər ki, Qızıl Ordu Azərbaycan ərazisindən keçib Anadoluya imdada gedəcəkdir. Mustafa Kamal Atatürkün 1920-ci il aprelin 26-da Moskvaya – Leninə göndərdiyi məktub da bu məqsədi daşıyırdı .
Moskva isə Türkiyənin düşdüyü bu vəziyyətdən istifadə etmək və azərbaycanlı bolşeviklərin, eləcə də Azərbaycandakı Türkiyəli zabitlərin vasitəsi ilə məkrli niyyətlərini həyata keçirirdi. Adamları aldadacaq şüarları da hazırlamışdılar: “Türkiyə ölüm-dirim mübarizəsindədir. Qızıl Ordu Türkiyənin köməyinə çatmaq istəyir, “Müsavat” hökuməti isə buraxmır”.
Türklərin öz hökumətlərinin birbaşa göstərişi ilə iş birliyində olmasını təsdiqləyən sənədlər də vardır. Hadisələrdə iştirak edən bir türk zabitinin 1920-ci il 1 avqust tarixli raportu da buna sübutdur. Bu türklərin başlıca vəzifəsi Azərbaycan sərhədini keçmək istəyən Qızıl Orduya maneçilik törədən “Müsavat” hökumətini devirmək idi.
O zaman bu işlərdə xüsusi fəallıq göstərən Xəlil Paşaya Məhəmməd Əmin Rəsulzadə də ciddi etirazını bildirmişdi.
Sonradan Türkiyənin istiqlal məhkəməsində Xəlil Paşanın dostu Tələt bəy belə bir etiraf da etmişdi ki: “Xəlil Paşa və yoldaşları da Azərbaycan müxalifəti firqələrinə “Siz doğrudan-doğruya Müsavatdan kənar firqələrlə birləşmək surətilə Nəsib bəy hökumətini devirə bilərsiniz” – deyə tövsiyədə bulunmuşdular”.
Lakin sonrakı hadisələr göstərdi ki, Qızıl Ordu türklərin mövqeyinin necəliyindən asılı olmayaraq Azərbaycan sərhədlərini işğal edəcəkdi. Çünki, Moskva Bakı neftini, eləcə də keçmiş çar Rusiyası “ərazisi”ni əldən verməyəcəkdi.
Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b)P MK, RK(b)P ölkə komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından Parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yaradılan Parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasında müzakirə edilsin. Axşam saat 19.30-da Parlamentin fövqəladə iclasında M. Hacınski komissiya adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri müsavatçıların lideri Məhəmməd Əmin Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir.
Parlamentin son oclasında səs çoxluğunu pozan “İttihad”la “sosialistlər”in birləşməsi idi. Çünki, Müsavat Parlamentində 32 millət vəkili ilə, Müsavat mövqeli bitərəf qrup isə (başçısı F. Xoyski idi)7 deputatla təmsil olunurdu. “İttihad” 11, “Sosialistlər” də 11 millət vəkilinə malik idilər. “Əhrar”ın təmsilçilərinin sayı 10 millət vəkili idi. Belə bir vəziyyətdə Məhəmməd Əmin Rəsulzadə son dəfə olaraq parlamentin iclasında çıxış etdi. O, çıxışında dedi: “Əfəndilər, mötəcaziz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir terk olsa da, yenə rusdur, istila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcavizanə ultimatumu rədd etməliyik....
Sədr M. Y. Cəfərov verilən ultimatumu səsə qoydu, üç nəfər bitərəf qalmaqla hakimiyyət bolşeviklərə verildi .
Aşağıdakı şərtlər daxilində hakimiyyət bolşeviklərə verildi:
“1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə birbaşa Anadolunun imdadına gedəcək. 2. Azərbaycan istiqlalı və tamamiyyəti mülkiyyəsi hər təərrüz və qüyudan məsun qalacaq. 3. Azərbaycan ordusu olduğu kimi qalıb buraxılmayacaq. 4. Azərbaycan firqələri siyasiyyəsi hürriyyət və sərbəstliyini mühafizə edəcəklər. 5. Sabiq rical əzayi hökumət və məbusəndan kimsə siyasi ilə ittiham edilməyəcək. 6. Sərbəst şəkildə toplanacaq Azərbaycan şuraları hökumətinin idarə şəklini təyin edəcək”.
1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə saat 2-də hökumət bolşeviklərə təhvil verildi.
Beləliklə, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalının elan olunmasında, milli demokratik dövlət quruculuğu prosesində rolu böyük idi və o, bolşeviklərin istila rejimi ilə barışmayacağını, qətiyyətlə mübarizə aparacağını bildirirdi.