
Modern.az Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlardan daha ikisini aşkarladı: Samir Əlixan oğlu İbrahimov və Sabir Əlixan oğlu İbrahimov. Bu iki qardaşın uzun müddət diqqətdən kənarda qalmasının sadə bir səbəbi var. Səbəb budur ki, ata-anasını itirən Samirlə Sabiri ana babası himayəsinə götürüb və elə o zamandan onlar Borçalıya, yəni qonşu Gürcüstana aparılıb.
1992-ci ilin fevralın 25-dən 26-a keçən o məşum gecə öz yurd-yuvasından didərgin düşməklə yanaşı, hər iki valideynini itirən Samirin 6 yaşı olub. Deyir ki, əgər qanlı-qadalı müharibə, ölüm, qırğın, itki baş verməsəydi, növbəti tədris ilində birinci sinfə gedəcəkdi. “Uşaq idim, nə dərdim ola bilərdi ki!? Amma nə biləydik ki, qara tale bizi pusur, acı qədər ürəyimizə dağ çəkmək üçün fürsət gözləyir. Bilmirdik ki, fani həyat qayğısız günlərin qisasını bizdən alacaq, bizə dünyanın ən ağır dərdini yaşadacaq, bütün xoş hisslərimizi dəfn edəcək. Amma bizim də ata, ana nəvazişi görmək, onların qayğısında olmaq haqqımız var idi. Biz niyə tay-tuşlarımız kimi yaşamamalıydıq?! Biz niyə ən zavallı uşaqları olmalıydıq?! Nəydi bizim günahmız?!”
Bilirsiniz, fevralın 25-dən 26-na keçən keçən gecə xatirəmdə necə qalıb? , – deyə Samir İbrahimov davam edir. – Uşaqlığımızın əlimizdən alındığı, atasızlıq, anasızlıq dəhşətli, od saçan, güllə qoxuyan tarix. Bir sözlə həyatımızın dayandığı, durduğu an. O gündən bu yana hələ də başa düşə bilmirəm ki, mən uşağam, gəncəm, yoxsa qocayam. O gündən bu yana necə yaşamağım da mənə qəribə gəlir.
6 yaşım vardı. Hələ birinci sinfə belə getməmişdim. Qardaşım isə artıq məktəbə gedirdi. Həmin gecəni xatırlamaq, yenidən o illərə qayıtmaq hər birimiz üçün ağrılıdır. Amma xatırlamağın içində bir anlıq məni ağuşuna alan xoşbəxt uşaqlığım var. Axı o an atam, anam sağ idi. Biz də qardaşımla ərköyünlük edə bilirdik. Bizim də istəyimiz var idi o zaman. Nəyisə tələb edə bilirdik. Nədənsə küsə bilirdik. Bax, beləcə...O anı xatırlayanda düşünürəm ki, biz də insan olmuşuq, bizim də ata, anamız olub.
Fevralın 25-dən 26-na keçən keçən gecə. Yadımdadı, uşaq hafizəmdə bu qalıb ki, axşama doğru atışma şiddətlənirdi. Atam Milli Qəhrəman Allahverdi Bağırovun yaxın dostu idi. Çox yaxın, hətta ailəvi dost idilər. Atam da Allahverdi Bağırovla birgə Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edirdi.
Yadımdadır, həmin gün axşama doğru atam evə gəldi. Bizim narahat olduğumuzu görüb “Xocalı alınmazdır, qorxmayın” deyərək sanki bizə təsəlli verirdi.
O gedəndən yarım saat sonra güllə səsləri daha da güclənməyə başladı. Anamla evdə tək idik. Heç yana gedə bilmədik. Atamı gözləyirdik. Gecə yarısı o, evə qayıtdı. Yaralı idi. Yadımdadır ki, anam atamın yarasını sarımaq istəyəndə atam buna etiraz elədi. Dedi ki, vaxt itirmək olmaz, təcili evdən çıxmaq lazımdır. Evdə çıxmaq üçün hazırlaşırdıq ki, qapımızı güllə dəldi. Tərpənməyə belə imkan vermədilər. Çox sayda erməni evimizə daxil oldu.
Gözümüzün önündə nələr baş vermədi, İlahi! İlk olaraq atamı əsir aldılar. Onu hara apardıqlarından xəbərsiz qaldıq. Yadımda qalan odur ki, o güllə səsləri ilə bərabər atamın qışqırıq səsləri eşidilirdi. Uşaq vaxtı nələr olduğunu anlamırdım. Sonradan məlum oldu ki, atama olmazın əzabını verə-verə öldürüblər.
Hə, sonra ermənilər anamı əsir götürdülər. Onu hara apardıqlarını bilmədik. Sonda isə qardaşımla məni əsir düşərgəsinə apardılar.
Evdən çıxmağa hazırlaşarkən anam qardaşımla məni ədyala bükmüşdü. Ermənilər həmin ədyalı da əlimizdən aldı. Soyuqdan tir-tir əsirdik. İndi anlayıram ki, bəlkə də titrəmə soyuqdan yox, qorxudan imiş!..
İlahi, ermənilərin uşaqlara verdiyi işgəncələr hələ də gözümün önündən getmir. Uşaqlara da elə işgəncə verməkmi olar? Rastlaşdığımız mənzərəni sizə çatdırmağa qadir deyiləm...Yox, inanın, özünüz gözlərinizlə görməsəniz, təsəvvür edə bilməzsiniz o dəhşətləri!!!
Bizə yeməyə elə çörək verirdilər ki, heç onu heyvan belə yeyə bilməzdi.
Bizi o zaman əsirlikdən Allahverdi Bağırov və Nənəxanım adında bir qadın qurtardı.
Sonradan eşitdik ki, Allahverdi Bağırov atamızın öldüyünü bilib, xeyli müddət bizi axtarıb.
Əsirlikdən azad olunduqdan sonra bir müddət Bakıda anamın qohumlarıgildə yaşadıq. Yaşadıqmı? Məktəbə belə gedə bilmədim...
Anamın atası, yəni babam 2 ildən sonra bizi özünün yanına Borçalıya apardı. Düz 2008-ci ilə qədər onun yanında qaldıq.
Sonra xəbər gəldi ki, atamı güllələyiblər, sağ deyil. Amma anam necə oldu, bilmədik. Bu günə qədər də onun haqqında heç nə bilmirik. Onun adı itkinlər siyahısındadır. Qohumlarımız anamı çox axtardılar. Amma “gördüm” deyən olmadı. Babam anamın tapılması üçün bütün var-dövlətini xərclədi. Bir nəticə əldə edə bilmədi. Sadəcə, belə bir məlumat aldıq ki. bir neçə əsiri ermənilər Fransaya göndəriblər.
Borçalıda babamızın yanında yaşadığımız vaxtlar da ata-anamızın sağ olduğunu yəqin edirdik.
Bİr neçə ildən sonra atamın dostu mənə dedi ki, gəl səni atanın qəbrini üstünə aparım. Məndə ona “mənim atam ölməyib, o qayıdacaq”, – dedim. Çünki bizə o vaxt atamla bağlı heç bir söz deyilməmişdi. Atam əslən gürcüstanlı olduğu üçün gətirib orda dəfn etmişdilər.
Yazıq babam, bizə çox yaxşı baxırdı. Hər dəfə bizimlə söhbət edəndə ağlayırdı. İndi düşünürəm ki, elə babamın da, nənəmin də ölümünə bizim dərdimiz bais oldu.
Onlar rəhmətə gedəndən sonra biz Bakıya qayıtdıq. Mən Füzuli bölgəsində hərbi xidmət keçdim. Bütün bu yaşananlardan sonra daha Gürcüstan getməyib, burda qaldım. Bir müddət anamın qohumları ilə birgə yaşadım. Amma artıq bir ilə yaxındır ki, onların yanından ayrılmışam.
Atam tərəfdə çox böyük faciələr olduğuna görə onlardan bizə heç bir maddi və mənəvi dəstək olmayıb. Təsəvvür edin, atamgil 3 qardaş olublar. Bir ilin içində onların 3-ü də vəfat edib. Atamın anası və atası da həmin il dünyalarını dəyişiblər. Bilirsiniz, bunu niyə deyirəm, ata tərəfdən kimsəmizin qalmadığını bilməniz üçün. Ona görə bizə ana qohumlar sahib çıxdılar. Amma sona qədər deyil.
İndi onlardan incimirəm də... Buna nə haqqım var ki...
Biz məcburi köçkünlərə verilən “çörək pulu”nu da ala bilmirik.
Mən 2009-cu ildə burda ailə qurdum. Toy demirəm ha... İki övladım var. Amma maddi çətinlik üzündən hazırda 5 ay olar ki, ailəmdən ayrı yaşayıram.
Hazırda işsizəm, yarı ac, yarı tox ömür sürürəm...”
Samir İbrahimovun acı həyat hekayəti burda bitir. Onun xoş günə haqqı, qayğıya ehtiyacı var. Bu, artıq bizdən asılıdır: cəmiyyət üzvlərinin mərhəmət hissindən, dövlətin öz vətəndaşı qarşısında öhdəliyindən.
Pərvin ARZUQIZI
P.S. Samir və Sabir İbrahimovların adları və hekayəti Modern.az-ın təşəbbüsü olan “Böyüməyən uşaqlar” kitabının yeni nəşrinə əlavə ediləcək.