Son dövrlər ictimai iaşə müəssisələrində təqdim olunan şiş kababların porsiyası ilə bağlı istehlakçılar arasında narazılıqların artdığı müşahidə olunur. Belə ki, müştərilər bildirirlər ki, bir şişdə təqdim olunan ət tikələrinin sayı azalıb, lakin qiymətlərdə artım da davam edir. Restoran və kafelərdə qiymət siyasətində baş verən dəyişikliklər fonunda porsiyaların da kiçilməsi istehlakçıların etirazı ilə qarşılanır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bəzi restoranlarda kabab porsiyalarının kiçildilməsi və qiymətlərin artırılması ilə bağlı istehlakçılardan təxminən üç ildən artıqdır ki, şikayətlər daxil olur. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var.
"Əsas səbəblərdən biri restoran biznesinin sürətlə inkişaf etməsi fonunda bu sahəyə tələbatın kəskin artmasıdır. İnsanların restoranlarda qidalanmağa marağı xeyli yüksəlib. Xüsusilə yay aylarında bölgələrdə aparılan müşahidələr göstərir ki, bəzi ərazilərdə tələb təklifi ciddi şəkildə üstələyir. Mənim müşahidələrimə görə, bu vəziyyət daha çox Quba-Qusar zonasında özünü göstərir. Eyni hal Gəncə bölgəsində də müşahidə olunur. Nisbətən daha balanslı vəziyyət isə cənub bölgəsindədir. Burada tələb təklifi o qədər də üstələmir".
AİB sədri vurğulayıb ki, bazar iqtisadiyyatında tələb təklifi üstələdikdə bəzi sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar:
"Nəticədə istehlakçının aldadılması, xidmət və məhsul keyfiyyətinin aşağı düşməsi, qiymətlərin isə yüksəlməsi halları meydana çıxır.
Digər mühüm səbəb isə restoranlar da daxil olmaqla biznes subyektləri üçün formalaşmış nəzarət mexanizmlərinin yetərincə effektiv olmamasıdır. Nəzarət və yoxlama aparan qurumların imkanlarının məhdud olması bəzi obyektlər tərəfindən sui-istifadə hallarına şərait yaradır. Bu da istehlakçı hüquqlarının pozulmasına səbəb olur".
O eyni zamanda əlavə edib ki, əslində, menyuda kababın çəkisi, hansı ətdən hazırlandığı və qiyməti aydın şəkildə göstərilməlidir:
"Lakin qanunvericiliyin bəzi hallarda yetərincə işlək olmaması, istehlakçı hüquqlarının tam qorunmaması, eləcə də qiymətlərə nəzarətin zəifliyi müəyyən problemlər yaradır. Qiymətlərin sərbəst olması bəzi restoranların bu vəziyyətdən öz maraqları naminə istifadə etməsinə gətirib çıxarır.
Xüsusilə turistlərin daha çox üz tutduğu məkanlarda belə hallara rast gəlinir. Bəzi sahibkarlar düşünürlər ki, turist həmin məkana yalnız bir dəfə gələcək və buna görə də ona istənilən qiyməti tətbiq etmək mümkündür".
E.Hüseynov onu da diqqətə çatdırıb ki, bəzi istirahət məkanlarında və turizm obyektlərində bir çaynik çayın həddindən artıq yüksək qiymətə təklif edilməsi ilə bağlı faktlar da mütəmadi olaraq gündəmə gəlir.
Bu cür hallar Azərbaycanın turizm imicinə də mənfi təsir göstərir. Problemin həlli üçün ictimai nəzarət gücləndirilməli, istehlakçı hüquqları daha etibarlı şəkildə qorunmalı, biznes etikası yüksəldilməli və sahibkarların məsuliyyəti artırılmalıdır.
Azərbaycanın tanınmış kulinariya tarixçisi, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, bahalaşma şəraitində ya məhsulun qiyməti yüksəlməli, ya da çəkisi azaldılmalıdır.

“Çörəkdə olduğu kimi, ya qiymət artmalıdır, ya da çəki azalmalıdır. Əks halda keyfiyyətsiz, daha ucuz ət növlərindən və ya ət əvəzedicilərindən istifadə olunmalıdır. Başqa yolu yoxdur”.
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli isə deyib ki, xammalın qiyməti artdığı halda restoranlar satış qiymətlərini yüksəltmək istəmirlərsə, porsiyanın çəkisinin azaldılması qaçılmaz olur.
“Əgər xammal bahalaşırsa və restoran qiymətləri artırmaq istəmirsə, məntiq göstərir ki, bu halda çəki azalmalıdır. Bu, normal haldır. Ya qiymət qalxmalıdır, ya da çəki azalmalıdır”, - deyə F.Aşurbəyli vurğulayıb.