Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, onlardan biri general-mayor ali hərbi rütbəsi verilən Ruslan Ağasiyev Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. O,1976-cı ildə Qusar rayonunda anadan olub.

1997-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
2016-cı ilin Aprel döyüşlərində N saylı briqadanın komandiri olub. 44 günlük Vətən müharibəsində isə Birinci Ordu Korpusun qərargah rəisi kimi döyüşlərdə böyük qəhrəmanlıq və igidlik göstərib. Daha sonra “Qisas”, 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda həyata keçirilən antiterror əməliyyatlarında korpusun qərargah rəisi kimi iştirak edib.
Ruslan Ağasiyev xüsusi ilə 2016-cı ilin Aprel döyüşlərində düşmənin müdafiə səddinin yarılmasında, yüksəkliklərin azad olunmasında mühüm rol oynayıb. Sonrakı dövrdə Ağdərənin Talış kəndi istiqamətindəki postlardan birinə onun adı verilibmiş.
Hazırda İkinci Ordu Korpusunun qərargah rəisidir.

General-mayor ali hərbi rütbəsi alan Gülməmməd Rzayev isə əslən Şabran rayonundandır. O, da Vətən müharibəsinin iştirakçısıdır. Həmin dövrdə artilleriya briqadasının komandiri olub.
Hazırda Quru Qoşunlarında artilleriya rəisi vəzifədə xidmət edir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir. (Ölke.az)