Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu dövlətlərlə münasibətlərdə dostluq və mehriban qonşuluq prinsipinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib. Rəsmi Bakı bu xətti təkcə bəyanatlarda deyil, praktik addımlarında da göstərib. Buna baxmayaraq, müxtəlif dövrlərdə həm şimal, həm də cənub qonşularımızdan Azərbaycana münasibətdə adekvat olmayan yanaşmaların da şahidi olmuşuq. Xüsusilə İranla münasibətlərdə zaman-zaman ziddiyyətli məqamlar ortaya çıxıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Həmrəylik Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, İranla normal qonşuluq və dostluq münasibətlərinin formalaşmasında həmişə maraqlı olub:
"Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin formalaşmasında maraqlı olduğunu ifadə edib. Təkcə sözdə deyil, əməldə də biz bu mövqeyi mütəmadi olaraq sərgiləmişik. Amma təəssüflər olsun ki, bizə yönəlik münasibətdə adekvat olmayan mövqelərə şahidlik etmişik".
Deputat qeyd edib ki, Azərbaycanın əraziləri 30 ilə yaxın işğal altında qaldığı dövrdə də bəzi qonşu dövlətlərin, o cümlədən İranın mövqeyi hər zaman Bakının gözləntilərinə uyğun olmayıb. Onun sözlərinə görə, işğalçı ilə münasibətlər və Azərbaycana yönəlik siyasət baxımından xoş olmayan yanaşmalar müşahidə edilsə də, rəsmi Bakı bütün hallarda münasibətlərin normallaşmasında maraqlı olduğunu açıq şəkildə ortaya qoyub.
Azərbaycan son hadisələrdə də dost mövqeyini nümayiş etdirdi
Arzuxan Əlizadənin sözlərinə görə, İran ətrafında baş verən son hadisələr fonunda Azərbaycan yenə də öz prinsipial xəttinə sadiq qaldığını göstərdi. O bildirib ki, Bakı həm humanitar yardım məsələsində, həm də öz ərazisinin İrana qarşı üçüncü dövlətlər tərəfindən istifadə olunmasına imkan verməyəcəyi ilə bağlı mövqeyində dost və qonşuluq münasibətlərinə sadiq qaldığını nümayiş etdirdi:
"İran ətrafında baş verən son hadisələrdə də Azərbaycan atdığı addımlarla bir daha mövqeyinə sadiq olduğunu sübut etmiş oldu. Biz istər humanitar yardımlar edilməsi baxımından, istər Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətlərin istifadə etməsinə imkan verməyəcəyik mövqeyimizlə elə bir mövqe sərgilədik ki, artıq İran rəsmiləri də bunu etiraf etdilər".
Deputat xatırladıb ki, İran Prezidenti Məsud Pezeşkian və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müharibə dövründə hansı dövlətin dost, hansının düşmən olduğunu gördüklərini bəyan edərək Azərbaycanı dost ölkə adlandırıblar. Onun fikrincə, bu açıqlamalar Azərbaycanın kritik məqamda İrana münasibətdə sərgilədiyi həqiqi dost və qonşuluq mövqeyinin təsdiqidir.

İran daxilində Azərbaycana qarşı fərqli mövqedə olanlar hələ də az deyil
Bununla belə, Arzuxan Əlizadə hesab edir ki, İran daxilində Azərbaycana münasibətdə vahid və tam səmimi xəttin formalaşdığını söyləmək hələ tezdir. O bildirib ki, İranda, xüsusilə də müəyyən siyasi və hərbi dairələrdə Azərbaycana qarşı fərqli yanaşma nümayiş etdirən qüvvələr qalmaqdadır:
"Təəssüflər olsun ki, İran daxilində hələ də Azərbaycana qarşı fərqli mövqedə olanlar az deyil. İran rəsmilərindən əslində söhbət gedir və o rəsmilərdən ki, xüsusilə də SEPAH bu məsələdə xüsusi rol oynayır. Təəssüflər olsun ki, onların Azərbaycana yönəlik münasibətində sona qədər səmimi olduqlarını demək çətindir".
Deputatın fikrincə, İran prezidenti, parlament sədri və xarici işlər nazirinin son dövrdə Azərbaycana münasibətdə verdiyi mesajlar ümid yaradır ki, Tehranda Bakı ilə bağlı daha sağlam və adekvat yanaşma güclənə bilər. O hesab edir ki, rəsmi şəxslərin mövqeyi İran daxilində Azərbaycana dost olmayan çevrələrin də öz yanaşmalarını korrektə etməsinə təsir göstərə bilər.
Adekvat münasibət olarsa, ortaq layihələr də uğurla həyata keçər
Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycan İranla normal qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasında maraqlıdır. Onun sözlərinə görə, qarşı tərəfin də adekvat mövqe sərgiləməsi vacibdir. Yalnız bu halda iki ölkə arasında planlaşdırılan birgə layihələrin uğurla həyata keçirilməsi və münasibətlərin sağlam əsaslar üzərində qurulması mümkün olacaq:
"Biz İranla normal qonşuluq, dostluq münasibətlərinin formalaşmasında maraqlıyıq və qarşı tərəf də hesab edirik ki, adekvat mövqe sərgiləməlidir. Belə olacağı təqdirdə ortaq layihələrimiz də baş tutacaq, qonşuluq və əməkdaşlıq münasibətlərimiz də daimi olacaq və sağlam nüvə üzərində qurulmuş olacaq".
Deputat qeyd edib ki, bu layihələr sırasında Ağbənd-Kəlalə körpüsünün tikintisi, Araz dəhlizi boyunca tranzit qovşağının formalaşdırılması və digər birgə təşəbbüslər xüsusi yer tutur. Onun fikrincə, bu layihələrin həyata keçirilməsi dövlətlərarası münasibətlərə də müsbət təsir göstərəcək.
Bütün region üçün vacibdir
Arzuxan Əlizadə sonda bildirib ki, Azərbaycan-İran münasibətlərinin sağlam məcrada inkişafı yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, regionda dayanıqlı sülhə və sabitliyə nail olunması üçün region dövlətləri arasında normal münasibətlərin formalaşması həlledici amillərdən biridir:
"Ümid edirik ki, gələcəkdə İranın ayrı-ayrı yetkililəri tərəfindən Azərbaycana yönəlik sərgilənmiş dost olmayan münasibətdə korrektələr ediləcək və Azərbaycan dövlətinin yürütdüyü siyasətə adekvat münasibət görəcəyik. Bu həm İran dövlətinin özü üçün, həm Azərbaycan üçün, həm də bütövlükdə region üçün olduqca əhəmiyyətlidir".