Azərbaycan artıq İslam dünyasında söz sahibi olan ölkələrdən birinə çevrilib. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyin ölkəmizə həvalə olunması da məhz Bakının illərdir apardığı ardıcıl siyasətin, qazandığı beynəlxalq nüfuzun və müsəlman ölkələri ilə münasibətlərdə etibarlı tərəfdaş kimi formalaşmasının nəticəsi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında mövqeyi təkcə siyasi iştirakla məhdudlaşmır, bu, həm də ölkəmizin İslam dünyasının maraqlarını müdafiə edən, həmrəyliyi təşviq edən və ədalətli mövqeyi ilə seçilən dövlət kimi qəbul olunmasının göstəricisidir:
"Azərbaycan bu gün artıq bütün İslam dünyasında söz sahibi olan dövlətlərdəndir. İslam Əməkdaşlıq Təşkilatına 2027-ci ildə sədrliyin ölkəmizə həvalə olunması da təsadüfi deyil. Bu, Azərbaycanın illər boyu apardığı ardıcıl siyasətin, qazandığı beynəlxalq nüfuzun və İslam dünyasının maraqlarını müdafiə edən etibarlı tərəfdaş kimi formalaşmasının nəticəsidir".
Deputat qeyd edib ki, Azərbaycan uzun illər ərzində İƏT platformasında həm öz ərazi bütövlüyünün müdafiəsinə nail olub, həm də işğal dövründə Qarabağda dağıdılan dini-mədəni irsin İslam dünyasının diqqətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onun sözlərinə görə, bu gün Azərbaycan artıq haqqını sübut etməyə çalışan deyil, haqqını bərpa etmiş və regionda yeni reallıqlar yaradan dövlətdir:
"Uzun illər ərzində Azərbaycan İƏT platformasında öz ərazi bütövlüyünün müdafiəsinə nail olmaqla yanaşı, işğal dövründə Qarabağda məhv edilən məscidlərin, təhqir olunan dini abidələrin və islam irsinə qarşı törədilən vandalizmin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Bu gün isə vəziyyət dəyişib. Azərbaycan artıq haqqını sübut etməyə çalışan ölkə deyil, haqqını bərpa etmiş və yeni reallıqlar yaradan dövlətdir".
“İslamofobiya qlobal təhlükə kimi gündəmə gətirilməlidir”
Elnarə Akimovanın fikrincə, 2027-ci ildə İƏT-ə sədrliyi dövründə Azərbaycanın əsas missiyalarından biri İslam dünyasını birləşdirən məsələləri daha güclü şəkildə gündəmə gətirmək olmalıdır. Deputat hesab edir ki, xüsusilə islamofobiya ilə mübarizə artıq qlobal səviyyədə prioritet istiqamətə çevrilməlidir:
"Son illər bir sıra ölkələrdə Qurani-Kərimin təhqir olunması, müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması göstərir ki, islamofobiya artıq təkcə dini məsələ deyil, insan hüquqları və beynəlxalq təhlükəsizlik problemidir. Azərbaycan bu mövzuda İƏT çərçivəsində daha təsirli mexanizmlərin yaradılmasının təşəbbüskarı ola bilər".
Deputat vurğulayıb ki, islamofobiyanın yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq hüquqi və institusional mexanizmlərlə gündəmdə saxlanılması vacibdir. Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə həm siyasi, həm də mənəvi legitimliyi var.
Qarabağ həqiqətləri İslam dünyasının ortaq yaddaşına çevrilməlidir
Elnarə Akimova bildirib ki, Azərbaycanın sədrliyi dövründə önə çıxarmalı olduğu əsas mövzulardan biri də Qarabağda işğal dövründə dağıdılmış dini və mədəni irsin sənədləşdirilməsi və beynəlxalq auditoriyaya sistemli şəkildə təqdim olunmasıdır. O qeyd edib ki, Qarabağda baş verənlər təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə İslam mədəniyyətinə qarşı yönəlmiş vandalizm idi:
"İşğal dövründə dağıdılmış məscidlərin, məhv edilmiş qəbiristanlıqların, təhqir olunmuş dini və mədəni irsin sənədləşdirilməsi və beynəlxalq auditoriyaya təqdim olunması davamlı prosesə çevrilməlidir. Çünki Qarabağda baş verənlər təkcə Azərbaycanın deyil, bütün İslam mədəniyyətinin irsinə qarşı törədilmiş cinayətlər idi".

Deputatın sözlərinə görə, Qarabağ həqiqətlərinin İslam dünyasının ortaq yaddaşına çevrilməsi həm Azərbaycanın haqq işinin daha geniş miqyasda tanıdılması, həm də mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
“İslam həmrəyliyi yeni məzmun qazanmalıdır”
Millət vəkili hesab edir ki, Azərbaycan İslam həmrəyliyi ideyasını da yeni məzmunla zənginləşdirə bilər. Onun fikrincə, bu həmrəylik yalnız siyasi platformalarda səslənən bəyanatlarla məhdudlaşmamalı, elm, təhsil, texnologiya, gənclər siyasəti və humanitar əməkdaşlıq vasitəsilə daha praktik müstəviyə keçməlidir:
"Azərbaycan həmçinin İslam həmrəyliyi ideyasını yeni məzmunla zənginləşdirə bilər. Bu həmrəylik yalnız siyasi bəyanatlarla deyil, elm, təhsil, texnologiya, gənclər siyasəti və humanitar əməkdaşlıq vasitəsilə möhkəmləndirilməlidir. Bakı artıq bir neçə dəfə göstərib ki, fərqli mədəniyyətlər və dinlər arasında dialoq üçün ən etibarlı məkanlardan biridir. Bu təcrübə İƏT məkanında daha geniş tətbiq oluna bilər".
Elnarə Akimova vurğulayıb ki, Azərbaycanın İƏT-ə sədrliyi təkcə diplomatik status deyil, həm də daha böyük məsuliyyətdir. Onun sözlərinə görə, Qarabağ Zəfərindən sonra Azərbaycanın qarşısında duran vəzifə yalnız milli maraqları müdafiə etmək deyil, eyni zamanda İslam dünyasının birlik, həmrəylik və inkişaf gündəminin aparıcı qüvvələrindən birinə çevrilməkdir:
"Bu gün Azərbaycanın qarşısında duran vəzifə yalnız milli maraqları müdafiə etmək deyil. Qarabağ Zəfərindən sonra ölkəmiz daha böyük məsuliyyət daşıyır. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Azərbaycan həm haqq səsini dünyaya daha güclü çatdırmalı, həm də İslam aləminin birlik, həmrəylik və inkişaf gündəminin əsas aparıcı qüvvələrindən birinə çevrilməlidir. Çünki güclü Azərbaycan təkcə öz uğuru deyil, həm də İslam dünyasının birliyinə verilən mühüm töhfədir".