Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə Minskdə görüşdüyünü bildirib.
Modern.az xəbər verir ki, məlumatı Belarusun dövlət xəbər agentliyi BЕЛТА yayıb.
Belarus lideri bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ilə görüşü zamanı danışıb.
Lukaşenko iddia edib ki, o, Ukrayna tərəfinin nümayəndələrinə açıq şəkildə belə deyib:
“Uşaqlar, bunu Prezidentinizə çatdırın: əgər o düşünürsə ki, bizimlə hədələyici tonda danışmaq və bizi də müharibəyə cəlb etmək olar, o zaman başa düşməlidir ki, müharibənin xarakteri dərhal dəyişəcək. Bu, tamamilə başqa bir müharibə olacaq”.
Belarus lideri bildirib ki, Minsk bu sözlərə cavab alıb.
“Prezident də, onlar da bunu anlayırlar. Buna görə də, uşaqlar, gəlin razılaşaq”, – deyə Lukaşenko vurğulayıb.
Xatırladaq ki, Volodimir Zelenski iyunun 19-da Belarusun Ukrayna ilə həmsərhəd ərazilərdə yerləşdirilmiş Rusiyanın dron hücumlarını yönləndirən retranslyatorların yığışdırılması üçün Lukaşenkoya bir həftə vaxt vermişdi.
İyunun 24-də məlum olub ki, Belarusdakı həmin qurğuların işi dayandırılıb.