Modern.az

AŞPA-nın qətnamələri növbəti uğursuz siyasi manipulyasiyadır - AÇIQLAMA

AŞPA-nın qətnamələri növbəti uğursuz siyasi manipulyasiyadır - AÇIQLAMA

Ölkə

Bu gün, 16:24

"İllər və reallıqlar dəyişsə də, Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz köhnə tərzi və yanaşmasından əl çəkmir. Bu institut öz daxili böhranlarını, içərisində boğulduğu ciddi problemləri həll etməyə güc və vaxt ayırmaqdansa, enerjisini yenə də Azərbaycana qarşı qərəzli mövqe tutan şəxslərin subyektiv fikirlərinə xərcləyir. Nəticədə isə ortaya reallıqla heç bir əlaqəsi olmayan, hüquqi əsaslardan uzaq sənədlər çıxır. Təşkilatın iyunun 24-də Azərbaycana dair qəbul etdiyi son qətnamə də bu çoxillik qərəzli xəttin növbəti açıq təzahürüdür. Kağız üzərində insan hüquqları, ifadə azadlığı və vətəndaş cəmiyyətinin mövcud vəziyyətinə həsr olunduğu iddia edilən bu sənəd, əslində, Azərbaycana qarşı uzun müddətdir formalaşdırılmış məqsədli siyasi kampaniyanın davamıdır. Qətnamənin mətni, onun ətrafında aparılan müzakirələrin gedişatı və son illərdə qəbul edilən analoji qərarlar bir daha təsdiqləyir ki, burada obyektiv hüquqi qiymətləndirmədən deyil, sırf siyasi sifariş və qərəzdən söhbət gedir".

Bunu Modern.az-a açıqlamasında deputat Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

O bildirib ki, sənəddə Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hökuməti tənqid edən şəxslərin guya təzyiqlərlə üzləşdiyi, ifadə azadlığının məhdudlaşdırıldığı və "siyasi məhbus" probleminin mövcudluğu barədə iddialar yer alır.

"Lakin ən qabarıq qüsur ondan ibarətdir ki, AŞPA bu həssas məsələlərə yalnız bir tərəfin Azərbaycana qarşı sərt və barışmaz mövqeyi ilə tanınan bəzi qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasi qrupların və deputatların prizmasından yanaşıb. Sənədin hazırlanması prosesində rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin irəli sürdüyü əsaslı hüquqi arqumentlər və ölkənin qanunvericilik çərçivəsi tamamilə görməzdən gəlinib. Bu birtərəflilik isə qəbul edilən qətnamənin balanslı hesabat deyil, qabaqcadan hazırlanmış qərəzli bir ssenari olduğu qənaətini tamamilə qətiləşdirir".



Deputat diqqətə çatdırıb ki, bu qənaəti şərtləndirən və dərinləşdirən əsas məqamlardan biri də son illər Azərbaycanla bağlı hazırlanan sənədlərin müəllifləri və təşəbbüskarları ətrafında formalaşan mənzərədir. Diqqət yetirdikdə bəlli olur ki, eyni siyasi dairələr, eyni deputatlar və eyni məruzəçilər mütəmadi olaraq Azərbaycanla bağlı oxşar məzmunlu, şablon ittihamlarla dolu qətnamələrin hazırlanmasında iştirak edirlər.

"Bu koordinasiyalı fəaliyyət baş verənlərin təsadüfi deyil, planlı və ardıcıl bir siyasi xətt olduğunu açıq şəkildə formalaşdırır. Bu baxımdan, AŞPA daxilində ölkəmizə münasibətdə artıq hüquqi qiymətləndirmədən daha çox, əvvəlcədən idarə olunan siyasi yanaşmanın hökm sürdüyü şübhəsizdir. Qətnamənin sessiya zamanı keçirilən müzakirələri, iradlar qarşısında nümayiş etdirilən dözümsüzlük və gedişat zamanı baş verənlər də sənədin hansı qeyri-obyektiv və qərəzli mühitdə qəbul olunduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyi ilə tanınan almaniyalı deputat Frank Şvabe çıxışı zamanı yalnız Azərbaycanı tənqid etməklə kifayətlənmədi. O, eyni zamanda ölkəmizin ədalətli mövqeyini müdafiə edən və obyektivliyi qorumağa çalışan digər deputatlara qarşı da son dərəcə aqressiv, hücumameyilli və sərt ritorikadan istifadə etməkdən çəkinmədi. Bu davranış AŞPA daxilində fərqli mövqelərə, alternativ fikirlərə münasibətin hansı acınacaqlı səviyyədə formalaşdığını göstərən mühüm və rüsvayçı bir nümunədir" - o bildirib.

K.Bayramov əlavə edib ki, Qətnamənin əsas məzmununu təşkil edən hissə jurnalistlər, bloqerlər və bəzi vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı davam edən cinayət işlərinə həsr olunub. Lakin burada AŞPA-nın mütəmadi olaraq manipulyasiya etdiyi çox mühüm bir hüquqi məqam qəsdən diqqətdən kənarda saxlanılır.

"Adı çəkilən şəxslər jurnalist olduqları, mediada çalışdıqları və ya hökuməti tənqid etdikləri üçün deyil, milli qanunvericiliyin konkret maddələrinin pozulması (məsələn, qanunsuz valyuta qaçaqmalçılığı, maliyyə fırıldaqçılığı və s.) ilə bağlı hüquqi əsaslar və konkret ittihamlar çərçivəsində istintaqa cəlb ediliblər. Hüquqi dövlət və qanunun aliliyi prinsipi baxımından heç bir peşə sahibi, o cümlədən media mənsubları qanun qarşısında imtiyazlı və ya toxunulmaz deyil. Jurnalist vəsiqəsinə sahib olmaq heç bir halda cinayət məsuliyyətindən azad olmaq sığortası mənasına gələ bilməz. Əgər ortada konkret qanun pozuntusu və buna dair təkzibedilməz dəlillər mövcuddursa, həmin iş yalnız və yalnız müstəqil məhkəmə-hüquq müstəvisində araşdırılmalıdır. AŞPA isə bu fundamental hüquqi fərqi bilərəkdən nəzərə almadan məsələyə sırf özünə lazım olan və rəsmi Bakıya təzyiq edə biləcəyi siyasi prizmadan yanaşır. Bu yanaşma isə hüquqi qiymətləndirmə ilə siyasi manipulyasiya arasındakı sərhədi tamamilə itirir və sənədin etibarlılığını sıfıra endirir".

K.Bayramovun sözlərinə görə, Avropanın özü artıq əvvəlki Avropa deyil. AŞPA başda olmaqla, qərb təsisatları atdıqları bu cür qərəzli addımlarla ilk növbədə öz reputasiyalarını şübhə altına qoyur, Avropa təşkilatlarının gələcək nüfuzuna və cəlbediciliyinə sarsıdıcı zərbə vururlar.

"Bu səbəbdən, iyunun 24-də qəbul edilən növbəti sənədin Azərbaycan dövləti və xalqı üçün heç bir hüquqi, siyasi və ya mənəvi əhəmiyyəti yoxdur. Rəsmi Bakı bu instituta qarşı öz prinsipial münasibətini çoxdan ortaya qoyub və oradakı fəaliyyətini dayandırıb. Təəssüf doğuran reallıq odur ki, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa İnsan Hüquqları Məhkəməsi öz qlobal çəkisini və real təsir imkanlarını itirdikcə, yaranmış bu dərin institusional böhrandan çıxış yolunu anti-Azərbaycan, azərbaycanofob, türkofob və islamofob məzmunlu qətnamələr qəbul etməkdə görürlər.

Bütün bunların məntiqi nəticəsi olaraq, bir vaxtlar dialoq platforması kimi təqdim edilən bu beynəlxalq təşkilatın həm siyasi çəkisi, həm təsir gücü, həm də mənəvi legitimliyi artıq iflasa uğrayıb. Reallıqla ayaqlaşa bilməyən, hüquqi deyil, siyasi qisasçılıqla məşğul olan bir institutun qəbul etdiyi növbəti kağız parçası müstəqil, güclü və öz milli maraqları çərçivəsində qətiyyətlə irəliləyən Azərbaycanın siyasi iradəsinə və gələcək addımlarına heç bir halda təsir göstərə bilməz"- sonda o qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!