Modern.az

3 bələdiyyə sədri AKP-yə qoşuldu

3 bələdiyyə sədri AKP-yə qoşuldu

Dünya

Bu gün, 18:00

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Vilayət Sədrləri Toplantısında çıxış edib.

Modern.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında AKP təşkilati gücündən, partiyaya qoşulan yeni üzvlərdən və siyasətdə populist yanaşmalardan danışıb.

Ərdoğan bildirib ki, AKP 11 milyon 500 mindən çox üzvü ilə təkcə Türkiyənin deyil, dünyanın ən böyük siyasi hərəkatlarından biridir.

“Bizim təsəvvürümüzdə üzvlük sadəcə qeydiyyat proseduru deyil. AKP-də üzv olmaq xalqa xidmət mübarizəsinə qoşulmaq, bu yolda hər cür fədakarlığa hazır olmaq deməkdir. Biz yalnız siyasi partiya deyil, həm də bir dava hərəkatıyıq. Eyni ideallara inanan, eyni gələcəyə doğru irəliləyən könül hərəkatıyıq”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, partiyaya maraq bütün səviyyələrdə artır və ölkəsinə, şəhərinə xidmət etmək istəyən insanlar AKP-nin sıralarına qoşulmağa üstünlük verirlər.

“Bazar ertəsi bir rayon bələdiyyə sədrini, dünən isə bir millət vəkilini sıralarımıza qatdıq. Bu gün də yeni bələdiyyə sədrlərini ailəmizə qəbul edəcəyik. Bundan sonra da ölkəsi və milləti üçün faydalı iş görmək istəyənləri partiyamızın sıralarında görməyə davam edəcəyik”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri çıxışında sosial medianın siyasətə təsirindən də danışıb. Onun sözlərinə görə, son illər “interaksiya ovçuluğu” adlandırılan meyl həm cəmiyyətdə, həm dövlət qurumlarında, həm də yerli idarəetmələrdə geniş yayılıb.

“Sosial medianın təsiri ilə görünmək, gündəmə gəlmək və müzakirə olunmaq istəyi bir çox hallarda bütün dəyərlərin önünə keçir. Təəssüf ki, bəzi siyasətçilər də bu tələyə düşür. Təəssüflə qeyd etməliyəm ki, öz sıralarımızda da bu yanlış axına qapılanlar var”, – deyə o qeyd edib.

Ərdoğan partiya üzvlərini daha məsuliyyətli davranmağa çağırıb.

“Vətəndaşın qəlbini qıran, kiçik sahibkarlara kobud davranan, icraat yox, şou dalınca qaçan yanaşma bəlkə də müxalifətin siyasət üslubu ola bilər. Lakin bizim bunu qəbul etməyimiz mümkün deyil”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!