Modern.az

Gənc yaşda general rütbəsi aldılar - FOTO

Gənc yaşda general rütbəsi aldılar - FOTO

Ölkə

Bu gün, 15:15

General rütbəsi hərbçi və ya xüsusi rütbəli dövlət qulluqçusu üçün ən yüksək pillələrindən biri hesab olunur. Adətən bu ali rütbəyə uzun illər xidmət, döyüş yolu və rəhbərlik təcrübəsindən sonra yüksəlmək mümkün olur. Lakin hərb tariximizdə gənc yaşlarında seçilərək general rütbəsinə layiq görülən şəxslər də var.

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Modern.az Azərbaycanın ən gənc generallarını təqdim edir.

34 yaşında general-mayor olan gömrükçü – Fuad Məmmədov

Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov Azərbaycanda general-mayor ali xüsusi rütbəsi alan ən gənc şəxslərdən biridir.

1992-ci il təvəllüdlü Fuad Məmmədov Bakı Dövlət Universitetində gömrük işi üzrə bakalavr və magistr təhsili alıb, daha sonra dünya iqtisadiyyatı üzrə doktoranturanı başa vurub. Hərbi xidmətdən sonra 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayıb və qısa müddətdə sürətlə yüksələrək inspektordan idarə rəisinə qədər müxtəlif vəzifələrdə çalışıb.

O, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyib, eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edib. 2024-cü ildə Belçikada Ümumdünya Gömrük Təşkilatında gömrük attaşesi təyin olunan Fuad Məmmədov 2025-ci ilin martında Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il yanvarın 29-da ona general-mayor ali xüsusi rütbəsi verilib. Həmin vaxt onun 34 yaşı var idi.

Vətən Müharibəsi Qəhrəmanı və 35 yaşında general olan Babək Ələkbərov

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin komandanı Babək Ələkbərov da Azərbaycanın ən gənc generalları sırasında yer alır.

1987-ci ildə anadan olan Babək Ələkbərov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Akademiyanın Sərhəd qoşunları fakültəsini bitirib. Xidmətə leytenant kimi başlayan zabit 44 günlük Vətən müharibəsində Arazboyu istiqamətində keçirilən əməliyyatlarda xüsusi fərqlənib.

Məhz Babək Ələkbərov Xudafərin körpüsünün azad edilməsi barədə məruzəni Ali Baş Komandana edən zabit olub. Göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən Ələkbərova 2023-cü il avqustun 17-də general-mayor hərbi rütbəsi verilib. O zaman 35 yaşında idi.

Müstəqil Azərbaycanın 34 yaşlı generalı – Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də general-mayor rütbəsini çox gənc yaşda alan hərbçilərdəndir.

1967-ci il təvəllüdlü Elçin Quliyev 2001-ci ilin martında milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı təyin olunub. Cəmi dörd ay sonra – 2001-ci il avqustun 15-də Prezidentin fərmanı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.

Həmin vaxt onun 34 yaşı var idi. Bir il sonra isə yeni yaradılan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Sovet ordusunda 34 yaşlı azərbaycanlı general – Həzi Aslanov

Azərbaycan hərb tarixində gənc yaşda general rütbəsinə yüksələn ilk şəxslərdən biri də İkinci Dünya müharibəsinin əfsanəvi sərkərdəsi Həzi Aslanov olub.

1910-cu ildə anadan olan Həzi Aslanov 1931-ci ildən hərbi xidmətə başlayıb və qısa müddətdə peşəkar tank komandirlərindən birinə çevrilib. Almaniyaya qarşı döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlığa görə 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilib.

Həzi Aslanov da bu ali rütbəyə yüksələndə cəmi 34 yaşında idi. O, bu gün də Sovet dövründə Azərbaycandan çıxmış ən gənc generallardan biri hesab olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada