Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı həyata keçirilən layihənin cari vəziyyətini açıqlayıb.
Departamentdən Modern.az-a verilən məlumata görə, artıq 8 ilə yaxındır davam edən və ilkin olaraq Nərimanov rayonunda start götürən layihə mərhələli şəkildə genişləndirilib. Hazırda Bakının 10 rayonu aktiv şəkildə bu prosesə qoşulub.
Layihə çərçivəsində paytaxt küçələrində xüsusi meydançalar yaradılıb və iki fərqli rəngdə – narıncı və yaşıl konteynerlər quraşdırılıb. Qurum rənglərin təyinatını sakinlərə növbəti dəfə xatırladıb:
"Buradakı narıncı konteynerlər yalnız çeşidlənmiş (kağız, karton, plastik, şüşə, metal) tullantılar üçündür. Digər yaşıl konteynerlər isə ümumi və qida tullantıları üçün nəzərdə tutulub".
Məlumata görə, dövlət tərəfindən ayrılan vəsait hesabına şəhərə 156 ədəd müasir, xüsusi təyinatlı avtomobil gətirilib. Qrafikə uyğun olaraq, ümumi və çeşidlənmiş zibillər bir-birinə qarışdırılmadan tamamilə fərqli maşınlarla Balaxanıdakı Tullantıların Çeşidlənməsi Zavoduna daşınır. Orada tullantıların bir hissəsi təkrar emala yönəldilir, digər hissəsi isə yandırılaraq elektrik enerjisinə çevrilir. Bəzi neqativ hallar hələ də qalmaqdadır. Vətəndaşlar zibili düzgün konteynerə atmır və ya kisələri qutuların kənarına qoyaraq kommunal işçilərinin fəaliyyətini çətinləşdirirlər. Qurum bu problemi cərimələrlə deyil, maarifləndirmə yolu ilə həll etmək niyyətindədir:
"Hazırda hər bir məntəqəyə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi işçiləri təhkim olunub. Onlar gün ərzində ərazini təmizləyir və zibil atmağa gələn sakinləri təlimatlandırırlar. Həmçinin yay mövsümü ilə əlaqədar meyvə-tərəvəz qalıqlarının qoxu və infeksiya yaratmaması üçün meydançalar mütəmadi yuyulur və dezinfeksiya edilir".
Departament beynəlxalq təcrübəyə də diqqət çəkib. Almaniya, İsveç, Niderland və Finlandiya kimi ölkələrdə sistemin daha mürəkkəb olduğu vurğulanıb. Məsələn, Finlandiyada evlərdə zibillər 5 fərqli kateqoriyaya bölünür və küçələrdə 5 rəngdə qutular qoyulur. Bu da həm təkrar emaldan gələn gəliri artırır, həm də iş prosesini asanlaşdırır.