Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını ələ keçirən kiberdələduz siyasətçinin adından istifadə edərək onun telefon kontaktında olan müxtəlif şəxslərə mesaj yazaraq pul istəyib.
Ötən gün baş verən bu hadisə zamanı kiberfırıldaqçının toruna düşənlər də olub, mesajdan şübhələnib ona cavab verməyənlər də.
İqbal Ağazadənin adından istifadə edən naməlum şəxsin pul istədiyi adamlar arasında Ümid Partiyasının üzvləri ilə yanaşı, tanınmış jurnalistlər də olub.
Artıq xəbər verildiyi kimi LAF TV internet televiziya kanalının rəhbəri Ləman Ələşrəfqızı bu hadisədə zərərçəkənlərdən biridir. İqbal Ağazadənin adı ilə onunla əlaqə saxlanılıb və bu yolla aldadılaraq 600 manat pul vəsaiti mənimsənilib.
Modern.az Ümid Partiyasının sədri İqbal Ağazadə ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında İqbal Ağazadə bildirib ki, o heç vaxt Teleqram platformasını işlətməyib:
"Mən heç vaxt Teleqram işlətməmişəm. İndi də Teleqramı mən işlətmirdim. İstər Instagram, istər Facebook, istərsə də TikTok, bu paltormalardakı hesablarımı adminlər işlədir. Onlar da lazımi mühafizəni bu sosial şəbəkə seqmentlərinin verdiyi imkanlar çərçivəsində həyata keçiriblər. Nə olacaq, olacaq, neyləyə bilərik. Artıq polis tərəfindən də araşdırma aparılır. Bir nəticə olanda yəqin ki, ictimaiyyətə məlumat verəcəklər".