Modern.az

Şıxov çimərliyinə çirkab su axıdılır? - RƏSMİ CAVAB

Şıxov çimərliyinə çirkab su axıdılır? - RƏSMİ CAVAB

Ölkə

Bu gün, 16:22

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Şıxov Çimərliyi ilə bağlı paylaşılan görüntülərlə bağlı məlumat yayıb.

Qurumdan Modern.az-a verilən məlumatda deyilir:

"Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılmaqdadır. Qeyd edək ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılmış, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən operativ araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi.

Həmin araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalmasını təmin etmək məqsədilə müvafiq işlər aparılır.

Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür.

Araşdırmanın nəticələrinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilmişdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ictimaiyyəti yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırır".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV