Modern.az

Nazim Hikmətin Bakıya gəlişi azərbaycanlı tələbəni necə ziyana salıb…

Nazim Hikmətin Bakıya gəlişi azərbaycanlı tələbəni necə ziyana salıb…

Ölkə

6 Dekabr 2014, 00:56

Jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatlar

“Bomba” təhlükəsi sovuşdu: onu zərərsizləşdirdim

Dedilər ki, ortada oturan arıq cüssəli, uzunboy kişi çox mərhəmətlidir. İmtahan gedən binanın dəhlizində onu da eşitdim ki, abiturientlərin əksəriyyəti həmin müəllimə cavab vermək istəyirdi. Amma o da pis idi ki, üç müəllim oturmuşdu masanın arxasında. Elə bu vaxt nömrə sırasıyla mənim familiyam çəkildi. İçəri girdim. Heç həyəcanlanmırdım. Mənim üçün fərqi yox idi, yaxçı hazırlaşmışdım. Təsadüf elə gətirdi ki, ortada oturan müəllimin qarşısındakı stul boşalmışdı.

Bilet çəkib oturdum. 1-ci və 2-ci suallar qrammatikadan, cümlə təhlilindən idi, 3-cü sual isə ... İlk suallara cavabım müəllimi çox qane etmişdi. “Keç 3-cü suala” – dedi. Ə.Haqverdiyevin “Bomba” hekayəsini danışmalı idim. Lap uşaqcasına:

- Müəllim, biz bunu keçməmişik, - dedim.

- Elə şey olar? Bütün məktəblərdə proqram eynidir, - deyə yandakı müəllim təəcübləndi.

- Müəllim, axı belə bir hekayə olsaydı, fasilə vaxtı uşaqlar dəhlizdə “bomba, bomba!” deyə qışqırardılar, mən heç belə şey də eşitməmişəm.

- Bəlkə sən həmin mövzu keçiləndə dərs buraxmısan?

Dillənmədim. Bir az duruxduqdan sonra “o vaxtlar Bərdədə bizi pambıq yığmağa aparırdılar”, - dedim. Hər üç müəllim biri-birinin üzünə baxdı. Ortada oturan müəllim:

- Oğlum, sən 1-ci və 2-ci suallara əla cavab verdin. Amma “Bomba”dan xəbərsiz liyin sənə “beş” yazmağa imkan vermir.

- ...

- Ancaq səni naümid yola salmaq istəmirik.

- Müəllimlər öz aralarında nə danışdılarsa ortada oturan müəllim soruşdu:

- Yazı imtahanından neçə almısan?

Dillənmədim. Əlimdəki imtahan vərəqəsini stolun üstünə qoydum.

- Ooo! Afərin! “Beş” almısan?

Xəcalətimdən başımı aşağı sallamışdım. Mənə ədəbiyyatdan əlavə suallar verməyə başladılar. Bir yox, iki yox, xeyli sual. Cavablarımın dəqiqliyinə özüm də sevinirdim. Nəhayət, ortada oturan müəllim yanındakılara:

- Mən fikrimdə qalıram. Sizə dedim ki, yazı imtahanından neçə alıbsa, şifahidən də onu yazarıq. Sözümün üstündə dururam. O biri müəllimlər də baxışları ilə razılıqlarını bildirdilər. Beləliklə, “Bomba” təhlükəsi sovuşdu. Onu zərərsizləşdirməsəydim (daha doğrusu ortada oturam müəllim) taleyim necə olacağıydı bilmirəm.

Dəhlizə çıxdım. Əhvalatı danışdım.

- Sənin qanının arasına girən Həmid müəllim olub. O çox humanist, insanpərvər adamdır.

Sonradan öyrəndim ki, belə bir humanist addım atan adam məşhur alim Həmid Araslı imiş. Heyif ki, uğurum yarımçıq qaldı. Sonuncu imtahanlardan aldığım qiymətlər üzrə balım çatmadı , növbəti ildə qəbul olundum.

İllər ötdü. 5-ci kursda diplom müdafiəsinə hazırlaşırdım. Diplom işim türk ədəbiyyatından “Kırık həyatlar” romanından idi, rəhbərim isə Həmid Araslı. Bircə dəfə ədəbiyyat institutunda görüşdük, mənə dəyərli məsləhətlərini verdi. Otaqdan çıxanda :

- Sən yadımdan çıxmamısan. Qabiliyyətini bilirəm.

Tezliklə diplom işim hazır oldu. Onu Həmid müəllimə göstərdim, heç oxumadan “əla” qiymət yazdı, dedi ki, “mən dövlət imtahanın sədriyəm, imtahana da gəlməyə bilərsən. Qiymətin “əla” olacaq”.

Tanımaza-bilməzə bu qədər mərhəmət, o vaxtkı söz-söhbətlərə görə bu cür risk kimdə olardı? Yalnız Həmid Araslı kimi xalqımızın iftixarında!

Əziyyətini mən çəkdim, cəfasını özgələri


Universitetin Şərqşünaslıq fakultəsinin 2-ci kursunda oxuyanda dekan Yusif Şirvan auditoriyaya girib dedi:

- Sizə bir xəbərim var. Nazim Hikmət Bakıya gəlir. Sabah onu qarşılamalıyıq. Tapşırılıb ki, qarşılamağa siz də gedəsiniz – türk qrupunun tələbələri kimi. Bir yaxşı gül dəstəsi alın, sabah saat 3-də Moskva – Bakı qatarının 5-ci vaqonunun qarşısında olun.

Gül alınması mənə tapşırıldı.. Çox sevinirdim. O cür şöhrətli insanla görüşmək mənə də nəsib olacaqdı. Bir azdan dekan məni çağırdı. Getdim yanına.

- Mülatif, çox hörmətli misafir gəlir, gərək layiqli buket alasan.

Ertəsi günü dəmir yolu vağzalının perronunda yığışdıq. Yusif Şirvan mənə yaxınlaşdı.

- Mülatif, gülləri qrupdakı qızlardan birinə ver, qoy onlar təqdim etsinlər. Oğlanın kişiyə gül verməsi ayıbdır.

Elə bil başıma vedrə ilə su tökdülər. İnsafən o düz deyirdi. Qatar gəlib dayandı. Nazim Hikmət perrona düşdü. Yusif Şirvan tez qonağa yaxınlaşdı., əlindəki çantanı alıb mənə verdi, qulağıma pıçıldadı: ”Bir yükdaşıyan tap, ver o gətirsin”.

- Nə var bunda, yüngüldür, özüm ...

- Olmaz, - dedi. - Buna pis baxarlar.

Yükdaşıyan çağırdım, kiçik çantanı arabacığa qoydu. Yusif Şirvan yenə də mənə işarə vurdu ki, yük daşıyanın yanınca gedim. Qonaq da, onu qarşılayanlar da deputat otağının yanındakı pilləkənlərlə vağzal meydanına endilər. Mən perronun lap o başındakı yolla gedib meydana gələnədək hamı maşınlara minmişdi. Yeganə bir maşın – hörmətli qonaq üçün ayrılmış “Zim” avtomobili bizi gözləyirdi. “Zim”in sürücüsü arabaçıqdan çantanı götürüb avtomobilin yük yerinə qoydu. Bir anda maşın karvanı yoxa çıxdı. Meydanda bir mən, bir də yükdaşıyan qalmışdıq. Başqa çarəm yox idi, ondan ayrılıb piyada evə getmək istəyirdim ki, yükdaşıyan qolumdan tutdu:

- Qağa, bəs mənim pulum? ...

Nazim Hikmətin gəlişindən kim necə bəhrələcəkdi bilmirəm, mən hərtərəfli autda qaldım.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı