Modern.az

Müasir Azərbaycan mediasının inkişaf modeli

Müasir Azərbaycan mediasının inkişaf modeli

Ölkə

Bu gün, 09:39

Müasir dünyada informasiya ən qiymətli strateji resurslardan birinə çevrilib. Dövlətlərin beynəlxalq nüfuzu, milli maraqlarının müdafiəsi, ictimai rəyin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunması güclü media siyasəti ilə birbaşa bağlıdır. İnformasiya müharibələrinin geniş vüsət aldığı, dezinformasiyanın qlobal təhlükəyə çevrildiyi indiki dövrdə media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də dövlət siyasətinin mühüm dayaqlarından biridir.

Azərbaycan da müstəqillik dövründə media sahəsinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən sistemli islahatlar nəticəsində milli media keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasətin əsas məqsədi azad, peşəkar, məsuliyyətli və iqtisadi cəhətdən dayanıqlı medianın formalaşdırılması, eyni zamanda Azərbaycanın milli maraqlarını qlobal informasiya məkanında etibarlı şəkildə müdafiə edə bilən güclü informasiya sisteminin yaradılmasıdır.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən etibarən medianın inkişafını dövlət quruculuğu prosesinin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, söz və mətbuat azadlığı demokratik inkişafın əsas şərtlərindəndir və güclü dövlət yalnız güclü informasiya siyasəti ilə beynəlxalq rəqabətdə öz mövqeyini qoruya bilər. Bu yanaşmanın nəticəsi olaraq media sahəsində ardıcıl hüquqi, institusional və iqtisadi islahatlar həyata keçirildi. Məqsəd təkcə informasiya azadlığını təmin etmək deyil, həm də peşəkar jurnalistikanın inkişafına, media subyektlərinin dayanıqlılığının artırılmasına və milli informasiya resurslarının gücləndirilməsinə nail olmaq idi. Bu gün Azərbaycan mediasının inkişaf modeli dövlət dəstəyi ilə media müstəqilliyi arasında balans yaratmağa yönəlmiş müasir yanaşma kimi diqqəti cəlb edir.

Azərbaycan mediasının inkişafında mühüm mərhələlərdən biri "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi oldu. Bu sənəd medianın inkişaf istiqamətlərini müəyyənləşdirərək dövlət-media münasibətlərinin yeni modelini formalaşdırdı.

Sonrakı mərhələdə media islahatları daha da dərinləşdirildi. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı. Bu qurum media siyasətinin həyata keçirilməsində əsas əlaqələndirici institut kimi fəaliyyət göstərməyə başladı. Medianın İnkişafı Agentliyinin əsas vəzifələri sırasında media subyektlərinin maliyyə dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, innovativ media layihələrinin dəstəklənməsi, media savadlılığının inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Agentlik qısa müddət ərzində həyata keçirdiyi layihələrlə ölkədə media mühitinin keyfiyyətcə dəyişməsinə mühüm töhfə verdi.

2021-ci ilin sonunda qəbul edilən "Media haqqında" Azərbaycan Respublikası Qanunu milli media sisteminin müasir dövrün tələblərinə uyğun yenidən qurulmasının hüquqi əsasını formalaşdırdı. Qanunda çap, elektron və onlayn medianın fəaliyyət prinsipləri, jurnalist hüquqları, media subyektlərinin öhdəlikləri, Media Reyestri, peşə standartları və informasiya təhlükəsizliyi məsələləri öz əksini tapdı. Bu qanunun əsas məqsədlərindən biri media fəaliyyətinin şəffaflığını artırmaq, peşəkar jurnalistikanı təşviq etmək, informasiya mühitinin sağlamlaşdırılmasına nail olmaq və milli informasiya təhlükəsizliyini möhkəmləndirməkdir. Qanunun qəbulundan sonra media sektorunda peşəkarlıq meyarlarının daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Media islahatlarının mühüm yeniliklərindən biri Media Reyestrinin yaradılması oldu. Reyestrin əsas məqsədi jurnalist fəaliyyətinin şəffaflığını təmin etmək, peşəkar jurnalistikanın inkişafına dəstək vermək və media sahəsində fəaliyyət göstərən şəxslərin hüquqlarının müdafiəsini gücləndirməkdir. Bu mexanizm həm jurnalist peşəsinin nüfuzunun artırılmasına, həm də informasiya istehsalında məsuliyyət prinsipinin möhkəmləndirilməsinə xidmət edir.

Müasir medianın inkişafı yalnız hüquqi islahatlarla məhdudlaşmır. İqtisadi dayanıqlıq da media azadlığının əsas şərtlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildən etibarən media fəaliyyəti ilə bağlı əldə olunan gəlirlər, reklam gəlirləri və MEDİA Agentliyi tərəfindən ayrılan maliyyə vəsaitləri müəyyən müddətə vergidən azad edildi. Eyni zamanda media məhsullarının təqdim olunması əlavə dəyər vergisindən azad edildi ki, bu da xüsusilə yerli media bazarının inkişafına ciddi stimul verdi. Bu addımlar media qurumlarının maliyyə dayanıqlığını artırmaqla yanaşı, onların rəqabət qabiliyyətini də yüksəltdi. Prezident İlham Əliyevin media siyasətinin mühüm istiqamətlərindən biri də jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasıdır. Son illərdə jurnalistlərin fəxri adlarla təltif olunması, dövlət mükafatları ilə qiymətləndirilməsi, müxtəlif sosial layihələrin həyata keçirilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Xüsusilə güzəştli ipoteka proqramına Media Reyestrində qeydiyyatda olan jurnalistlərin də daxil edilməsi onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Bu siyasət jurnalist peşəsinin nüfuzunun artırılmasına və gənclərin bu sahəyə marağının yüksəlməsinə müsbət təsir göstərir. 2026-cı ildə qəbul olunan qanun dəyişiklikləri ilə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında vahid Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni qurumun əsas məqsədi çap, onlayn və audiovizual media arasında vahid koordinasiya mexanizminin yaradılmasıdır. Şura media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, media təhsilinin təşkili, innovasiyaların tətbiqi və dezinformasiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərəcək. Bu dəyişiklik media idarəçiliyinin daha çevik və müasir modelə keçidini təmin edir.

Prezident İlham Əliyevin media siyasətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın milli maraqlarının beynəlxalq informasiya məkanında müdafiəsidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük uğurlar qazandı. Yerli jurnalistlər operativ və obyektiv məlumatlarla həm ölkə ictimaiyyətini, həm də dünya mediasını məlumatlandırdı. Müharibədən sonrakı dövrdə isə media Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış proqramını və Azərbaycanın sülh təşəbbüslərini beynəlxalq auditoriyaya çatdırmaq missiyasını uğurla davam etdirir.

Azərbaycanın beynəlxalq media siyasətinin mühüm platformalarından biri Şuşa Qlobal Media Forumlarıdır. Artıq ənənəyə çevrilmiş bu forumlar dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirir. Forumlarda süni intellekt, dezinformasiyaya qarşı mübarizə, media etikası, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi aktual mövzular müzakirə edilir. Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib.

Rəqəmsallaşma jurnalistikanın mahiyyətini dəyişdirir. Süni intellekt texnologiyaları artıq xəbər hazırlanması, məlumatların emalı, vizual materialların yaradılması və auditoriya analizində geniş tətbiq olunur. Bu proses yeni imkanlarla yanaşı, ciddi risklər də yaradır. Saxta xəbərlər, deepfake texnologiyaları və informasiya manipulyasiyası media üçün yeni təhlükələr formalaşdırır. Azərbaycanın media siyasəti də məhz bu çağırışlara cavab verməyə yönəlib. Məqsəd rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə yanaşı, milli informasiya təhlükəsizliyini və jurnalistika etikasını qorumaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti Azərbaycan jurnalistikasının müasir inkişaf modelini formalaşdırıb. Bu model hüquqi islahatları, iqtisadi dəstəyi, peşəkarlığın yüksəldilməsini, sosial müdafiənin gücləndirilməsini və beynəlxalq əməkdaşlığın genişləndirilməsini özündə birləşdirən kompleks yanaşmaya əsaslanır. Bu gün Azərbaycan mediası təkcə ölkədaxili informasiya məkanının əsas institutlarından biri deyil, həm də dövlətimizin milli maraqlarının beynəlxalq aləmdə müdafiəsində mühüm strateji qüvvəyə çevrilib. Qarşıdakı dövrdə rəqəmsal transformasiya, süni intellekt və qlobal informasiya təhlükəsizliyi kimi yeni çağırışlar fonunda həyata keçirilən islahatlar milli medianın daha da güclənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və Azərbaycanın informasiya siyasətinin uğurla davam etdirilməsinə mühüm töhfə verəcək.

Milli Məclisin deputatı
Şahin Seyidzadə

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR