Modern.az

Almaniya niyə Azərbaycanla yeni strateji mərhələyə keçir?

Almaniya niyə Azərbaycanla yeni strateji mərhələyə keçir?

Ölkə

Bu gün, 14:44

Prezident İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniyaya rəsmi səfəri Azərbaycan - Almaniya münasibətlərinin tarixində yeni bir dönüş nöqtəsidir. Dövlət başçısının Berlində ehtiramla qarşılanması, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibli görüşü, digər yüksək rəsmilərlə danışıqlar səfərin siyasi çəkisini göstərir. Almaniya hökumətinin rəsmi açıqlamasında danışıqların əsas mövzuları kimi enerji və xammal, Azərbaycan–Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət göstərilib.

Yeni mərhələnin siyasi əsası 2025-ci ilin dekabrında qoyulmuşdu. Kansler Fridrix Merts Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişi regional sabitlik üçün mühüm hadisə kimi qiymətləndirib dövlət başçısını Almaniyaya səfərə dəvət etmişdi. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də 2026-cı ilin mayında göndərdiyi məktubda Berlinin Azərbaycanla ikitərəfli münasibətləri genişləndirməkdə ciddi maraqlı olduğunu bildirib. Deməli, hazırkı səfər siyasi səviyyədə ardıcıl qurulan dialoqun nəticəsidir.

Lakin Almaniyanın Azərbaycana marağının artmasını yalnız diplomatik münasibətlərin yaxşılaşması ilə izah etmək doğru olmaz. Rusiya–Ukrayna müharibəsi Avropanın enerji və təhlükəsizlik modelini sarsıdıb. Rusiya ilə iqtisadi münasibətlərin kəskin azalması, Qara dəniz hövzəsində hərbi risklərin artması və ənənəvi nəqliyyat marşrutlarının etibarlılığının zəifləməsi Avropanı alternativ enerji mənbələri və Şərq–Qərb dəhlizləri axtarmağa məcbur edib. İran ətrafında davam edən hərbi-siyasi gərginlik, Yaxın Şərqdə münaqişələrin genişlənmə təhlükəsi və Hörmüz boğazı ilə bağlı risklər isə Avropaya göstərir ki, enerji təhlükəsizliyi yalnız neft və qazın mövcudluğu deyil, həm də həmin resursları daşıyan dövlətlərin sabitliyi və siyasi etibarlılığı məsələsidir.

Yeni çağırışlar Azərbaycanı Almaniya üçün xüsusi əhəmiyyətli dövlətə çevirir. Ölkəmiz həm Xəzər hövzəsinin enerji ehtiyatlarına malikdir, həm Avropaya uzanan müstəqil enerji infrastrukturunun əsas təminatçısıdır, həm də Orta Dəhlizin mərkəzi həlqələrindən biridir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Trans-Anadolu xətti kimi layihələr Azərbaycanın onilliklər ərzində Avropa təhlükəsizliyinə xidmət edən infrastruktur qurduğunu göstərir.

Almaniya hökumətinin səfərin gündəliyinə enerji ilə yanaşı xammal məsələsini ayrıca daxil etməsi də mənalıdır. Alman sənayesi enerji daşıyıcılarına, metallara, kritik xammala, yeni bazarlara və etibarlı logistika yollarına ehtiyac duyur. Azərbaycan isə öz enerji ehtiyatları ilə yanaşı, Mərkəzi Asiyanın resurslarının Avropa bazarına çıxarılması üçün etibarlı körpü rolunu oynayır.

2024-cü ilin fevralında Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi böyük biznes nümayəndə heyəti Azərbaycana səfər etmiş, İqtisadiyyat Nazirliyində investisiya, sənaye və əməkdaşlıq imkanları müzakirə olunmuşdu. Prezident İlham Əliyevin hazırkı rəsmi səfərinin başlanğıcında Mixael Harmsla ayrıca görüşməsi siyasi dialoqla iqtisadi gündəliyin bir-birini tamamladığını göstərir. Almaniya biznesinin Azərbaycana marağı iki ölkənin münasibətlərinin ayrıca bir xəttinə çevrilib.

Əlbəttə, onu da xatırlatmaq gərəkdir ki, Almaniyanın bir sıra şirkətləri  Qarabağa işğal illərində qanunsuz fəaliyyətlərdə iştirak ediblər. Kənd təsərrüfatı cihazları ixrac edən Deutz-Fahr şirkəti, Xocalıda 2008-ci ildən qeyri-qanuni hava yolları xidməti göstərilməsinə dəstək olan Thales Air Systems GmbH, ağır maşınlar təqdim edən Zeppelin Baumaschinen GmbH-in adlarını çəkmək olar. Yeraltı sərvətlərimizin də  istismarında “Aurubis” şirkəti iştirak edib.

Almaniyanın əvvəlki hökuməti 2023-cü ildən sonra “Qarabağda faktaraşdırıcı missiya” adı ilə müdaxiləyə cəhd etdiyini, BQXK-nın fövqəladə yardım fəaliyyətləri üçün 2 milyon avro məbləğində maliyyə vəsaiti ayırmasını, təşkilatın müharibə “qurbanlarına” sığınacaq təmin etməsini və digər təcili yardımlar göstərməsini də unutmaq olmaz.  Vətən müharibəsi dövründə AfD (Almaniya üçün Alternativ) Partiyasının üzvləri  Höküməti Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırmışlar.

 

Lakin qarşısı alına bilməyən hadisə-regionda məğlubiyyət üzərində formalaşn status-kvonun dəyişməsi 2020-ci ildən sonra Cənubi Qafqazda yeni reallıq yaratdı. Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə separatçı rejimin mövcudluğuna son qoydu və otuz il ərzində regionun inkişafını ləngidən münaqişə sistemini dağıtdı. Nəticədə Cənubi Qafqazın əsas gündəliyi müharibədən sülhə, işğaldan iqtisadi inteqrasiyaya, qapalı sərhədlərdən nəqliyyat dəhlizlərinə keçdi. Almaniyanın maraqlarının sabit enerji, nəqliyyat dəhlizləri, sülh və təhlükəsizlik üzərində qurulduğu nəzərə alınarsa, yeni reallığın əsas müəllifi olan Azərbaycanla əməkdaşlıq Berlin üçün qaçılmaz xarakter alır.

Azərbaycanın əhəmiyyətini artıran başqa bir amil onun mürəkkəb geosiyasi mühitdə müstəqil siyasət yürütməsidir. Azərbaycan həm Rusiya, həm İranla həmsərhəddir, Türkiyə ilə strateji müttəfiqdir, Avropa İttifaqının enerji tərəfdaşıdır və Mərkəzi Asiya dövlətləri ilə getdikcə dərinləşən əlaqələrə malikdir. Buna baxmayaraq, Bakı heç bir geosiyasi blokun qarşıdurma aləti olmayıb. Prezident İlham Əliyevin siyasəti xarici güclərin regional rəqabətini Azərbaycan ərazisinə daşımır, dövlətlər arasında maraqlar balansını qoruyur. Müharibələrin genişləndiyi, alyansların yenidən formalaşdığı dövrdə  cəsarətli siyasət Almaniya kimi iqtisadi və geosiyasi sabitliyə ehtiyac duyan dövlət üçün xüsusi dəyər daşıyır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin mühüm nəticələrindən biri də ondan ibarətdir ki, iki ölkə münasibətləri ayrı-ayrı siyasi dairələrin qərəzli ritorikasından daha üstün strateji mərhələyə qədəm qoyur. Son illərdə Almaniyada bəzi parlamentarilərin, xüsusilə Avropa Şurası Parlament Assambleyasında Frank Şvabe kimi siyasətçilərin Azərbaycana qarşı davamlı qərəzli mövqeyi, eləcə də müxtəlif QHT və lobbi qruplarının fəaliyyəti iki ölkə münasibətlərinə müəyyən kölgə salmağa çalışıb. Lakin Berlin səfəri göstərdi ki, Almaniyanın rəsmi siyasəti bu dairələrin mövqeyi ilə müəyyən olunmur.

Almaniya daxilində Cənubi Qafqaz siyasəti ilə bağlı iki fərqli yanaşma mövcuddur. Birincisi daha çox ideoloji və humanitar ritorikaya söykənərək Ermənistanı dəstəkləyən siyasi qrupların fəaliyyətində özünü göstərir. İkincisi isə Almaniyanın milli maraqlarından çıxış edir - Azərbaycanı Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz, yaşıl enerji və regional sabitlik baxımından əvəzedilməz tərəfdaş kimi görür. Prezident İlham Əliyevin Berlinə yüksək səviyyəli dəvəti məhz ikinci xəttin üstünlük qazandığını göstərən siyasi siqnaldır.

Doğrudur, 2023-cü ildən sonra Almaniyanın Ermənistanla siyasi əlaqələrinin intensivləşməsi, EUMA missiyasında fəal iştirak və bəzi Avropa platformalarında Azərbaycana qarşı sərt bəyanatlar Bakıda haqlı olaarq, kəskin narazılıqlar doğurur. Lakin eyni dövrdə Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanımaqda davam edir.

Berlinin Cənubi Qafqaz siyasəti mühüm seçim qarşısındadır. Bir tərəfdə Ermənistanın hərbi-siyasi imkanlarının artırılmasına yönələn təşəbbüslər, Avropa İttifaqının müxtəlif institutları vasitəsilə regiona birtərəfli təsir göstərmək cəhdləri durur.

 

Digər tərəfdə isə Almaniyanın uzunmüddətli milli maraqları var - regionda yeni qarşıdurma yaratmamaq, davamlı sülhə, sabit nəqliyyat marşrutları və etibarlı enerji əməkdaşlığına yollar açmaq. Berlinin Cənubi Qafqazda real tərəfdaş kimi qəbul edilməsi üçün Azərbaycanın irəli sürdüyü sülh gündəliyini dəstəkləmək vacibdir.

Almaniya ilə yüksək texnologiyalar, yaşıl enerji, Qarabağın bərpası, Almaniya İnkişaf Bankının fəaliyyətinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçirilməsi kimi konkret istiqamətlər müzakirə olunur. Srateji gündəlik iki ölkə münasibətlərini keçmişdəki fikir ayrılıqları müstəvisindən çıxararaq gələcəyə hesablanan əməkdaşlıq zəminə keçirir.

Şübhəsiz, bütün məsələlər üzrə baxışlar tam üst-üstə düşmür. İnsan hüquqları, regional siyasət və Ermənistanla bağlı müəyyən fərqli yanaşmalar gələcəkdə də müzakirə mövzusu olacaq. Lakin strateji tərəfdaşlığın mahiyyəti məhz fikir ayrılıqlarını qarşıdurmaya çevirmədən, dialoq və qarşılıqlı maraqlar əsasında idarə edə bilməkdir. Berlin görüşləri göstərdi ki, Bakı və Berlin münasibətləri bu mərhələyə qədəm qoyur.

Prezident İlham Əliyevin ardıcıl dövlətçilik siyasəti, Vətən müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi arxitektura və sülh gündəliyi Azərbaycanın Avropa ilə münasibətlərindəki yeni strateji mərhələnin açıq ifadəsidir.

Zahid Oruc,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR