Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya rəsmi səfər zamanı özünü jurnalist kimi təqdim edən Tural Sadıqlının suallarını cavablandırıb.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində olan Hikmət Hacıyevə Tural Sadıqlı yaxınlaşaraq müxtəlif suallar ünvanlayıb.
Hikmət Hacıyev söhbət zamanı Azərbaycanda peşəkar medianın fəaliyyət göstərdiyini bildirərək, Tural Sadıqlının fəaliyyətini jurnalistika hesab etmədiyini deyib.
"Azərbaycanda peşəkar media var. Amma həyatda ən çətin şey vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mən o insanlara sadəcə yazığım gəlir. Bu, vətənsiz yaşamaq deməkdir", – deyə o bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, şəxsi həyatında baş verənlərə görə Azərbaycanı günahlandırmaq düzgün yanaşma deyil.
"Siz Azərbaycan vətəndaşı kimi burada yaşamısınız, sonradan müxtəlif səbəblərlə ölkəni tərk etmisiniz. Bu, sizin öz qərarınızdır. Həyatınızda baş verən və ya sizin bilmədiyiniz hadisələrə görə Azərbaycanı günahlandırmaq düzgün deyil. Məncə, insan ilk növbədə özü qarşısında cavabdeh olmalıdır", – Hikmət Hacıyev vurğulayıb.
Tural Sadıqlının Azərbaycana qayıtması ilə bağlı sualına cavab olaraq Hikmət Hacıyev bildirib ki, Azərbaycan vətəndaşı olan hər kəs ölkəyə gələ bilər. O, hüquqi məsələlərin isə aidiyyəti qurumların səlahiyyətində olduğunu qeyd edib.
Söhbətin sonunda Hikmət Hacıyev Tural Sadıqlının fəaliyyətini tənqid edərək bunları deyib:
"Siz özünüzü jurnalist adlandırırsınız, amma bu peşə jurnalistika deyil. Sizin etdiyiniz müəyyən mənada blog fəaliyyətidir. Siz şantaj yaradırsınız. Bu, jurnalistika deyil".