AMEA Fəlsəfə və Hüquq
İnstitutunun böyük elmi işçisi,
Ömrü boyunca müəyyən bir milli-dini və əxlaqi prinsiplərlə yaşayan Türkiyənin tanınmış mütəfəkkirlərindən Mehmet Akif Ersoyun həyatında İslam dinin ayrıca bir yeri olmuşdur. İlk dini bilgiləri nəqşbəndi təriqətinə mənsub olan atası Tahir Əfəndidən alan mütəfəkkir şerilərinin böyük əksəriyyətini dini və əxlaqi məsələlərə həsr etmişdir. Ersoy hesab edirdi ki, iki şey müqəddəsdir: din və dil: «Din bütün ülvi duyğuları, düşüncələri insana təlqin edər. Bu duyğuların, düşüncələrin mümkün olduğu qədər təbliğ vasitəsi olan da dildir». Ümumiyyətlə, onun dünyagörüşündə dinin mahiyyəti dil, əxlaq, vətənsevərlik və elmlə bütövləşirdi.
Ersoyun fikrincə, İslam dini-müsəlmanlıq birləşdirici mahiyyət daşıyır. Onun əksi olaraq milliyyətçilik və irqçilik bölücülük xüsusiyyətinə malkidir. Bu mənada İslam milyonlarla, milyardlarla insanları birləşdirə bildiyi halda, milliyyətçilik onları ayrı-ayrı hissələrə parçalayır. Bu isə, müsəlman millətlərinin birləşməsinə ənəgəl olur və çıxılması mümkün olmayan bir dalana sürükləyir. Ona görə, «müsəlmanam» deyən hər bir millət ayrı seçikliyə yol vermədən Allahın yolunda bərabərcə yürüməlidir. Necə ki, Osmanlı imperatorluğu dövründə milliyyət və millət yox idi, sadəcə islamiyyət vardı. Ersoy yazırdı:
Hanı milliyyətin İslam idi… Kavmiyyət nə!
Sarılıb sımsıkı dursaydın milliyyətinə.
«Arnavatluk» nə demək? Varmı şəriəttə yeri?
Küfr olur, başqa deyil, kavmını sürmək iləri!
Ərəbin Türkə, Lazın Çərkəzə yaxud Kürdə,
Əcəmin çinliyə rüçhanımı varmış? Nərdə!
Müsəlmanlıqda «ənasır»mı olurmuş? Nə gəzər!
Fikri kavmiyyəti təlqin ediyor Peyğəmbər.
Tanınmış aydın Mehmet bey hesab edirdi ki, bu dünyada müsəlmanlıq var ikən nə türklüyün, nə farslığın, nə də ərəbliyin bir mənası yoxdur. Hətta, onların hər biri gələcəkdə aradan qalxacaqdır. Ancaq müsəlmanlıq dünya durduqca var olacaqdır. Çünki müsəlmanlıq milliyyətdən üstün bir məfkurədir. Bu məfkurəyə görə, türk və ərəb, digər müsəlmanlar bir-birindən ayrı yaşaya bilməz. Ersoy yazırdı:
Artıq ey milləti mərhumə, sabah oldu oyan!
Sana az gəldi əzanlar, diyə ötsünmü bu can?
Nə Ərəblik, nə də Türklük qalacaq aç gözünü!
Dinlə Peyğəmbəri zişanın ilahi sözünü!
Türk Ərəbsiz yaşamaz. Kim ki yaşar dər, dəlidir!
Ərəbin, Türk isə həm sağ gözü, həm sağ əlidir.
Bu mənada, türk-islam mütəfəkkiri İslam dünyasının birliyini və bərabərliyini müsəlmanlıq məfkurəsində görürdü. Ancaq tanınmış şair özü də etiraf edirdi ki, müsəlmanlıq bir çıxış yolu ikən həqiqi müsəlmanların sayı azdır. Ersoy yazırdı:
Müsəlmanlıq nərdə! Bizdən keçmiş insanlık billə…
Aləm aldatmaqsa məqsəd, aldanan yok, nafilə!
Neçə həqiqi müsəlman gördümsə, həp makbərdədir;
Müsəlmanlıq, bilməm amma, qaliba göklərdədir!
Onun fikrincə, müsəlmanlar hər bir xeyri axirətdən - obiri dünyadan gözləməməlidirlər. Müsəlmanlardan kimlərsə hesab edirlərsə ki, bu dünyada yaşamağın heç bir mənası yoxdur, yanılırlar. Çünki insnalar bu dünyaya yalnız o biri dünyaya getimək məqsdəi ilə gəlmirlər. Bir sözlə, bu dünyada yaşamağın da öz mənası və mahiyyəti vardır. Ən əsası odur ki, bu dünya bütün insanlar üçün bir imtahan meydanıdır:
Bu aləm imtahan meydanıdır ərvah üçün madam,
Demək: İnsan deyilsin eyləməzsən durmayıb ikdam.
Nədən keçsin səfalətlərlə, haybetlərlə ezmanın?
Nədən əzmin sürəksiz, yoxmudur Allaha imanın?
Çalış, dünyada insan ol, əlindəykən hənüz dünya;
Obir dünyada insanlıq deyilmiş yağma, gördün ya!
Dilindən axirət heç düşmüyor ey müsəlman, lakin,
Onun haqqında atıl bir həvəs məhsulu idrakın!

Mehmet Akifin fikrincə, müsəlmanlığın dirçəlişində elm və əxlaq mühüm yer tuta bilər. Çünki müsəlmanlar İslam əxlaqından uzaq düşdükləri üçün birliklərini mühafizə edə bilməmişlər. Belə ki, müsəlman əxlaqından danışa-danışa ona əməl etmədik. Ona görə, müsəlman əxlaqında zülmə və haqsızlığa qarşı çıxmaq da mühüm yer tutur. Eyni zamanda, müsəlman əxlaqını pozan şeylər arasında qüvvət qarşısında məddahlıq və yalan danışmaqdır:
Müsəlmanlıq bizdən əvvəl böylə zillət görmədi!
Halimiz bir inhalil etmiş vücudun halidir;
Ruhi izmihlalimiz əxlaqın izmihlalidir.
Sadə bir sözdür fəqət hikmətlərin ən mücməli:
Bir halas imkanı var: Əxlaqımız yüksəlməli.
Yoxsa, çox qorxunc olur katmərləşib hüsranımız…
Çünki həm dünya gedər, həm din, əgər yapmazsanız.
Ona görə də, Türkiyə mütəfəkkiri müsəlmanları oyanmağa və birləşməyə çağrırıdı. O yazırdı ki, artıq müsəlmanların indiyə qədər yatmaları kifayətdir, ölüm yuxusundan oyanmalı və vətənlərini qorumalıdırlar:
Baxsana kim boynu bükük ağlayan?
Haqqı həyatın sənin ey müsəlman!
Qurtar o biçarəyi Allah üçün,
Artıq ölüm uykularından oyan!
Bunca zaman uyudun, kanmadın;
Çəkmədiyin kalmadı, uslanmadın (ağıllanmadın).
Çiynədilər yurdunu başdan başa,
Sən yenə bir kərrə qımıldanmadın!
Bu baxımdan M.Akif bəy müsəlmanlığı yeganə birləşdirici amil kimi görür, onun parçalanmasına qarşı çıxırdı. O hesab edirdi ki, dünənə qədər müsəlmanlıq məfkurəsi ətrafında birləşənlərin bu gün ayrılmağa üz tutmaları İslam dinin mahiyyətinə də ziddir. Çünki İslamda «müsəlmanlar qardaşdırlar» prinsipi əsas xətlərdən biridir. Türkiyə mütəfəkkiri yazırdı ki, həqiqi müsəlmanlıq müsəlmanların ən başlıca vəziəsidir:
Şəhamət dini, qeyrət dini ancaq müsəlmanlıqdır;
Həqiqi müsəlmanlıq ən böyük bir qəhrəmanlıqdır.
Cəbanət, məskənət, dünyada sığmaz ruhi-İslama.
Kitabullahı işhad eylədim- gördüm ya- davama.
Görürsən, hiss edirsən varsa vicdanınla imanın:
Nə müdhiş bir hamasət çarpıyor köksündə Quranın!
İslam dininin böyük bir əxlaq və elm mənası kəsb etməsinə baxmayaraq, Osmanlı imperatorluğu daxilində müsəlmanlıq məfkurəsinin arxa plana keçirilərək digər ideyaların, xüsusilə millətçiliyin (türkçülyün, ərəbçiliyin, farsıçılığın, arnavutçuluğun və s.) önə keçməsini qəbul edə bilməyən Ersoy yazırdı ki, bu müsəlmanlığı zəiflədir və müsəlman olmayan milətlərin yanında gücsüz edir:
Müsələmanlıq sizi qayət sıkı, qayət sağlam,
Bağlamaq lazım ikən, anlamadım, anlayamam,
Ayrılıq hissi nasil girdi sizin beyninizə?
Fikri kavmiyyəti şeytanmı sokan zehninizə?
Bir-birindən mütəfərrik bu qədər akvamı,
Aynı milliyyətin altında tutan İslamı,
Təməlindən yıxacaq zəlzələ, kavmiyyəttir.
Bunu bir lahza unutmak əbədi haybettir…
Türkiyənin tanınmış ziyalısı yazırdı ki, Allah bütün insanları bir ailənin üzvləri kimi yaratmışdır. Ona görə də, aryılıq fikrini aradan qaldırmaq lazımdır. Əgər ba ayrılıq fikirləri aradan qalxmazsa, əcnəbilər müsəlman ölkələrinin sahibi olacaqlar. Halbuki bir millətin öz içində təfriqə olmayanda, başqaları onun içinə girə bilməzlər:
Bizi bir ailə əfradı yaratmış Yaradan;
Qaldırın ayrılıq əsbabını artıq aradan.
Siz bu davada ikən yoxsa, iyazən-billah,
Əcnəbilər olacaq sahibi mülkün nagah…
Bu da qayətlə təbii, koşanındır meydan;
Yaşamaq haqqını qüvvətiylə vermiş Yaradan.
Müsəlman, fikra bəlasıylə zəbun bir kavmı,
Mədəni Avropa üç loxma edib yutmazmı?
Bu mənada, Ersoy yalnız milliyyətçiliyi deyil, həddən artıq qərbləşməyi, avropalaşmağı da müsəlmanlıq məfkurəsinə zidd sayimışdır. Bu mənada onun fikrincə, Avopa heyranlığı, Qərb ideallığı müsəlman millətləri üçün bir çıxış yolu ola bilməz. Doğrudur, o, ümumilikdə Qərb mədəniyyətini və ədəbiyyatını inkar etmirdi. Sadəcə, Qərb dəyərlərini ideallaşdırmağın və avropalıları təqlid etməyin qatı əleyhdarı idi. Xüsusilə, Qərb dəyərlərinə, o cümlədən aropalaşdırılmaya və ruslaşdırılmaya uyaraq ailə dəyərlərinin aradan qaldırılmasını türk-müsəlman aydını qəbul edilməz sayırdı:
Bir səlamət yolu varmış… O da nəymiş? Mutlak,
Dini kökdən qazımaq. Sonra əvət, ruslaşmak!
O zaman iş bitəcəkmiş… O zaman qızlarımız
Şu tutundukları qayət qaba, pək mənasız
Örtüdən sıyırılaraq… Sonra da erkəklərdən,
Analıq elmini təhsil edəcəkmiş… Zatən,
Müsəlmanlar o səbəbdən bu səfalətdə imiş!..
Din üçün, millət üçün iş görəcək alçağa bak;
Dini pamal edəcək, milləti ruslaşdıracak!
Bu gün avropalaşdırılmağa sürüklənən Şərq mədəniyyəti, o cümlədən İslam-Türk mədəniyyəti vaxtilə dünyaya bir örnək olmuşdur. Halbuki o zamanlar da elm və mədəniyyətdən uzaq olan Qərb idi. Ancaq sonralar avropalılar öz üzərlərində işləyərək yeni bir mərhələyə qədəm qoydular. Hətta, Qərb mədəniyyəti Şərq dünyasına örnək olacaq bir duruma gəldi. Ancaq Ersoyun fikrincə, Şərq dünyası öz əzəmətini bərpa etmək üçün üzünü Qərb mədəniyyətinə deyil, keçmişinə tutmalı və onu dirçəltməlidir:
Cihanın Qərbi vahşət-zar ikən, Şərqində Karanklar,
Hərəmlər, Səddi-Çinlər, Takı-Kisralar, Havernaklar,
İrəmlər, Suri-Babillər səma-peyma deyilmiydi?
O mazilər, İlahi, bir yıkık rüyamıdır şimdi?
Nə yapsın, naümid olsunmu Şərqin intibahından,
Pərişan ruhumuz, haib dönərkən bargahından?
Gördüyümüz kimi, Türkiyənin tanınmış mütəfəkkiri Mehmet Akif Ersoyun dünyagörüşünün əsasını «İslam birliyi», müsəlmanlıq məfkurəsi təşkil etmişdir. Müsəlmanlıq ideyasını istənilən ideyaya, o cümlədən millətçiliyə qarşı qoyan bu mütəfəkkir hesab etmişdir ki, bütün dünyadakı insanların kökü və mahiyyəti birdir. Çünki Yaradan onları bir ailənin üzvləri kimi yaratmışdır. Müsəlmanların birliyinin əsasında da Allahın birliyi ilə yanaşı, elm və əxlaq mühüm rol oynayır. Müsəlmanların elm və əxlaqca yüksəldkicə, onlar üçün milliyyətilik deyil, müsəlmanlıq məfkkrəsi mühüm əhəmiyyət kəsb edir. Müsəlman ölkələrinin qurtuluşu da, məhz «İslam birliyi» məfkurəsi ilə bağlıdır. Bununla da, Ersoy müsəlmanlıq məfkurəsini şeirdə yaşadan ən böyük islam-türk mütəfəkkiri olmuşdur.