Modern.az

Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi

Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi

Ölkə

Bu gün, 08:30

Yay aylarında kondisionerdən istifadənin boğaz, bronx və ağciyər problemlərinə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Xüsusilə temperaturun kəskin aşağı salınması, kondisioner filtrlərinin vaxtında təmizlənməməsi və qapalı məkanlarda havanın quruması müxtəlif tənəffüs şikayətləri ilə əlaqələndirilir. Bəs kondisioner özü xəstəlik yarada bilərmi, yayda bu cür şikayətlərin artmasının əsas səbəbləri nələrdir? Kondisionerdən hansı temperaturda istifadə edilməli, astma, allergiya və xroniki ağciyər xəstəlikləri olan şəxslər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında pulmonoloq Çağla Xurşud Hüseynova bildirib ki, kondisionerin özü xəstəlik yaratmır.

"Yəni o, virus və ya bakteriya mənbəyi deyil. Əksinə, yay aylarında həddindən artıq isti havadan qorunmaq üçün düzgün istifadə olunan kondisioner sağlamlığın qorunmasına kömək edə bilər. Problem daha çox kondisionerin yanlış istifadəsi ilə bağlıdır. Temperaturun həddindən artıq aşağı seçilməsi, filtrlərin vaxtında təmizlənməməsi və otağın kifayət qədər havalandırılmaması həm tənəffüs yollarını qıcıqlandıra, həm də allergik şikayətlərin artmasına səbəb ola bilər.

Kondisioner işləyən otaqlarda havanın rütubəti azalır. Selikli qişalar quruduqda isə onların mikroblara qarşı qoruyucu funksiyası zəifləyir. Nəticədə boğazda quruluq, qıcıqlanma, öskürək və bəzi hallarda infeksiyalara meyillilik arta bilər. Digər tərəfdən, filtrləri uzun müddət təmizlənməyən kondisionerlərdə toz, kif sporları və digər allergenlər toplana bilər. Bu hissəciklər havaya yayıldıqda xüsusilə allergiyası və ya astması olan insanlarda şikayətləri artıra bilər".

Onun sözlərinə görə, bəzən Legionella bakteriyası ilə bağlı yoluxmalar da olur:

"Ancaq bu bakteriyaya əsasən su istifadə olunan mərkəzləşdirilmiş kondisioner sistemlərində rast gəlinir. Ev və avtomobil kondisionerlərində isə belə risk çox aşağıdır. Ən uyğun otaq temperaturu adətən 20-24 dərəcə hesab olunur. Əgər bu temperatur narahatlıq yaradırsa, 27 dərəcəyə qədər artırmaq mümkündür. Bundan əlavə, otaqla çöldəki hava arasında temperatur fərqinin 7-8 dərəcədən çox olmaması tövsiyə edilir. Çox kəskin temperatur fərqi orqanizmin uyğunlaşmasını çətinləşdirə və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər. Otağın rütubətinin 40-60 faiz səviyyəsində saxlanılması, kifayət qədər su içilməsi və kondisioner filtrlərinin mütəmadi təmizlənməsi də sağlam mühit üçün vacib şərtlərdəndir".

Müsahibimiz qeyd edib ki, astma, allergiya və xroniki ağciyər xəstəlikləri olan insanlar kondisionerdən istifadə edə bilərlər:

"Hətta həddindən artıq isti hava bu xəstələr üçün əlavə risk yaratdığına görə, düzgün istifadə olunan kondisioner faydalı ola bilər. Lakin kondisionerin filtrləri müntəzəm təmizlənməli, otaq vaxtaşırı havalandırılmalı, soyuq hava axını birbaşa insanın üzünə və ya bədəninə yönəldilməməlidir. Kondisionerdə nəmlik yığıldıqda kif göbələkləri inkişaf edə bilər və onların sporları astma tutmalarını və allergik reaksiyaları tətikləyə bilər. Buna görə də cihazın texniki baxımı mütləq vaxtında aparılmalıdır.

Yekun olaraq, kondisionerdən qorxmağa ehtiyac yoxdur. Əsas məsələ ondan düzgün istifadə etməkdir. Düzgün temperatur seçimi, filtrlərin müntəzəm təmizlənməsi, otağın havalandırılması və normal rütubətin qorunması ilə kondisioner həm rahat, həm də sağlam bir mühit yaratmağa kömək edir. Xüsusilə xroniki ağciyər xəstəlikləri olan insanlar üçün yay aylarında həddindən artıq istidən qorunmaq baxımından kondisioner düzgün istifadə edildikdə faydalı vasitə hesab olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ