Modern.az

Diş müalicəsi icbari sığortaya daxil edilsin - TƏKLİF 

Diş müalicəsi icbari sığortaya daxil edilsin - TƏKLİF 

Ölkə

Bu gün, 08:00

Stomatoloji xidmətlər səhiyyənin əhalinin ən çox müraciət etdiyi sahələrindən biri olsa da, bu xidmətlərin əlçatanlığı, qiymətlər və peşəkar kadr təminatı ilə bağlı məsələlər zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə mürəkkəb müalicə və cərrahi prosedurlar üzrə ixtisaslaşmış stomatoloqların sayının tələbatı nə dərəcədə ödəməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Digər tərəfdən, stomatoloji xidmətlərin, əsasən, özəl sektorda göstərilməsi və müalicə xərclərinin yüksək olması bir sıra vətəndaşların bu xidmətlərdən vaxtında yararlanmasını çətinləşdirə bilir. Bu baxımdan, stomatoloji xidmətlərin qiymətinin hansı amillər əsasında formalaşması və mövcud tariflərin əhalinin gəlirlərinə uyğunluğu da diqqət çəkən məsələlərdəndir.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında stomatoloq Zaur Zakiroğlu bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda stomatoloji xidmətlərin qiymətləri o qədər də yüksək deyil və qiymətlərə təsir edən əsas amillərdən biri klinikanın yerləşdiyi ərazidir.

Onun sözlərinə görə, mərkəzi ərazilərdə fəaliyyət göstərən klinikalarda xidmət haqları daha yüksək, şəhər mərkəzindən kənarda isə nisbətən münasib olur.

“Digər ölkələrlə müqayisədə Azərbaycanda ümumilikdə stomatoloji xidmətlərin qiymətləri o qədər də yüksək deyil. Qiymətlər əsasən klinikanın yerləşdiyi yerə görə dəyişir. Şəhərin mərkəzində yerləşən klinikalarda xidmətlər daha bahadır, mərkəzdən kənarda isə qiymətlər nisbətən aşağı olur. Bununla yanaşı, stomatologiyada istifadə olunan material və məhsulların qiymətinin günbəgün bahalaşması da xidmət haqlarına təsir göstərir. Lakin bəzi hallarda bu artımı tam şəkildə qiymətlərə əks etdirmək mümkün olmur”.

Stomatoloq qeyd edib ki, stomatoloji xidmətlərin icbari tibbi sığorta zərfinə daxil edilməməsi həm xidmətlərin əlçatanlığına, həm də dövlət tibb müəssisələrində bu sahənin vəziyyətinə təsir göstərib:

“Hazırda TƏBİB stomatoloji xidmətlərin İcbari Tibbi Sığorta zərfinə daxil edilmədiyini əsas gətirərək dövlət xəstəxanalarında çalışan diş həkimlərinin bir qismini ixtisar edib. Hesab edirəm ki, əgər stomatoloji xidmətlər icbari tibbi sığorta zərfinə daxil edilsəydi, bu həm vətəndaşların xidmətlərdən daha münasib qiymətlərlə istifadə etməsinə imkan yaradardı, həm də stomatoloji yardımın əlçatanlığını artırardı”.

Z.Zakiroğlu vurğulayıb ki, bu baxımdan stomatoloji xidmətlərin də İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi məqsədəuyğundur:

“Düşünürəm ki, icbari tibbi sığorta zərfi genişləndirilməli və stomatoloji xidmətlər də bu zərfə əlavə olunmalıdır”.

Məlumat üçün qeyd edək ki, diş müalicəsi və implantlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil. 

Bununla belə, Xidmətlər Zərfinə ilkin səhiyyə xidmətləri, təcili və təxirəsalınmaz tibbi xidmətlər, ixtisaslaşdırılmış ambulator xidmətlər, fizioterapiya xidmətləri, laboratoriya xidmətləri, invaziv radioloji xidmətlər, cərrahi tibbi xidmətlər, stasionar terapevtik xidmətlər daxildir. 

Müqayisə üçün bildirək ki, Türkiyədə icbari tibbi sığorta çərçivəsində vətəndaşların ildə 4 ədədədək diş implantı xidmətindən yararlanmasına imkan verən qərar qəbul olunub.

Sizə yeni x var
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır