Rusiyada yayımlanan “Çistota ponimaniya LIVE” verilişinin canlı efirləri dayandırılıb.
Modern.az xəbər verir ki, layihənin aparıcısı Aleksey Çadayev bildirib ki, canlı verilişlər “məzuniyyətə çıxır”. Bununla belə, yayımların nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlanmayıb.
Layihənin əvvəlcədən lentə alınan podkastlarının isə yayımlanmaqda davam edəcəyi bildirilib.
Qeyd edək ki, məhz “ÇP-LIVE”ın canlı yayımlarında Azərbaycan, ölkə rəhbərliyi və Azərbaycan xalqı barədə bir sıra təxribatçı fikirlər səsləndirilib. Verilişlərdə hətta Azərbaycana qarşı mümkün hərbi ssenarilər, o cümlədən Bakıya “desant çıxarılması” kimi fikirlər də müzakirə olunub.
Bu açıqlamalardan sonra layihənin canlı yayımlarının qeyri-müəyyən müddətə dayandırılması diqqət çəkib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu “Çistota ponimaniya" verilişinin aparıcıları olan Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində beynəlxalq axtarış elan edib.
Onlar Azərbaycan dövlətinə qarşı zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına və terrorçuluğa açıq çağırışlarda ittiham olunurlar.