Modern.az

Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ - II HİSSƏ

Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ - II HİSSƏ

Ölkə

15 Aprel 2015, 22:04

Cəlaləddin Qasımov
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci araşdırmaçı

Milli Qəhrəmanla bağlı xatirələr...

əvvəli burada

Polkovnik:
- Mən üç saatdır ki, gözləyirəm. Sənə bircə kəlmə sözüm var, onu deyib gedəcəyəm. O götürdüyün əsir kimdisə ermənilər üçün qiymətli biridir. Sən yenə onların canına vəlvələ salmısan. Biz, elə sənin özün də iki aydır danışırıq. Amma bir nəticə vermir. Kapitan Azəri deyirəm, gör bununla dəyişdirə bilərsənmi?
Allahverdi:
- Gecə saat 12:00 Azər burda olacaq. 
Polkovnik:
- Doğrudan? Özün bilirsən, o bizim üçün qiymətlidir, - Polkovnik sevincini gizlətmir.
Allahverdi:
-İndi get, vaxtımı alma. 
Sonra Samvelə tərəf dönür:
- Hə, eşitdin? Mənim bilmədiklərimi de, mən fikrimi dəyişə bilərəm. 
O, Samveldən Ermənistan xüsusi xidmət orqanlarının Qarabağda gördüyü işləri soruşurdu.


Allahverdi Bağırov düşmənlə danışıq aparmaq üçün saat 2-də əsgərlərlə birlikdə yola çıxdı. O, Əsgəran yolu yaxınlığında qaraçı qəbirstanlığında 19-cu posta çataraq, erməni dəstəsi ilə görüşdü. Qarik bir neçə erməni əsgəri ilə Allahverdiyə yaxınlaşdı. O, oğlunun ölümündən sonra Allahverdi ilə ilk dəfə gorüşürdü. Qarik Allahverdiyə:  
- Mən gəlmişəm dostum Samvelin dalınca. Kapitan Azərdən başqa kimi istəyirsən dəyişək. Allahverdi:
- Mən elə kapitan Azəri istəyirəm, başqa heç kimi.
Qarik:
- Kapitan Ermənistanın xüsusi xidmət idarəsinin əsiridir, o mənim gücümdə deyil, onu ala bilmərəm.
Allahverdi:
- Mən də sənə Samveli verə bilmərəm.
Qarik:
- Mən sənin sözünlə Xocalı əsirlərinin neçəsini qaytardım. Sənin bircə kəlmənə, bir zənginə... Vaxtilə bizim komandada rəhbərimiz idin, bizim məşqçimiz oldun. Mən öz dostumu səndən istəyirəm.
Allahverdi:
- Dostun Samveli verməyəcəm!

Qarik düz Allahverdinin gözlərinin içinə baxaraq, onun şərtlərini qəbul etmirdi. Heç cür razılğa gələ bilmirdilər. Görüş başa çatdı.
 
Hər kəs öz sərhəddinə tərəf irəliləyəndə Allahverdi ilə Qarik tək qaldı. Qarikin inad etməyinin səbəbi vardı, onun oğlu iki ay əvvəl öldürülmüşdü. Buna görə də o əsirləri dəyişdirmək istəmirdi. Qarik gözlərini Allahverdinin üzünə zilləmişdi.
- Bilirəm, oğlumun ölümünə görə mənə başsağlığı verəcəksən. Mən bunu qəbul eləmirəm.Sənin oğluna qarşı bizim erməni ordusunun əsgərləri güllə atsaydı, mən özüm onu sənin yanına gətirərdim. Burda, sənin ayaqlarının altında onun başına bir güllə sıxardım. Sən bizim ailənin üzvü olmusan, oğlumu demək olar ki, 1 yaşından tanıyırsan. Ona neçə güllə vurdular... Düşməni hələ də sağdır. Biz düşmən də olsaq, mən sənin istədiyin hər xahişini yerinə yetirmişəm. Bizim xüsusi xidmət idarəmiz bilsə, məni də, Karonu vətən xaini  kimi öldürərlər. Artıq dostluğumuz bitdi.
Allahverdi də Qarikə baxırdı. O:
- Mən də elə sənin oğlun haqqında danışmaq istəyirdim.
Qarik:
- Bilirəm, deyəcəksən ki, sənin oğluna güllə atan olsa, o ermənini evdən yatdığı yerdən torbanın içində gətizdirərsən. Samvel kimi, bilirəm, sənin əlin hər yerə çatır. Sən bacararsan, səni eşidən, səndən qorxan adamlardan elə biri də mən idim. İndi məni çıx, artıq səninlə işləməyəcəm. Mən səndən oğluma görə qorxurdum. İndi o həyatda yoxdur, mənim də heç nədən qorxum qalmayıb.

Allahverdi:
- Sözün bitdisə, qoy bir kəlmə də mən deyim. Səni təklikdə saxlamağımın məqsədi elə sənin oğlunun qatilini burda sənə verməkdir. Bizim istədiyimiz əsiri - kapitanı, bir də bu 10 nəfər (xocalıların adlarını qeyd elədiyi şəxslərin siyahısını ona uzadır) azyaşlını, bu gecə saat 12:00-da gətir, oğlunun qatilini sənə elə burdaca təhvil verəcəm. O azyaşlı girovlar Xankəndində saxlanılır.
Qarikin rəngi dəyişdi:
- Mən bilirəm ki, sən sözünə möhkəm adamsan. Dediyini eləyənsən və mən sənə inanıram.
Mən sənin bircə kəlmənə istədiyin adamı məhv eləməyə hazıram. Deməli düşmənimi mənə təhvil verəcəksən, hə? Mən getdim, dediyin saatda burda olacağam. Amma bir şərtim var, onları almaq üçün əlimdə əsas olmalıdır. Mənə Samveli də verirsənsə, mən razıyam. Gərək xüsusi xidmət idarəsini də da razı salım kapitan Azəri onlardan almaq ümün.

Allahverdi görüş yerindən öz mövqeyimizə tərəf 30 metr irəlilədi. Erməni Qarik isə onun dalınca danışa-danışa gələrək, cavab gözləyirdi. Allahverdi bir yerdə dayanıb barmağını Qarikin sinəsinə vurdu:
- Hə, razıyam. Samveli də verəcəm. Amma həbsxanadakı Xocalı uşaqları, bir də kapitanı gətirməsən sənin özünü aparacam.
Qarik saatına baxdı:
- Oldu. Gecə saat 12:00-da burda gözləyəcəyəm səni, - deyib öz tərəfinə doğru getdi.
Allahverdi əsgərləri ilə birlikdə qərargaha gəldi.
Növbətçi məruzə etdi:
- Komandir, Müdafiə Nazirliyindən on dəfə zəng vurublar.
- Nə istəyirlər?
- Sizi soruşurdular. Baxın, yenə zəng gəlir.
Allahverdi telefonu aldı:
- Eşidirəm.
- Salam. Bizim üçün vacib olan o kapitanı azad edə biləcəksinizmi? Bizi sevindirin, o komandir bizə çox vacibdir.
- Hə.
- Kapitanımızın ata-anası iki aydır Müdafiə Nazirliyinin qapısında yatır. Onu azad eləsən, bizi bəladan qurtararsan. Mən də sənə istədiyin mükafatı yazaram.
Allahverdi:
- Ağdamlı olmadığı halda Ağdamda döyüşənləri mən bir qəhrəman kimi qəbul edirəm. Elə məhz buna görə də onu azadlığa çıxaracam... Sizdən silah-sursat istəmişdik. Amma hələ də bir xəbər yoxdur, bizə mükafat lazım deyil! Silah lazımdır
Bağırov hirslə dəstəyi atsır. Növbətçiyə dönüb:
- Erməni əsirini gətirin, - dedi.
Samveli gətirdilər.
O əsirlə söhbət etdi...
Artıq axşam saat 10 idi. Mən Allahverdiyə yaxınlaşdım. O mənim üzümə baxib sanki ürəyimi oxudu:
- Tarixçi, sən də getmək istəyirsən? Gedək sərhəddə. Bu gün atışma olmayacaq. Düşmənlərimizin bir-birini öldürdüyünü izləyəcəyik.



Mən də maşına mindim. Samvelin başına bir kisə keçirmişdilər. Əsgəran yolunda Fərux kəndində 19-cu posta yaxınlaşdıq. Erməni postu ilə əlaqə yaradıldı. Erməni zabit xətdə Alahverdi Bağırovun  səsini eşidən kimi dedi:
- Qarik mənimlə əlaqə saxlayıb, yoldadır. Bir saata gələcək. Mənə dedi ki, sizə çatdırım, o dediyiniz adamları da gətirir. Gözləyin...
Aradan bir saat keçdi, Qarik rabitə ilə efirə çıxıb dedi:
- Mən gəldim, neytral əraziyə gəlirəm, əsir və girovlarla birlikdə. Bəs sən necə? Sözündə durdunmu?
Allahverdi:
- Mən sözümdən qaçmamışam, mən də hazıram.
Bağırov əsgərlərimizi təlimatlandırdı:
- Erməni Samvelin olduğu UAZ gözləsin.
Sonra öz maşınına minib üç əsgərimizlə neytral zonaya keçdi.
Qarik bizimkilərə yaxınlaşdı:
- Kapitan Azər iki ay əvvəl ayağından güllə yarası alıb. Vəziyyəti pisdir. Ayağında çürümə gedir. Təcili əməliyyat olunmalıdır. Ermənilər gülləni ayağından çıxarmayıblar, bir də qolunda da güllə yarası var. Qolu da pis gündədir.
Dediyin 10 nəfər Xocalı uşaqlarının 6-nın orqanlarını kəsib, satıblar. 4 uşaq qalmışdı, onları da güclə aldım. Sən adamın gözünün içinə baxanda bilirsən doğru danışdığını. Bax mənə, gör yalan deyirəm ya yox.
Allahverdi:
- İndi bilərik yalan deyirsən ya doğru.
Hərbçilərimiz erməni maşınında gətirilmiş 4 Xocalı uşağı ilə yaralı kapitanı düşürüb, öz maşınlarına mindirdilər. Allahverdi:
- Təcili aparın!
Sonra da tez hava telefonu ilə həkim briqadasına xəbər verdi, uşaqları da valideynlərə çatdırmaq üçün göstəriş verdi.
Qarik:
- Bəs mənə verdiyin söz?
Allahverdi:
- Gözlə, indi gələcəklər.
Allahverdi sürücüsü Əmirlə təkcə qalmışdı, Qarik isə 5 nəfər erməni ilə birlikdə idi. Allahverdi ermənilər dedi:
- Mənim bir şərtim var, beşiniz də məni burda gözləyin. Danışmayın, tərpənməyin, mən deməyincə danışmayacaqsınız. Aydındırmı?

Samvel olan UAZ gəldi.  Allahverdi əlini atıb maşından Samveli çıxartdı, başından kisəni çəkdi. Qarikgil maşının sağ tərəfində durmuşdular. Samvel onları görmürdü. Allahverdi Samvelə:
- Yaxşı bax Əsgərana! Əgər dediklərimi eləməsən Qarikə deyəcəm onun oğlunu necə öldürmüsən. Oğluna necə snayperi vermisən. Hansı postlara kimi yazdığını deyəcəksən. Sözündə durmasan, bax indi Qarik gələcək, səni dəyişəcəm, bir nəfərlə sən azad olacaqsan.

Samvelin gözləri Əsgəran tərəfə baxırdı, maşınının arxasındakı Qariki görmürdü.
Samvel:
- Oldu. Söz verirəm. Nə olsa, xəbər edəcəyəm. Qarik bilsə mən onun oğlunu öldürtdürmüşəm...  Mənim canım sənin əlindədir. Mən məhv olaram.
Qarik maşının arxasından çıxıb əlini Samvelə tuşlayaraq Allahverdiyə dedi:
- Sən indi deyirsən mənim oğlumun qatili budur?
Samvel dabanına tüpürüb Azərbaycan tərəfə qaçmağa başladı. Qarik sakitcə Samvelin ardınca baxıb dedi:
- Allahverdi, sənin hiylən mənə keçməz. Mən Samveli qardaşım qədər çox sevirəm. O mənim oğlumu öldürə bilməz.
Allahverdi Qarikin üstünə yüksək səslə qışqırdı:
- Bəs o niyə ermənilər sarı qaçmadı?
 Qarik öz əsgərlərinə tərəf döndü:
- Bəlkə siz verəsiz bu sualın cavabını? O niyə azərbaycanlılara tərəf qaçdı? 
- Komandir, siz üç erməni əsgərini öldürmüşdünüz, Xocalıda meytlərin üstündən qızıl, pul gizlədiyinə görə. Onlardan biri, Manvel Samvelin bacısı oğlu idi. Mən onların dəfnində oldum, Samvel bacısına söz verdi, and içdi ki,  Manvelin qisasını alacaq. 

 Qarik bağırdı:
- Nə? Sən nə danışrsan? Deməli, mənim öz dostum oğlumu öldürütdürüb vətən xaininə gorə? Yox, bu, ola bilməz! 
Qarik əlini cibinə atıb bıçağını çıxartdı və Samvelin ardınca qaçmağa başladı. 

Samvel Azərbaycan Milli Ordusunun postuna çatıb əsgərlərimizdən kömək diləməyə başladı...  Allahverdi də Qarik  ardınca gəlirdi. Qarik  Samvelin beş metrliyində, əlində bıçaq durmuşdu. Samvel bizim əsgərlərimizin arxasında gizlənərək yalvarırdı. Allahverdi yaxınlaşanda Qarik ona baxdı, komandir başı ilə əsgərlərimizə çəkilmələri üçün işarə etdi. 
Əsgərlərimiz kənara çəkildi. Samvel ortada qaldı, Qarik  onu yaxalayıb bıçaqlamağa başladı:
- Sən öldürdün mənim oğlumu, öl, payını al! O, Samvelə on bıçaq zərbəsi vurdu. Üstü-başı qana bulaşdı. Ayağa qalxıb öz tərəflərinə yönəldi və Allahverdiyə:
- Sağ ol! Mən sənə təşəkkürü sonra edəcəm. İndi isə tələsirəm. Mənim o biri düşmənlərim sağdır.

Samvel qışqıra-qışqıra öz postlarına tərəf qaçırdı. İki əli qarnını tutmuşdu, bağırsaqlarını tutmağa çalışırdı. Allahverdi ona yaxınlaşanda yalvarmağa başladı:
- Kömək elə, qoyma ölüm. Məni həkimə apar, yaşamaq istəyirəm. 
- Sən Kamilə nə demişdin? “Həyatda ən xoşladığım şey düşmənin silahı ilə onu öldürməkdir”. Mənsə deyirəm, həyatda ən sevdiyim şey düşməni düşmənə öldürtməkdir. Mən Kamilə söz vermişdim ki, onun qisasını alacam. Həm də zülm verə-verə alacam. 
Samvel:
- Sən bir nəfəri öldürməklə əlinə nə keçəcək? Mən öz dəstəmlə bir dəfəyə 130 nəfəri öldürmüşdüm. Bunu sən də bilirsən. 
Allahverdi:
- Qarik sənin oğlunu, aləni də öldürməyə getdi. Sabah da o biri yoldaşlarını sizə bir-bir öldürtdürəcəyik. Sizin gücünüz silahsız insanlara çatır.
- Nə? Oğlummmu? Qarik onu da öldürəcək? Sən ona demisən, eləmi?..

Samvel gücdən düşüb xırıldamağa başladı, elə ordaca canını tapşırdı
.
Allahverdi başındakı papağı çıxaranda, əsgərlərimiz donub qaldılar. Onlar da bir-birinin üzünə baxıb papaqlarını çıxartdılar. Allahverdi Samvelin meyitinə baxaraq, yüksək səslə dedi:
- Dostum, qardaşım Kamil, sənə verdiyim sözü tutdum. Sənin düşmənini elə düşmənin özünə öldürtdüm. Allah imkan versə, namərd gülləsinə tuş gəlməsəm, bu namərdləri bir-bir gəbərdəcəm. İt kimi!
O papağını başına qoyub neytral zonada dayanmış erməni əsgərlərini çağırdı:
- Gəlin zibilinizi aparın! 
Onlar Samvelin ayağından tutub sürüyərək öz səngərlərinə tərəf apardılar. Allahverdi bizim postdakı əsgərlərə göstərişlərini verib UAZ-a mindi. Onun yolu xəstəxanaya tərəf idi, kapitanın vəziyəti onu narahat edirdi.

Həkimlər xəstəni əməliyyata hazırlayırdılar.
Allahverdi:
- Mən bu kapitanı tanımırdım, o əsir düşəndə eşitdim. Ağdamlı deyil, amma ağdamlıları qorumaq üçün buraya gəlib, əsir düşüb. Siz onu sağaltmalısınız, əks təqdirdə gözümdən düşəcəksiniz. 
Həkim:
- Vəziyyəti çox pisdir. Ayağında çürümə gedir. Qanında da qanqrena var. Biz onu həyata qaytaracağıq amma ayağının biri kəsilməlidir. 
- Yox, həkim, o hələ cavandır. Kəsməyin, nə lazım olsa, deyin. Mən dava-dərmanını taparam. Lazımdırsa, Bakıya aparaq. Kömək edin! 
Həkim başını buladı:
- Bakıya aparmaq çox gecdir. Namərd düşmən iki aydır ki, gülləni çıxarmayıb. Baxın, güllə olan yerdə siqaret söndürüblər, rezinlə dubinkayla vurublar, bıçaqla kəsiblər. Biz yenə də çalışacağıq ki, ayağını kəsməyək. Əməliyyat 7-8 saat çəkəcək. 

Həkimlər Allahverdinin xətrini çox istəyirdilər. Ona hörmətlə söhbət edərək başa salmağa çalışırdılar. 
Allahverdi əsgərlərinə:
- Mən qərargahdayam. Evə getməyəcəm. Nə lazım olsa, mənə xəbər edərsiniz.  
Biz onun Ağdamda “Pionerlər evi”ndəki qərargahına gəldi. Növbətçi:
- Azad etdiyimiz girov xocalılıların dördünü də valideynlərinə təhvil verdik. Sizi gözləmədilər,  amma bir təşəkkür edib getsəydilər kaş ki... Eləcə uşaqlarını alıb getdilər. 
- O uşaqların alqışı mənə bəsdir. 
- O gün gələnlərdən altısı da burdadır. Sizi görmək istəyirlər. 
- Gəlsinlər.

Allahverdi gələnlərlə görüşür:
- Elə bilin ki, sizin övladınız mənim öz övladımdır, mən öz balamı azad edirəm. Əlimdən gələn nə bacarıramsa, edəcəm, bütün gücümü, əlaqələrimi bu işə yönəldəcəm. Bu gün dördünü azad edə bildim. 
Allahverdi onlara ürək-dirək verib, yola saldı.

Ardı var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı