Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan kommersiya yönümlü müəssisələrin də operativ fəaliyyətlə bağlı analoji ehtiyacları var.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclasında “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı gündəmə gətirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədrinin birinci müavini Cəfər Babayev bildirib ki, dövlətə məxsus kommersiya qurumlarının operativ fəaliyyətinin təmin edilməsi üçün satınalma prosedurlarının xüsusiyyətlərinin nəzərə alınmasına ehtiyac yaranıb.
Onun sözlərinə görə, hazırda SOCAR, “Azərbaycan Dəmir Yolları” və Azərbaycan Beynəlxalq Bankı kimi dövlət payı olan kommersiya qurumları müəyyən şərtlərlə öz fəaliyyətindən əldə etdikləri vəsait hesabına satınalmaları ayrıca qaydalar əsasında həyata keçirə bilirlər.
Qüvvədə olan qanunun 3.2.8-ci maddəsi də müəyyən kommersiya hüquqi şəxslərinin dövlət büdcəsi, subsidiyalar, dövlət zəmanətli kreditlər və digər sadalanan dövlət maliyyə mənbələri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına apardıqları satınalmaları ümumi satınalma rejimindən istisna edir.
Cəfər Babayev bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan kommersiya yönümlü müəssisələrin də operativ fəaliyyətlə bağlı analoji ehtiyacları var.
“Təklif olunan dəyişiklik məhz həmin qurumlara da eyni hüquqların verilməsi, operativ fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edir”, – o qeyd edib.