Şəhid Səbuhun anası oğlunun uşaqlıq xatirələrindən və döyüşdə göstərdiyi son qəhrəmanlıqdan danışıb.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, anasının sözlərinə görə, Səbuh üç bacının yeganə qardaşı olub. O, qızlarından 10 il sonra dünyaya gəlib.
“Allah onu bizə bir əmanət kimi vermişdi. Altı yaşında nənəsi ondan böyüyəndə nə olmaq istədiyini soruşmuşdu. Səbuh da ‘Şəhid olacağam’ demişdi”, – ana xatırlayıb.
O bildirib ki, Səbuh doqquz yaşından idmanla məşğul olub. Məktəbdə bayrağı həmişə o daşıdığı üçün onu “bayraqdar” çağırıblar. Hərbi xidmətə çağırış vərəqəsini səbirsizliklə gözləyib, vərəqəni alanda isə çox sevinib.
Anası oğlunun bacısı oğlunun doğulması xəbərini də böyük sevinclə qarşıladığını deyib. Səbuh bacısına zəng edərək körpənin 15 günlük olduğunu öyrənib, şirniyyat alıb ətrafdakılara paylayıb. Lakin bacısı oğlunu görmək ona qismət olmayıb.
Ana Səbuhun son döyüşündən də danışıb. Onun sözlərinə görə, oğlu yaralı döyüş yoldaşına kömək etmək üçün düşmən istiqamətinə qumbara atıb. Həmin vaxt snayper atəşinə tuş gələrək döyüş meydanında şəhid olub.