Modern.az

Daşkəsən Azərbaycanın turizm mərkəzi ola bilər

Daşkəsən Azərbaycanın turizm mərkəzi ola bilər

Ölkə

Bu gün, 17:20

Azərbaycanın bölgələrində turistlərin hələ kəşf etmədiyi, lakin böyük turizm potensialına malik çoxsaylı məkanlar var. Bəs bu ərazilərin turizm marşrutlarına daxil edilməsi və daha çox tanıdılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Modern.az-a açıqlama verib:

“Hər bir bölgənin yerli sakinlər tərəfindən tanınan, öz turizm potensialı və maraq dairəsi ilə seçilən əraziləri var. Ola bilər ki, bu yerlər turistlər tərəfindən hələ tam kəşf olunmayıb. Demək olar ki, bütün rayonlarımızda belə ərazilər mövcuddur. Onların əhəmiyyəti artdıqca, diqqət cəlb etdikcə və daha çox tanındıqca turist marşrutlarına daxil edilir”.

Onun sözlərinə görə, yeni turizm marşrutlarının və məhsullarının yaranması birbaşa turistlərin sayının və tələbatın artması ilə bağlıdır. Hazırda mövcud turist axınına uyğun marşrutlar hazırlanır və turizm məhsulları təqdim olunur. Tələbat artdıqca isə yeni təkliflərin meydana çıxması gözlənilir.

Ceyhun Aşurov bildirib ki, Azərbaycanın əksər bölgələrində turistlərin hələ kütləvi şəkildə üz tutmadığı, lakin böyük turizm potensialına malik ərazilər var. Həmin məkanların geniş turist kütləsi üçün əlçatan olması vacibdir. Məsələn, Gədəbəy və Daşkəsən ərazilərində maraqlı təbiət mənzərələri olsa da, bu yerlərin turizm baxımından inkişafı yolların, infrastrukturun və investisiyaların səviyyəsindən asılıdır. Turizm destinasiyasının inkişafı üçün üç əsas amil – təhlükəsizlik, zəngin rekreasiya və turizm resursları, eləcə də əlçatanlıq vacibdir.

“Yalnız turizm və rekreasiya resurslarının mövcudluğu kifayət etmir, həmin ərazilərə rahat gediş-gəliş imkanı da olmalıdır. Bu üç amil bir araya gəldikdə ərazinin turizm baxımından inkişafı və oradakı turizm məhsullarının turistlərə təqdim olunması asanlaşır. Azərbaycanın müxtəlif regionlarında bu imkanlar mövcuddur. Sadəcə, əlçatanlığın artırılması həmin ərazilərin turizm məkanı kimi inkişafına ciddi töhfə verə bilər”, - deyə turizm eksperti bildirib.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir