20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi təsbit olunub. Bu tarix təsadüfi seçilməyib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edilib.
Bu baxımdan 20 Sentyabr təxminən 1 qərinə ərzində davam edən münaqişənin, işğalın və məcburi köçkünlük həyatının yaratdığı məşəqqətli səhifənin bağlanmasını, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını ifadə edir.
Xüsusilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə adlarının eyni tarixdə birləşməsi böyük simvolik məna daşıyır. Çünki bu şəhərlər Qarabağın tarixində, mədəniyyətində və ictimai həyatında mühüm yer tutmaqla yanaşı, uzun illər işğal və separatizmin yaratdığı faciələrin də şahidi olublar.
2023-cü ilin noyabrında Xankəndidə hərbi paradın keçirilməsi Azərbaycan tarixində simvolik və dövlətçilik baxımından xüsusi məna daşıyan hadisə idi. Zəfər Günündə keçirilən parad 2020-ci il müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün, 2023-cü ilin sentyabr hadisələrindən sonra isə dövlət suverenliyinin tam bərpası fonunda baş tutdu.
Paradın iştirakçıları arasında 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələr də vardı. Müzəffər Ali Baş Komandan paradda çıxışı zamanı Ordunun peşəkarlığını, döyüş hazırlığını və hərbçilərin göstərdiyi qəhrəmanlığı xüsusi vurğuladı.
2023-cü il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdı. Cənab Prezident qeyd etmişdir ki, “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi".

Vaxtilə Azərbaycan xalqının ən ağır faciələrindən birinin yaşandığı Xocalıda 30 ilə yaxın müddətdən sonra Azərbaycan Bayrağının dalğalanması tarixi ədalətin bərpasının simvoluna çevrildi. Xocalı şəhərində 2024-cü ildə Soyqırımı Memorialının təməlinin qoyulması, 2026-cı ildə isə memorialın açılması tarixi yaddaşın qorunmasına yönəlmiş mühüm addımlardandır.
20 Sentyabr həm də Qarabağın gələcəyinə açılan səhifədir. Bunun ən mühüm nümunələrindən biri Xankəndidə Qarabağ Universitetinin yaradılmasıdır. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan universitet regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına hesablanıb. 2024-cü il sentyabrın 20-də universitetin təmirdən sonra açılışının məhz Xankəndidə şəhər günlərinin təsis edildiyi tarixdə keçirilməsi də rəmzi məna daşıyır.
Bu gün Xankəndidə müasir şəhər infrastrukturu qurulur. Xocavənddə də bərpa və məskunlaşma prosesi geniş vüsət alır. Hadrut, Tuğ, Xocavənd və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr ərazilərin sosial və iqtisadi baxımdan da dirçəldilməsinə xidmət edir.
Eyni zamanda Ağdərənin də yenidən rayon kimi təşkil olunması bu prosesin mühüm istiqamətlərindəndir. Ağdərə şəhərinin rayon mərkəzi kimi müəyyənləşdirilməsi ilə tarixi inzibati bölgünün bərpasına hüquqi əsas yaradılıb. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Ağdərə rayonunun kəndlərinə səfərləri, yeni yaşayış komplekslərinin, sosial obyektlərin və enerji layihələrinin açılışlarında iştirakı burada yeni həyatın formalaşdırıldığını təsdiqləyir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görülən işlərin miqyası bir həqiqəti ortaya qoyur - Zəfərin davamı şəhərlərin bərpası, insanların öz doğma yurdlarına qayıtmasıdır.
Nigar Məmmədova,
Milli Məclisin deputatı