telejurnalist
Bir vaxtlar Bakıda belə bir zavod vardı: Kalinin adına cihazqayırma zavodu. Yaşlı jurnalistlər yəqin ki, yaxşı xatırlayarlar. Şəhərin mərkəzində yerləşirdi və bu müəssisə Dəmir yolu idarəsi binasının arxa tərəfində, daha dəqiq desək, binanın arxasından iki tin aralı “qara şəhər” deyilən tərəfdəydi. Zavodun yerini izah etməkdə məqsədim , demək olar ki, hər gün televiziyanın və radionun xəbərlər verilişləri bu müəssisədən yayımlar verdiyini xatırlatmaqdır. Tamaşaçıların hafizəsindən çox güman ki, elektrik cihazqayırma sexindən çəkilmiş epizodlar hələ silinməyib. Geniş sexdə yüzlərlə adam konveyer arxasında əyləşib ara vermədən işləri ilə məşğul olurdu: kimi naqilləri dəstələyir, kimisi xətləri açır, bir başqası başının üstündə asılmış qaynaq aparatı ilə işləyirdi.
Belə bir mənzərəyə bu yaxınlarda harada rast gəlsəm yaxşıdır? “Yaşıl bazar”da. Təəccüblənməyin. Bu bazarın göyərti satılan bölməsi lap Kalinin adına zavodun yığma sexini xatırladır. Geniş ərazidə göyərti satan cavanlar, yaşlılar, kişi və qadınlar səhərin tezindən axşamacan başlarını aşağı salıb dəstə bağlamaqla məşğuldurlar. Onlar öz təsərrüfatlarında becərdikləri iri göyərti dəstələrini sahibindən ucuz qiymətə alıb baha qiymətə satmaqla kifayətlənmirlər. Hər dəstəni dörd-beş yerə bölüb xüsusi saplarla və ya söyüd, qələmə çöpləri ilə dəstələyirlər, hər dəstəni isə 15-20 qəpiyə satırlar. Bu işi onlar hamının – alıcıların, bazar nəzarətçilərinin, əraziyə xidmət edən polis əməkdaşlarının gözləri qarşısında görürlər.

Sizi bilmirəm, mən belə üzdəniraq üsulla göyərtisatanları görəndə onların qarşısından ötür, əsəbiləşir, göyərti almadan evə dönürəm. Adətən rayonlardan, ətraf qəsəbələrdən gətirilən göyərti dəstələri iri olur, onları alanda bilirsən ki, nəsə almısan. Yəqin ki bu mənzərə çoxlarına pis təsir göstərir. Amma bazar nəzarətçiləri belə iyrənc hərəkətə göz yumurlar. Ümumiyyətlə “Yaşıl bazar” dediyimiz bu ticarət məkanı başdan –ayağa alverçilərin əlindədir. Bir vaxtlar belələrinə qarşı mübarizə aparılardı, satılan məhsulun üstündə qiymətləri yazılardı, tərəzilər sahmanda olardı. İndi guya avtomat tərəzilər qoyulub. Ona da bir yol tapıblar, hər çəkidə alıcı aldadılır.
Nə deyəsən? Özlərini qaçqın-köçkün kimi təqdim edən alverçilərə “gözün üstə qaşın var” deyən yoxdur. İl boyu istər quru meyvələr, tər tərəvəz məhsulları, hətta balıq, pendir satanlar eyni adamlardır. Onları alıcılar tanıyir, bazar nəzarətçiləri yox. Niyə?
P.S. Belə mənzərəyə Bakıdakı bütün bazarlarda rast gəlmək mümkündür. Xüsusən, “Təzə bazar”da, Nəsimi rayonundakı 1 nömrəli bazarda.