Modern.az

Dünyəvilik dini dəyərlərin inkarı deyil - Bəyanat

Dünyəvilik dini dəyərlərin inkarı deyil - Bəyanat

Ölkə

Bu gün, 12:41

Azərbaycan Ağsaqqallar Şurası məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə və dini qarşıdurma predmetinə çevrilməsinə etiraz edib.

Modern.az xəbər verir ki, bu barədə Şuranın bəyanatında bildirilib.

Bəyanatda həssas ictimai məsələlərdən istifadə edərək insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyə və ictimai sabitliyə xələl gətirməyə yönələn cəhdlər pislənilib. Xarici informasiya resurslarında Azərbaycanın daxili məsələlərinin təhrif olunması və dini hisslər üzərindən manipulyasiyaların aparılması yolverilməz adlandırılıb.

Şura Azərbaycanın dünyəvilik prinsipinin dini dəyərlərə hörmətlə ziddiyyət təşkil etmədiyini vurğulayıb:

“Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin dinlərə münasibətdə hüquqi əsaslarla fəaliyyət göstərməsi, bütün dini etiqadlara hörmət və təhsil sisteminin elmi bilik, azad düşüncə və bərabər hüquqlar üzərində qurulması deməkdir”.

Bəyanatda ölkədə məscidlərin tikintisi və bərpası istiqamətində görülən işlər İslam dininə və milli-mənəvi dəyərlərə ehtiramın ifadəsi kimi qiymətləndirilib.

Azərbaycan Ağsaqqallar Şurası Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəklədiyini bildirib. Qaydaların ardıcıl, şəffaf və hamıya bərabər tətbiqinin vacibliyi qeyd olunub.

“Biz hesab edirik ki, dövlətçiliklə dini-mənəvi dəyərlər arasında qarşıdurma yaratmaq qəbuledilməzdir”, – bəyanatda vurğulanıb.

Şura valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, yoxlanılmamış məlumatları yaymamağa və milli həmrəyliyi qorumağa çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı