Azərbaycanda dövlət məktəblərində vahid geyim qaydaları ilə əlaqədar hicablı şagirdlərin dərsə buraxılmaması məsələsi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Xalq artisti Gülyanaq Məmmədova Modern.az-a açıqlama verib.
O, vahid məktəbli formalarının tərəfdarı olduğunu bildirib:
“Əlbəttə, mən də vahid məktəbli formalarının tərəfdarıyam. Dövlətimizin müəyyən etdiyi formalar gözəldir. Bizim dövrümüzdə də özünəməxsus məktəbli formaları var idi. Onları səliqəli geyinir, saçımıza bant taxır, paltarlarımızı ütüləyib məktəbə sevgi ilə gedirdik. Müəllimlərimizə də böyük hörmətlə yanaşır, onları müqəddəs varlıq kimi qəbul edirdik.
İndi də gözəl məktəbli formaları var. Bu geyimlər həm müəllimlərin, həm də şagirdlərin səliqəli görünməsini təmin edir. Belə olduqda diqqət dərsə, düşüncəyə və biliyə yönəlir. Heç kim bir-birinin geyiminin ucuz və ya bahalı olması ilə maraqlanmır, valideynlər də seçim qarşısında qalmırlar. Məktəbli formalarını eyni mağazalardan rahatlıqla almaq mümkündür. Mən də bir valideyn kimi bundan həmişə rahatlıq duymuşam. Övladlarım üçün ayrıca geyim axtarışına çıxmamış, hamısına eyni mağazadan məktəbli forması almışam. Mən məhz belə vahid formaları dəstəkləyirəm”.
G.Məmmədova müəllim və şagirdlərin geyim mədəniyyətinə diqqət yetirməli olduqlarını vurğulayıb. O bildirib ki, özü də müəllim kimi tələbələrinin qarşısına çıxarkən geyiminə xüsusi diqqət edir:
“İstər səhnədə, istərsə də universitetdə müəllim və sənətçi kimi geyim mədəniyyətinə diqqət yetirməyə çalışmışam. Çünki mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. İslam dinimizi də qorumalıyıq. Hər bir məsələ bizim üçün önəmlidir”.
“Əsas odur ki, səs-küy yaratmadan, sakit və gözəl şəkildə təhsilimizi inkişaf etdirək, dövlətimizin gələcəyi olan gənclərimizə dəstək olaq”, – deyə xalq artisti əlavə edib.
Nicat Rüstəm