Modern.az

Hicab, Zəngəzur, İran - hadisələrin kəsişdiyi NÖQTƏ

Hicab, Zəngəzur, İran - hadisələrin kəsişdiyi NÖQTƏ

Ölkə

Bu gün, 09:55

Son baş verənlər onu göstərir ki, bir ölkənin gələcəyinə qarşı mübarizə onun sərhədlərində başlamır. Həmin mübarizə məktəb dəhlizində, sosial şəbəkədə, bir uşağın videosunda, dini hisslərə ünvanlanan çağırışda görünür. Görünən odur ki, indi cəmiyyətin diqqəti bir məsələnin üzərində cəmləşir. İnsanlar bir-birinə qarşı qoyulur. Əsas müzakirə mövzusu dəyişir. Bir müddət sonra hamı eyni sualın ətrafında mübahisə edir, ölkənin qarşısında dayanan daha böyük məsələlər isə arxa plana keçir.

Bu gün Azərbaycanda məktəbli geyimi ətrafında yaranan müzakirələrə baxarkən özümüzdən soruşaq, biz nəyi müzakirə edirik? Hansı problemi həll etməyə çalışırıq? Bu mübahisə kimə qazandırır? Ən əsası, XXI əsrdə uşaqlarımızı hansı gələcəyə hazırlayırıq?

Dünya süni intellektin imkanlarını genişləndirir, dövlətlər texnoloji üstünlük uğrunda yarışır, təhsil sistemləri gələcəyin peşələrinə uyğunlaşmağa çalışır. Bizim də qarşımızda belə bir yol dayanır. Ancaq enerjimizi qarşıdurmaya sərf etsək, başqalarının yaratdığı süni gündəmin arxasınca qaçsaq, inkişaf üçün lazım olan vaxtı və diqqəti itirəcəyik.

Burada məsələ dinə hörmətlə dünyəvi dövlət prinsipinin necə uzlaşdırılmasıdır. Unudulmamalıdır, Azərbaycan öz dövlət modelini seçmiş müstəqil ölkədir.


Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını təsbit edir. Konstitusiyanın 42-ci maddəsində isə hər kəsin təhsil hüququ tanınır. Bu prinsiplər hüquqi tarazlığı təmin etmək üçün mövcuddur.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edib. Qərarda məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementləri ilə bağlı müddəalar yer alır. Sənədin mətnində hicabın adı ümumiyyətlə çəkilmir.

Deməli, qərarın məzmununu dəqiq oxumadan onu bütövlükdə “hicab qadağası” adlandırmaq düzgün yanaşma deyil. Dövlət məktəbində vahid geyim forması tətbiq edilə bilməzmi? Əlbəttə, dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının müəyyənləşdirilməsi özlüyündə dünyaya zidd və ya qeyri-adi praktika deyil. Məktəblər şagirdlərin geyimi, davranışı və təhsil mühitinin təşkili ilə bağlı müəyyən qaydalar tətbiq edə bilərlər.

Vahid forma uşaqlar arasındakı maddi fərqlərin geyim vasitəsilə qabardılmasını azaltmağa, məktəb mühitində ümumi qayda yaratmağa kömək edir.  Dünyəvilik dinə düşmənçilik deyil.

Azərbaycanın dini kimliyinə münasibət bildirərkən ölkənin tarixinə və faktiki vəziyyətinə baxmaq lazımdır.


Azərbaycan dünyəvi dövlətdir. Ancaq dünyəvilik xalqın müsəlman kimliyini inkar etmir. Əksinə, dövlətin dini inanc məsələlərində hüquqi çərçivəni qorumasını və müxtəlif inanclara münasibətdə bərabərliyi təmin etməsini nəzərdə tutur. Müstəqillik dövründə dini abidələrin bərpası, yeni məscidlərin tikilməsi, dini irsin qorunması bu münasibətin mühüm istiqamətlərindəndir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi statistikasında Azərbaycan ərazisində 2 389 məscidin olduğu göstərilir. Azərbaycanın rəsmi dövlət portalında isə sovet dövründə ölkədə cəmi 17 məscidin fəaliyyət göstərdiyi qeyd edilir. Bu rəqəmlər fərqli tarixi dövrləri əhatə edir, lakin ölkənin dini infrastrukturunda baş verən böyük dəyişiklik barədə aydın təsəvvür yaradır.

İndi isə Qarabağa baxaq. Prezident İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam məscidini ziyarət edib, müqəddəs Qurani-Kərimi məscidə təqdim edib və orada dua edib. İşğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası sonrakı illərdə də dövlətin gündəliyində yer alıb. 2022-ci ildə rəsmi qurumlar azad edilmiş ərazilərdə səkkiz məscidin əsaslı təmiri, bərpası və tikintisinin nəzərdə tutulduğunu açıqlayıblar.

Şuşada, Ağdamda, Zəngilanda və digər ərazilərdə məscidlərin vəziyyəti Azərbaycanın dini irsinin hansı zərər gördüyünü də nümayiş etdirirdi. Zəngilan məscidinin bərpası ilə bağlı da rəsmi addımlar atılıb.  Bu faktlar qarşısında Azərbaycanı İslamla mübarizə aparan dövlət kimi təqdim etmək nə dərəcədə ədalətlidir? Azərbaycanın dini irsə münasibətini müzakirə edən şəxs bu faktları görməlidir.

Bir tərəfdən məscidlər bərpa olunur, dini abidələr qorunur, digər tərəfdən məktəbli geyimi ilə bağlı qayda avtomatik olaraq İslama qarşı mübarizə kimi təqdim edilir. Bu yanaşmada korluq və ciddi məntiq problemi var. Azərbaycanın dünyəvi dövlət olması onun müsəlman cəmiyyətinə sahib olmasına mane deyil.

İşğal dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycanın dini-mədəni irsinə ciddi ziyan dəyib. Prezident İlham Əliyev 2020-ci ilin noyabrında Ağdam məscidinə səfəri zamanı məscidin vəziyyətinə diqqət çəkib. Sonrakı çıxışlarında da işğal altında olmuş ərazilərdə bəzi məscidlərin təhqir edilməsi, onların təsərrüfat məqsədləri üçün istifadə olunması barədə danışıb. Şuşa məscidində ermənilərin donuz saxlamasını bütün dünya gördü. Bu, Azərbaycan cəmiyyətinin yaddaşında dərin iz buraxan məsələdir.


Ona görə də bu gün dini həssaslıq nümayiş etdirən şəxslərdən soruşmaq lazımdır, dini abidələr dağıdılarkən, təhqir edilərkən həssaslığınız harada gizlənmişdi? Azad edilmiş torpaqlarda məscidlərin bərpası üçün görülən işlərə münasibət necə olub?

Əgər dinə hörmət prinsipi doğrudan da səmimidirsə, o, yalnız məktəbli forması mübahisəsi zamanı yada düşməməlidir. Dini irsə hörmət hər yerdə, hər zaman eyni prinsip kimi müdafiə olunmalıdır.

Mövzunun daha həssas tərəflərindən biri İran nümunəsidir. İranda hicab uzun illərdir hüquqi və siyasi mübahisələrin mərkəzindədir. 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində ölümündən sonra ölkədə geniş etirazlar baş verdi. BMT-nin İrana dair müstəqil faktaraşdırıcı missiyası 2025-ci ilin martında yaydığı məlumatlarda məcburi hicab qaydalarına əməl etməyən qadınlara qarşı cinayət təqibinin, nəzarətin və cəzalandırma tədbirlərinin gücləndirildiyini bildirmişdi.

2025-ci ildə beynəlxalq media orqanları İranda bir çox qadının hicab qaydalarına açıq şəkildə etiraz etdiyini, bəzi şəhərlərdə baş örtüyü olmadan ictimai yerlərə çıxdığını və hakimiyyətin bu məsələdə cəmiyyətin müqavimətini nəzərə almaq məcburiyyətində qaldığını yazırdı. Bununla belə, məcburi hicab tələbi hüquqi baxımdan qüvvədə qalırdı.

Bu mənzərədən çıxarılmalı olan nəticə odur ki, İran cəmiyyətinin daxilində də fərqli dini, siyasi və sosial mövqelər var.  Bir qadın hicabı öz dini seçimi kimi qəbul edə, başqa biri onu taxmaq istəməyə bilər.

İran nümunəsi göstərir ki, dini simvol siyasi hakimiyyətin məcburiyyət alətinə çevriləndə həmin simvol cəmiyyət daxilində dərin qarşıdurma yarada bilər.


Mübahisənin emosional tərəflərindən biri də azyaşlı uşaqların hicabla görüntülərinin sosial şəbəkələrdə paylaşılmasıdır. Bir ata birinci sinifdə oxuyan qızının hicablı videosunu paylaşır və həmin görüntünün ictimai mübahisədə necə istifadə olunması iyrənc məsələdir. Uşaq dini simvolun mənasını dərk edə bilmir. Onun üçün baş örtüyü ailəsinin seçdiyi geyimdir. Buna görə də uşağın videosundan bütöv bir cəmiyyətin dini azadlıqları haqqında yekun nəticə çıxarmaq kökündən yanlışdır.

Valideynin seçimi uşağın maraqlarını arxa plana keçirməməlidir. Uşağın məktəbə getməsi, təhsil alması, sinif yoldaşları ilə bərabər şəraitdə oxuması və öz şəxsiyyətini formalaşdırması əsas məsələ olaraq qalmalıdır.

Bu mövzuda emosional görüntülərdən siyasi nəticə çıxarmağa tələsmək əvəzinə, konkret məqamlara diqqət etmək lazımdır. Cəmiyyətin dini mövzulara həssas yanaşması vacibdir.

Azərbaycanda erkən evlilik, yetkinlik yaşına çatmayanların nikaha cəlb olunması, uşaqların təhsildən yayınması və onların gələcəyini məhdudlaşdıran ailə qərarları ciddi sosial problemlərdir. Bu problemlərin kökündə xurafatlı din dayanır.  Uşağın təhsil alması, təhlükəsiz böyüməsi, sağlam inkişafı və gələcəyini qurmaq imkanı hər hansı simvolik mübahisədən daha vacibdir. Dini və milli dəyərlər də uşağın ləyaqətini qorumağa xidmət etməlidir, siyasi müzakirələrə xidmət etməməlidir.

Birinci sinif şagirdinin geyimi ətrafında mübahisə aparan cəmiyyət eyni zamanda məktəbdən yayınan uşaqlar, erkən nikah riski ilə üzləşən qızlar və təhsildən kənarda qalan yeniyetmələr barədə də düşünməlidir. Əgər uşağın gələcəyi həqiqətən bizim üçün önəmlidirsə, müzakirəmizin mərkəzində onun təhsili və hüquqları dayanmalıdır. Uşağın başına nə taxıldığını müzakirə edərkən, onun gələcəyinin əlindən alınmamasına da eyni həssaslıqla yanaşmalıyıq.

Məktəbli geyimi mübahisəsinin regional siyasi kontekstdən tamamilə ayrı olduğunu düşünmək də sadəlövhlük olardı. İranın Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələri və Zəngəzur dəhlizi adlandırılan marşrutla bağlı mövqeyi açıq mənbələrdə sənədləşdirilib. İran rəsmiləri dəfələrlə Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin dəyişməzliyi məsələsini Tehranın qırmızı xətti kimi təqdim ediblər. 2025-ci ilin fevralında İranın Ermənistandakı səfiri Mehdi Sobhani İranın ekstraterritorial dəhliz modelinə qarşı olduğunu bildirmişdi. 2026-cı ilin sentyabrında isə İranın Ermənistandakı səfiri Xəlil Şirğolami TRIPP layihəsi barədə danışarkən Tehranın Azərbaycanın və Türkiyənin əvvəl irəli sürdüyü dəhliz konsepsiyasını dəstəkləmədiyini vurğulamışdı. Bu faktlar İranın regional nəqliyyat arxitekturası ilə bağlı Azərbaycanın maraqlarına qarşı çıxdığını açıq göstərir.

Azərbaycanın isə əsas maraqlarından biri Naxçıvanla maneəsiz, etibarlı nəqliyyat əlaqəsinin təmin edilməsidir. Görünən odur ki, regional nəqliyyat və geosiyasi məsələlərdə maraqları toqquşan İran dini və ictimai həssaslıqlardan istifadə etməyə çalışır. Odur ki, ictimai rəydən, informasiya siyasətindən və ideoloji təsirlərdən xarici siyasət aləti kimi istifadə edir. Konkret hicab mübahisəsinin İran tərəfindən təşkil edildi, Türkiyədəki müəyyən şəxslərin Tehranın göstərişi ilə hərəkət etdiyini təsdiqləyən faktlar var.


Bəli, İranın Zəngəzur marşrutu ilə bağlı mövqeyi Azərbaycan üçün əhəmiyyətli geosiyasi reallıqdır. Bu reallıq regiondakı hər bir informasiya mübahisəsini diqqətlə izləməyi tələb edir. İran Cənubi Qafqazda sülhə və özünün regional nəqliyyat mövqeyinin zəifləməsinə səbəb ola biləcək ssenarilərə qarşı çıxır. Bu, İran rəsmilərinin açıqlamalarından görünür. Dini faktoru ortaya siyasi oyun kimi atan İranın bu gedişi Azərbaycan və Türkiyə cəmiyyətlərində dini, milli və tarixi məsələlər güclü emosional reaksiya yaradır.  Deməli, ayıqlıq lazımdır. Ortaq dil, tarix, mədəniyyət, siyasi əməkdaşlıq və ağır günlərdə göstərilmiş qarşılıqlı dəstək bu münasibətləri ayrılmaz edir. Ancaq qardaşlıq münasibətləri nə qədər güclüdürsə, ona münasibətdə məsuliyyət də bir o qədər böyük olmalıdır.

Türkiyədə ictimai və siyasi mövqeyi olan şəxslər Azərbaycanda baş verən hadisələri müzakirə edə bilərlər. Azərbaycan cəmiyyəti də Türkiyədəki prosesləri izləyir, müzakirə edir. Bu, iki cəmiyyət arasındakı təbii marağın göstəricisidir. Lakin başqa ölkənin daxili hüquqi qərarını araşdırmadan onu bütövlükdə dini azadlıqlara qarşı addım kimi təqdim etmək problemlidir. Xüsusilə dövlət rəhbərliyinə yaxın olan şəxslərin açıqlamaları daha böyük məsuliyyət yaradır

Türkiyənin dünyəvilik təcrübəsi uzun və mürəkkəb tarixi prosesin nəticəsidir. Mustafa Kamal Atatürk dövründə həyata keçirilən islahatlar Türkiyə dövlətinin dünyəvi institutlarının formalaşmasında mühüm rol oynayıb. Bununla belə, Türkiyə cəmiyyətində dinin ictimai rolu, baş örtüyü və dövlət institutlarının dünyəvi xarakteri barədə müzakirələr müxtəlif dövrlərdə davam edib.

Azərbaycanın dünyəvi dövlət modeli də öz tarixi şəraitində formalaşıb. Bu modelin mahiyyəti dini inancı aradan qaldırmaq deyil, dövlət idarəçiliyini dini məcburiyyətdən ayırmaq, vətəndaşların hüquqlarını qorumaq və təhsil sisteminin dünyəvi xarakterini təmin etməkdir.

Bu siyasət Azərbaycanı dindən uzaqlaşdırmır. Azərbaycan cəmiyyətində İslamın tarixi və mədəni yeri qalır. Eyni zamanda, dövlətin qanunları dini şərhlərdən asılı olmadan, Konstitusiya və hüquq prinsipləri əsasında tətbiq edilir. Əsl müasirlik də buradadır.

Bu gün süni intellekt iqtisadiyyatın, təhsilin, təhlükəsizliyin, elmin və dövlət idarəçiliyinin gələcəyinə təsir edən vasitəyə çevrilir. Dövlətlər yeni texnologiyalara investisiya yatırır, rəqəmsal savadlılığı artırır, uşaqlarını gələcəyin əmək bazarına hazırlayırlar. Belə bir dünyada Azərbaycan  da insan kapitalını gücləndirməli, təhsilin keyfiyyətini yüksəltməli, gənclərin elmi və texnoloji imkanlarını genişləndirməlidir.

Əgər hər bir ictimai məsələ emosional qarşıdurmaya çevrilirsə, insanlar faktları yoxlamaq əvəzinə bir-birini ittiham edirsə, uşaqların gələcəyi böyüklərin mübahisəsində arxa plana keçirsə, bu, inkişaf üçün faydalı mühit deyil.

Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, nəqliyyat bağlantılarının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, keyfiyyətli təhsil, yeni texnologiyalar və gənclərin gələcəyi kimi mühüm vəzifələr var.  XXI əsrdə geridə qalmaq təkcə texnologiyadan geri qalmaq deyil. Geridə qalmaq faktın yerini şayiəyə, düşüncənin yerini emosiyaya, uşağın gələcəyinin yerini böyüklərin bitməyən mübahisəsinə verməkdir.


Regionda maraqları toqquşan dövlətlər və siyasi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərində yaranan gərginliklərdən faydalanmağa çalışa bilər. Azərbaycanla Türkiyənin bir-birinə inamının zəifləməsi isə heç bir halda bu iki ölkənin strateji maraqlarına uyğun deyil. Azərbaycanla Türkiyə arasında etimad nə qədər möhkəm olarsa, regionda əməkdaşlıq imkanları da bir o qədər geniş olar. İki ölkənin cəmiyyətləri arasında süni düşmənçilik yaranarsa, bundan faydalanmaq istəyən qüvvələr üçün yeni imkanlar açıla bilər. Ermənistan bu mənada pusquda dayanıb.

Ən təhlükəli vəziyyət odur ki, insanlar özləri fərqinə varmadan başqasının yaratdığı emosional gündəmin iştirakçısına çevrilir.

Yaranmış vəziyyət bir neçə mühüm həqiqəti xatırladır. Birincisi, Azərbaycan dünyəvi dövlətdir və bu prinsip Konstitusiyada təsbit olunub. Dünyəvilik dövlətin hüquqi əsaslarla idarə olunmasını nəzərdə tutur. Dövlət məktəbində vahid geyim qaydası müəyyənləşdirilməsi uşağın təhsil hüququnu qoruyur.

Əziz azərbaycanlılar, əziz türk qardaşlarımız!

Dini hisslərimizə hörmət edək, amma onların siyasi məqsədlər üçün istifadəsi yolverilməzdir. Uşaqlarımızın gələcəyini düşünək, amma onların adından aparılan hər mübahisənin mahiyyətini də soruşaq.

Azərbaycanın gələcəyini qorumaq üçün bizə lazım olan qanunlar, məsuliyyətli media, savadlı cəmiyyət və emosiyadan üstün tutulan düşüncədir. Bu gün məsələ sabahımızı necə quracağımızdır.

 Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!