Məktəblərdə vahid geyim qaydalarının tətbiqi cəmiyyətdə müzakirələrə səbəb olub. Bəziləri məktəbli formasını dəstəkləsə də, digərləri şagirdlərin geyim seçiminə qoyulan məhdudiyyətləri sual altına alır.
Mövzu ilə bağlı Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev Modern.az-a açıqlamasında bildirib ki, vahid məktəbli forması məsələsinə dünyəvi təhsil prinsipləri və milli-mənəvi dəyərlər kontekstində yanaşmaq lazımdır.
Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasları XIX əsrdə formalaşmağa başlayan maarifçilik ideyaları ilə sıx bağlıdır. Bu ənənələr dünyəvilik, demokratiklik, sivil inkişaf və milli özünüdərk prinsiplərini ehtiva edir. Həmin dəyərlərin qorunması müasir təhsil sisteminin də əsas şərtlərindəndir.

Filoloq qeyd edib ki, məktəbin vəzifəsi yalnız bilik vermək deyil, həm də müstəqil düşünən, hüquqa hörmət edən və ictimai məsuliyyət daşıyan şəxsiyyət yetişdirməkdir. Milli-mənəvi dəyərlərlə müasir dünyagörüşü bir-birini tamamlamalıdır. Hikmət Quliyev Azərbaycan folklorundakı qadın obrazlarının da bu baxımdan əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, “Kitabi-Dədə Qorqud” dastanında Dirsə xanın xatunu və Banuçiçək, eləcə də “Koroğlu” dastanında Nigar xanım qadının dəyərinin zahiri görünüşlə deyil, düşüncəsi, iradəsi və mənəvi keyfiyyətləri ilə ölçüldüyünü göstərir.
H.Quliyev bildirib ki, qanunla müəyyən edilmiş məktəbli geyimi qaydalarına riayət olunması və şagirdlərin ləyaqətinə hörmət eyni vaxtda təmin edilməlidir. O, həssas mövzuların müzakirəsində dini duyğulardan siyasi məqsədlərlə istifadə edilməsinə, manipulyativ çağırışlara və cəmiyyətdə süni qarşıdurma yaradılmasına qarşı diqqətli olmağın vacibliyini qeyd edib. Folklorşünasın sözlərinə görə, ölkənin gələcəyi milli-mənəvi dəyərləri qoruyan, dünyəvi təhsil prinsiplərinə hörmət edən və müstəqil düşünən şəxslərin yetişdirilməsindən asılıdır.

Məsələ ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov da isə açıqlamasında vahid məktəbli formasını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, vahid geyim qaydaları şagirdlərin sosial adaptasiyasına, geyim mədəniyyətinin formalaşmasına və məktəb kimliyinin güclənməsinə kömək edə bilər. Zeynalov qeyd edib ki, məktəblilər üçün müxtəlif dizaynlarda bir neçə forma seçiminin nəzərdə tutulması da müsbət yanaşmadır.
Filosof son dövrlərdə məktəblilərin baş örtüyü, müxtəlif simvollardan istifadəsi, makiyaj və saç rəngi ilə bağlı müzakirələrin artdığını deyib. Onun fikrincə, bu məsələlər vahid qaydalar çərçivəsində tənzimlənməli, valideynlərlə məktəblər arasında qarşılıqlı anlaşma və dialoq gücləndirilməlidir.
Ş.Zeynalov vurğulayıb ki, vahid məktəbli forması sosial fərqlərin qabardılmasının və geyimə görə ayrı-seçkiliyin azalmasına şərait yarada bilər. O, məsələnin yalnız hicab müzakirələri çərçivəsində təqdim edilməsini düzgün hesab etmir.
“Bu, dövlətin dinə qarşı çıxması demək deyil. Azərbaycan dünyəvi dövlətdir və din-dövlət münasibətləri qanunvericilik çərçivəsində tənzimlənir. Məktəblərdə nizam-intizamın və təşkilati qaydaların gücləndirilməsi təhsil siyasətinin mühüm istiqamətlərindəndir”, – deyə o qeyd edib.
Nicat Rüstəm