“Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu sarsıtmağa, iki ölkə arasında narazılıq yaratmağa cəhdlər olub. Təəssüf ki, bu cür cəhdlər bu gün də davam edir. Qardaşlığımıza kölgə salmaq istəyən qüvvələrin məqsədi aydındır. Onlar türk dövlətlərinin vahid gücə çevrilməsini, Türk Dövlətləri Təşkilatının qüdrətlənməsini istəməyən dairələrdir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışan qüvvələr mövcuddur:
“Çox təəssüf ki, belə qüvvələr reallıqları tam dərk etmir, dövrün tələblərindən düzgün nəticə çıxarmırlar. Bir çox hallarda xarici təsirlərə uyaraq dövlətlərin suverenliyinə, xalqların müstəqilliyinə kölgə salmağa çalışırlar.
Son zamanlar Türkiyənin bəzi media orqanlarında, sosial şəbəkələrində, xüsusilə AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycanla bağlı yayılan qərəzli fikirlər və xoşagəlməz bəyanatlar bunun göstəricisidir. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın aqressiv bəyanatı, Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkillərinin bu böhtan kampaniyasına qoşulması ciddi təəssüf doğurur. Bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaqdır”.
Tahir Rzayev vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini və milli-mənəvi dəyərlərə böyük hörmətlə yanaşır:
“Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr göz qabağındadır və müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin təhsil sistemində tətbiq olunan geyim qaydaları İslam dinini inkar etmək və ya hicaba qadağa qoymaq məqsədi daşımır. Bu qaydalar dünyəvilik, bərabərlik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır.
Türkiyənin bəzi rəsmilərinin və media orqanlarının baş örtüyü məsələsini manipulyasiya predmetinə çevirərək Azərbaycanın dünyəvi dövlət quruluşuna və təhsil sisteminə qarşı təbliğat aparması, qərəzli və şantaj xarakterli bəyanatlar səsləndirməsi yolverilməzdir”.
Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ölkəmizin müstəqil siyasət yürütdüyünü və heç bir dövlətin diktəsi ilə hərəkət etmədiyini bəyan edib:
“Prezident İlham Əliyevin mövqeyi tam aydındır: Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür və heç kimdən asılı deyil. Ölkəmizə diktə yolu ilə nəyisə qəbul etdirmək mümkün deyil. Bu mövqe Yeni Azərbaycan Partiyasının VIII qurultayında da bir daha ifadə olunub.

Bu gün Türkiyənin ayrı-ayrı informasiya resurslarında dövlətimizin başçısının ünvanına səsləndirilən böhtan və iftira xarakterli fikirlər Azərbaycan xalqında böyük narazılıq və hiddət doğurur.
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlamasında da haqlı olaraq bildirilir ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu məsələnin Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevrilməsi xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq”.
Deputat qeyd edib ki, Azərbaycan Konstitusiyası bütün vətəndaşların dini etiqad azadlığını təmin edir, eyni zamanda, hər kəsdən mövcud qanunlara və qaydalara hörmət tələb olunur:
“Ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir. Lakin bu, müəyyən edilmiş qaydalara əməl olunmaması anlamına gəlmir. Müxtəlif dinlərə mənsub şagirdlərin məktəblərdə öz inanclarına uyğun fərqli geyim formalarından istifadə etməsi qəbuledilməzdir.
Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır. Biz bir millət, iki dövlətik. Tarixin çətin sınaqlarından birlikdə çıxmışıq, sevincimiz də, kədərimiz də birdir. Ancaq bu qardaşlıq bir dövlətin digərinin daxili işlərinə qarışmasına, öz mövqeyini diktə etməsinə əsas vermir.
Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna Türkiyə rəsmiləri, siyasətçiləri və media nümayəndələri də hörmətlə yanaşmalıdırlar. Onların Azərbaycanın daxili işlərinə qarışmağa haqları yoxdur. Heç kim onlara belə bir səlahiyyət verməyib”.
Tahir Rzayev hesab edir ki, iki ölkə arasında münasibətlərə zərər vura biləcək məsuliyyətsiz açıqlamalara son qoyulmalıdır:
“Əsassız iddialardan, məsuliyyətsiz bəyanatlardan və cılız düşüncələrdən çəkinmək lazımdır. Xarici təsirlərə uyaraq iki qardaş xalqın arasına girməyə çalışmaq əbəsdir. Belə cəhdlər nə dövlətlərimizin, nə xalqlarımızın, nə də gələcək nəsillərin maraqlarına xidmət edir. Bu, düşmənin dəyirmanına su tökmək, türk dünyasının birliyini sarsıtmaq və gücümüzü zəiflətmək deməkdir.
Əminəm ki, Türkiyənin müvafiq dairələri, bəzi siyasətçiləri və media qurumları tutduqları zərərli yoldan uzaqlaşacaq, məsuliyyətsiz bəyanatlara son qoyacaqlar. Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirən addımlardan çəkinmək, birliyimizi və həmrəyliyimizi qorumaq hər iki tərəfin borcudur”.