
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilən digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.
Baş Prokurorluğunun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, istintaqla müəyyən edilib ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşən layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri tərəfindən qeyd olunan dövlət və özəl müəssisə və şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilir.
Cinayət işi üzrə korrupsiya şəbəkəsinə daxil olan şəxslərin tam dairəsinin və vurulan ziyanın müəyyən edilməsi, habelə vurulan ziyanın ödənilməsi və talanan əmlakın aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Modern.az