Modern.az

Dəm qazından boğulanların sayı yenidən artıb

Dəm qazından boğulanların sayı yenidən artıb

Ölkə

13 Noyabr 2010, 14:38

Noyabrın 15-dən ölkə ərazisində kommunal xidmət idarələri rəsmən qış mövsümünə keçməlidirlər. Qış mövsümünə keçilməmişdən də dəm qazı təhlükəsi artıb. Son günlər dəm qazından ölənlərin sayı narahatlığa əsas verir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son iki gün ərzində müxtəlif rayonlarda 8 nəfər dəm qazından boğulub. Onlardan 2 nəfər ölüb, qalanlar xəsətəxanaya yerləşdirlib.
DİN-in statistikası:

- Noyabrın 11-də Mingəçevir şəhərində Aynurə Eldarova və onun xalası Kəmalə Quliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. K.Quliyeva orada ölüb, A.Eldarovanın vəziyyəti isə qənaətbəxşdir.
Noyabrın 12-də Binəqədi rayonunda Elməddin Əkbərov evində dəm qazından zəhərlənərək ölüb, onunla qeyri-rəsmi nigah münasibətində olan Qərənfil Əliyeva isə xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhərində Teymur Rəhimov evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhərindəki 21-ci mikrorayonda yaşayan Mətanət Muradova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Sumqayıt sakini Sevil Qədimova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Gəncə şəhərində yaşayan Gülsənəm Tağıyevanın evindən qohumu, Göygöl rayon sakini Elnur Mahmudov dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Nəzərə alsaq ki, əksər hallarda yüngül və orta dərəcəli zəhərlənmələr ev şəraitində müalicə olunur, onda dəm qazının fəsadlarından əziyyət çəkənlərin sayının bir neçə dəfə çox olduğunu deyə bilərik.
Yəni qeydiyyata düşməyənlər də çoxdur.

Dəm qazı barədə hamı məlumatlanmalıdır

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazından boğulmalarla bağlı müraciətlərin sayı adətən qış mövsümündə artır. Bunun səbəbi evlərdə hava çatışmazlığı, vətəndaşların qazla davranma qaydalarını bilməməsi, tüstü bacalarının və borularının vaxtında təmizlənməməsi, mənzillərdə işlədilən qaz sobalarının standartlara uyğun gəlməməsidir. Mütəxəssislər bildirilər ki, məişət zəhərlənmələri arasında dəm qazı (CO) ilə zəhərlənmə birinci yerdə dayanır. Yandırılan yanacaq məhsullarının qalıqlarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olduqda, natamam yanma nəticəsində dəm qazı zəhərlənməyə səbəb olur. Dəm qazı məişətdə işlədilən propan qazı, kerosin, ağ neft, dizel yanacağı yandırılarkən əmələ gəlir. Bu zəhərli qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. Oksigendən fərqli olaraq, bu qazın havada az bir miqdarda olması belə kifayət edir ki, zəhərlənəsən. Dəm qazının oksigenlə birləşməsi nəticəsində insan orqanizmində toxumalar oksigensizləşir, hipoksiya yaranır. Dəm qazı ilə zəhərlənmə 3 dərəcədə-yüngül, orta, ağır ola bilər. Tibb işçilərinin sözlərinə görə, bu qazla zəhərlənmiş adamı ilk növbədə həmin sahədən çıxarmaq, ona süni tənəffüs vermək, soyuq su ilə çimizdirmək lazımdır. Sonrakı yardımlar isə həkimlər tərəfindən aparılmalıdır. Tez-tez rastlaşdığımız dəm qazı ilə zəhərlənmə şəkərli diabet, qan təzyiqi, astmalı xəstəliyi olanlara daha tez təsir göstərir. Ümumiyyətlə bu zəhərlənmə nəticəsində adamda boğulmalar, qanitirmələr (həm daxili, həm xarici), infarkt, stenokardiya, yanma, yanma şoku, bayılma, kollap baş verir.  

Tüstü bacaları təmizlənməyib

Mövcud tələblərə görə hər il soyuqlar düşməzdən əvəl bütün yaşayış binalarının tüstü bacaları təmizlənməlidir. Bu işi Bakıda əvvəllər Mənzil İstismar sahələri (MİS) həyata keçirirlər. Amma indi bu məsələ heç kimi maraqlandırmır. Hazırda tüstü bacalarını kim təmizləməlidir, dəqiq məlum deyil. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfat Departamentindən bacaların təmizlənməsi məsələsinə aydınlıq gətirmək istəməyiblər.
Modern.az-n araşdırmaları göstərib ki, yeni qış mövsümündən öncə şəhərdəki əksər binaların tüstü bacaları təmizlənməyib. Müxtəlif ünvanlardakı yaşayış binalarının sakinləri əməkdaşımıza belə deyiblər. Yeri gəlmişkən, ötən qış “Azəriqaz»ın əməkdaşları Bakıdakə çoxmərtəbəli yaşayış binalarında yoxlama aparan zaman  2000 minə yaxın təmizlənməyən  tüstü bacası aşkar ediblər. Həmin bacalar eləcə də qalır. Deməli qarşıdakı soyuq fəsildə dəm qazından boğulma hallarının baş verməsi mümkündür.
Fövqəladə Hallar Nazirliyindən bildirblər ki, dəm qazından qorunmaq üçün havadəyişmə yollarını qış mövsümü başlamazdan əvvəl, tüstü bacalarını isə ən azı  iki ayda  bir dəfə təmizlətdirmək vacibdir. Müşahidələr göstərir ki, vaxtilə isti su ilə təchiz olunan binaların vanna otaqlarında hazırda əldəqayırma, standartlara uyğun gəlməyən qaz suqızdırıcıları quraşdırılıb. Belə mənzillərdə qaz samovarlarının tüstü boruları binaların hava təmizləyici borularına birləşdirilib ki, bu da yolverilməz hesab olunur. Əhali evlərdə hamamın havasını dəyişmək üçün qoyulan gözlüklərin əhəmiyyətini bilmədən onu qapayır. Əksəriyyəti bilmir ki, bu hər an havanı dəyişmək deyil, ən azından bu kimi hallarda təhlükənin qarşısını almaq üçün nəzərdə tutulub.  

Hansı sobalar təhlükəsizdir?

Bəzi xarici ölkələrdən gətirilən və standartlara cavab verməyən qaz sobalarının dəm qazının yaranmasında xüsusi rolu var. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də deyiblər ki, son illər qazla işləyən məişət avadanlıqlarının istifadəsi zamanı ölkədə baş vermiş bədbəxt hadisələrin təhlili göstərib ki, faciələrin əsas səbəbi cihazların keyfiyyətsizliyi və istismar qaydalarına riayət edilməməsidir. Dövlət Komitəsi tərəfindən aparılmış monitorinqlərin nəticələri bir daha sübut edib ki, əhaliyə realizə edilən bu malların əksər hissəsi müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab vermir.
Belə ki, satılan cihazların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatları, istismar qaydalarını Azərbaycan dilində açıqlayan təlimatlar və texniki pasportlar, mənşə sertifikatları və digər zəruri sənədlər mövcud deyil.
Komitə tərəfindən təhlükə mənbəyi hesab edilən belə malların satışı qadağan edilib.
Lakin hələ də mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı davam edir.

Bəzi mütəxəssislər bildirirlər ki, plastik qapı və pəncərələr də havanın kolonka, qazan, qaz plitələri yerləşdirilmiş mənzilə normal daxil olmasına mane olur. Qaz cihazları olan mənzilin havasını müntəzəm olaraq dəyişmək və xüsusi ventilyatorlarla təchiz edilmiş plastik pəncərələr qoymaq lazımdır. Mənzilin qapıları ilə döşəmə arasındakı məsafə 2 sm-dən az olmamalıdır ki, altdan havalanma getsin.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı