Modern.az

Yaponiyanın Bakıdakı səfiri: “Azərbaycan mətbəxinin təamlarını araqla dadmağı xoşlayıram” - MÜSAHİBƏ

Yaponiyanın Bakıdakı səfiri: “Azərbaycan mətbəxinin təamlarını araqla dadmağı xoşlayıram” - MÜSAHİBƏ

Ölkə

14 Dekabr 2015, 11:11

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

-Azərbaycanla Yaponiya arasındakı iqtisadi-siyasi əlaqələr hazırda hansı səviyyədədir?

-1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri, iki ölkə arasındakı münasibətlər  çox əlverişli şəkildə inkişaf edir. Eləcə də, siyasi cəhətdən narahatlığa səbəb ola biləcək problem mövcud deyil. 

Bu il - aprel ayında Milli Məclisin sədri cənab Oqtay Əsədov Yaponiyaya rəsmi səfər etdi, may ayında Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak etmək üçün Yaponiyanın Baş Nazirinin müavini cənab Aso Azərbaycana səfərə gəldi. Oktyabrda Yaponiya iqtisadiyyatının dirçəldirilməsi naziri və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri cənab Amari Azərbaycana səfər etdi. Bu il yüksək rütbəli məmurların qarşılıqlı səfərləri baxımından tarixi bir il oldu.

İqtisadi sahədə, xüsusilə enerji sahəsində, Yaponiya və Azərbaycan arasında möhkəm münasibətlər qurulub. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən enerji sahəsində Yaponiyanın  iki şirkəti, “İtochu” və İNPEX-in fəaliyyətinə  görə şərəf duyuram.

Eləcə də, Azərbaycanda bundan sonra qeyri-neft sektorunun inkişaf etdirilməsinə ümid edilir və müxtəlif yapon şirkətləri Azərbaycanla qeyri-neft sektoru üzrə əməkdaşlıqda iştirak etmək üçün çalışmaqdadırlar.

İndiki zamanda, Azərbaycanda layihələşdirilən Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) tikintisi layihəsi, Azərbaycan Polad İstehsalı Kompleksinin (APİK) tikintisi layihəsi və s. ilə iki ölkə arasında çox mühüm əməkdaşlıq sahəsi olduğunu düşünürəm.

2013-cü ilin noyabr ayında İsmayıllı rayonu və Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri Dostluq Mubadiləsi üzrə razılaşma bağlayıb. Yerli sakinlərin arasında qarşılıqlı səfərlər və mədəniyyət mübadilələri həyata keçirilir. Bu, rayonlar arası mübadilə olaraq yeni təşəbbüsün yayılması halı kimi diqqət çəkir, iki ölkə arasındakı mübadilənin çox tərəfli şəkil almaqda olduğunu sübut etdiyini düşünürəm.

-Yaponiya, dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Maraqlıdır, rəsmi Tokio bundan sonra regionla bağlı siyasətində hansı addımlar atacaq?

- Şərqi Asiya ölkələri - Çin, Koreya, eləcə də, Cənub-Şərqi Asiya ölkələri, əsasən də ASEAN ölkələr coğrafi cəhətdən yaxın ölkələr olduqları üçün, müxtəlif sahələrdə əməkdaşlıq və mübadilə geniş şəkildə həyata keçirilir. Bu dövlətlər arasında qarşılıqlı asılılıq münasibətləri dərinləşməkdədir.

Yaponiya Çin və Koreya ilə qarşılıqlı olaraq iqtisadi cəhətdən vacib tərəfdaş olmaqla yanaşı, insanlar arasındakı qarşılıqlı səfərlər də geniş şəkildə həyata keçirilir. Qonşu dövlət olduqları səbəbindən mürəkkəb problemlərin də mövcud olduğuna baxmayaraq, əməkdaşlıq münasibətlərini möhkəmləndirmək istiqamətində çalışmaqdayıq.

-Amma ortada nüvə silahına malik olan Şimali Koreya faktoru da dayanır. Yaponiya isə şübhəsiz ki, Şimali Koreya amilini nəzərə alır.

- Şimali Koreya haqqında danışdıqda adam oğurluğu problemi, nüvə inkişafı problemi kimi problemlər mövcuddur. Çox mürəkkəb münasibətlərdəyik, lakin, qonşu ölkələrlə əməkdaşlıq edərək, bütün bu problemlərin həllinə çalışırıq. Eləcə də, Cənub-Şərqi Asiya ölkələri son illər diqqət çəkən inkişafa nail olublar və bu ölkələrlə Yaponiya arasındakı münasibətlər siyasi, iqtisadi sahələrdən başlayaraq, müxtəlif sahələrdə inkişaf tempini yüksəldir.

Yaponiya Cənub-Şərqi Asiya ölkələri üçün ən böyük donor ölkələrindəndir və bundan sonra da infrastrukturun yaxşılaşdırılması, insan resurslarının yetişdirilməsi üçün dəstək vermək fikrindəyik.

-Yaponiyanın Rusiya ilə ərazi problemləri də mövcuddur. Sizə elə gəlmir ki, bu, iki ölkə arasında iqtisadi əlaqələri zəiflədir?

- Rusiya ilə aramızda mürəkkəb ərazi problemi mövcud olsa da, iqtisadiyyat başda olmaqla mübadilə genişlənməkdədir.

Eləcə də, son zamanlar Sakit Okean hövzəsinin 12 ölkəsi tərəfindən azad ticarət zonasının əsasının qoyulması ilə əlaqədar TPP (Trans-Sakit Okean Əməkdaşlığı) razılığa çatmışıq. Oktyabr ayında Azərbaycana səfər etmiş Yaponiya İqtisadiyyatının Dirçəldirilməsi Naziri cənab Amari Yaponiyanın nümayəndəsi olaraq mürəkkəb danışıqlarla üzləşib.

Ümumilikdə, qonşu ölkələrlə münasibətlər getdikcə dərinləşmək istiqamətindədir və bu cür münasibətlərin qarşılıqlı münasib şəklində olması üçün çevik və inadkar şəkildə dialoqu davam etdirməyi zəruri hesab edirəm.

-Yaponiyada azərbaycanlı iş adamlarına yaradılan şərait barədə nə deyə bilərsiniz?

- Xaricilərin Yaponiyada biznes ilə məşğul olduqları halda, Yaponiyanın ticarət adətlərini, qanunlarını dərk etmələri vacibdir. Hər-hansı ölkənin bazarına daxil olduqda qanunlarla bağlı tədqiqat vacibdir, lakin Yaponiyanın ticarət adətinə isə fərqlidir. Yaponiyanın keçmişdən olan ənənələri üzərində qurulan mədəniyyətinin insanların qəlbində kök salmış hissəsi böyük olduğuna görə, Yaponiya cəmiyyəti və Yaponiya mədəniyyəti haqqında anlayışı dərinləşdirmək vacib olduğunu deyə bilərəm.

Misal üçün, Yaponiyada bir dəfə verilmiş vədi həyata keçirmək hər şeydən vacib hesab olunduğuna görə müqavilə bağlandıqdan sonra vəzifələri həyata keçirməmək, hansısa narahatlığın baş verdiyinə görə şərtləri dəyişmək kimi sonradan tələb irəli sürmək böyük hörmətsizlik kimi qəbul olunur.

Yaponlar etibara böyük önəm verən xalq olduqları üçün səmimi davrandıqda, bu səylərin mütləq mükafatlandırılacağını düşünürəm. Bu cür mədəniyyət dərk olunduqdan sonra biznesdə iştirak edilirsə, Yaponiya bazarı biznesin aparılması üçün digər ölkələrdən daha  asan yer olduğunu deyə bilərəm.

Yaponlar müqavilə imzaladıqdan öncə uzun müddət araşdırma aparsalar da, bir dəfə müqaviləni imzalasalar nəyin baş verəcəyindən asılı olmayaraq onu həyata keçirməyə çalışacaqlar. Odur ki, yapon biznes tərəfdaşınızın hərəkətlərinə görə narahat olmağa əsasən ehtiyac yoxdur.

- Yaponiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret olaraq nədən ibarətdir?

- Yaponiya hökuməti indiyə kimi olan bütün razılaşmaları, bütün qətnamələri, eləcə də beynəlxalq hüquqa əsaslanaraq problemin sülh yolu ilə həll edilməsini, bunun üçün ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir.

Ərazi probleminin həll edilməsi asan məsələ deyil, bəzən böyük səbr və vaxtın tələb olunduğunu reallıq olaraq qeyd etməli və inadla məşğul olmağın vacib olduğunu hesab edirəm.

İlk növbədə sülh yolu ilə məsələnin həlli vacibdir, silah yolu ilə məsələni həll etmək niyyətinin faciəvi nəticələri çox saylı tarixi faktların göstərdiyi kimidir.

Həmçinin, ərazi problemini həll etmək üçün qarşılıqlı etimad münasibətləri də vacibdir.

Digər tərəfdən, 20 ildən artıq müddətdə həll olunmamış Dağlıq Qarabağ problemi ciddi nəticələrə gətirib çıxarır və çox sayda qaçqınların ağır vəziyyəti bunlardan biridir.

Bu cür insanlara bir az da olsa dəstək verməyə çalışan Yaponiyanın “Fuci Meqane” şirkəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə əməkdaşlıq edərək 10 ildən artıqdır ki, məcburi köçkünlərin görmə qabiliyyətinə dəstək missiyasını davam etdirir. Eyni zamanda, səfirliyimiz də “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı vasitəsilə məcburi köçkünlərə dəstək olmağa çalışır. 

-Yaponiya-Rusiya arasındakı münasibətlərə qısaca nəzər saldınız. Bu iki dövlət arasında gərginlik müşahidə olunur. Cənab səfir, bu gərginliyə nə zaman son qoyulacağına dair bir fikriniz varmı?

- Doğrudur, Yaponiya ilə Rusiya arasında müxtəlif problemlər mövcuddur, lakin İkinci Dünya Müharibəsindən sonra bu günədək 70 il müddətində həll olunmamış ərazi problemi ən böyük narahatlıqdır.

Bundan əlavə, Ukraynadakı vəziyyətlə bağlı Yaponiya güc hesabına status-kvonun dəyişdirilməsinə qətiyyətlə qarşı çıxmaq mövqeyində israrlıdır.  Ancaq, uzun müddətli baxdıqda, müxtəlif eniş və yoxuşların olmasına baxmayaraq, Yaponiya və Rusiya arasındakı münasibətlərin inkişafı davam edir və bu tendensiyanın bundan sonra da dəyişilməz qalacağını düşünürəm. İki ölkə arasındakı iqtisadi mübadilə sovet dövrü də daxil olmaqla, dərinləşmək istiqamətində irəliləyir. Eləcə də, Rusiyanın ədəbiyyatı, musiqisi, baleti və digər incəsənət növləri Yaponiyada dərin köklü məşhurluğa malikdir.

Digər tərəfdən isə, Rusiyada Yaponiya mədəniyyətinə olan maraq çox yüksəkdir. Məsələn, Moskvada həddindən artıq çox sayda yapon mətbəxi restoranı mövcuddur və çay mərasimi, ikebana (gül dekorasiyası sənəti) və s.

Ənənəvi mədəniyyət, və ya cüdo başda olmaqla Yapon döyüş növləri üzrə yüksək səviyyəli mütəxəssislər çoxdur və artıq uzun müddətli ənənə mövcuddur.

Siyasi cəhətdən isə, Soyuq müharibə zamanı hər biri qarşı düşərgələrə aid olduqları haqqında tarix də mövcuddur və ərazi problemini həll edib sülh konvensiyasının bağlanılmasını reallaşdırmaq asan deyil. Heç bir perspektiv görünməsə də, müxtəlif sahələrdə mübadiləni, eləcə də əməkdaşlığı davam etdirərək qarşılıqlı etimad münasibətlərini doğurub, təkidlə dostluq münasibətlərinin qurulması naminə çalışmağın çox vacib olduğunu hesab edirəm.

-Azərbaycanda işləyən yapon iş adamları ilə bağlı sizdə statistika aparılırmı?

- Öncə söylədiyim kimi, Azərbaycanda 2 şirkət, “İtochu” və İNPEX əsasən enerji sahəsində əzmlə fəaliyyət göstərir və bu 2 şirkətin nümayəndələri tez-tez Azərbaycana səfər edirlər. Bundan başqa, çox sayda yapon şirkətinin Bakıda ofisləri olsa da, yapon iş adamları  deyil, əsasən azərbaycanlılar və ya digər xarici ölkə vətəndaşları iş fəaliyyəti ilə məşğul olurlar. Son zamanlar Yaponiyanın bir çox böyük şirkətləri, bankları, kiçik və orta şirkətləri Azərbaycana maraq göstərir və tez-tez Bakıya işçilərini ezam edirlər.

Eləcə də, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edib beynəlxalq biznes layihələrini quran yapon vətəndaşları, Azərbaycanda müəssisə yaratmaq istəyən yapon vətəndaşları da var. Lakin, faktiki olaraq Azərbaycana səfər etmiş yapon biznes adamlarının sayı haqqında təssüflər olsun ki, Yaponiya səfirliyində dəqiq məlumat yoxdur. 

-Azərbaycanın ən çox hansı adət-ənənəsi, mətbəxinin hansı nümunəsi daha çox xoşunuza gəlir?

- Azərbaycan adət-ənənələrində ən gözəl hesab etdiyim cəhət yaşlılara olan hörmət hissidir. Avtobusa mindiyim zaman yaşlılara yer verilməsi mənzərəsini müşahidə edirəm və bunun çox yaxşı olduğunu düşünürəm.

Əvvəllər Yaponiyada da yaşlılara yer vermək təbii hal idi, lakin son zamanlar qarşılarında yaşlı insanın dayandığını gördükdə özlərini yatmış kimi göstərən cavanların sayının artması müşahidə olunur və mən bundan təəssüflənirəm.

Azərbaycan yeməkləri arasında pendir və kabab, əsasən də antrikot, üstəlik  tərəvəz və müxtəlif göyərtilərin dadlı olduğunu hesab edirəm.

İşlə əlaqədar rayonlara ezamiyyət etdiyim zaman məni Azərbaycan yeməklərinə qonaq edirlər və Azərbaycan mətbəxinin təamlarını araqla birgə dadmağı xoşlayıram. Ezamiyyətdən qayıtdıqda çəkim təxminən 2 kilo artdığı üçün diqqətli olmağım gərəkdir.

-Uzaq Şərq ölkəsini Azərbaycanda təmsil edirsiniz. Burada heç darıxdığınız vaxtlar olubmu?

-İşlə əlaqədar və ya istirahət ilə bağlı il ərzində bir neçə dəfə Yaponiyaya qayıtmaq şansım olduğu üçün o qədər də darıxmıram. Amma, əvvəllər işlədiyim Rusiyanın Uzaq Şərq  regionundan fərqli olaraq Azərbaycan ilə Yaponiya arasındakı məsafə uzaqdır və üstəlik birbaşa uçuş həyata keçirən təyyarənin olmaması kiçik çatışmazlıqdır.

Həmçinin, mən,vaxtilə Yaponiyanın Xarici İşlər Nazirliyində Azərbaycanla əlaqəli şöbədə işlədiyim zaman Bakıda Yaponiya Səfirliyinin əsasının qoyulması haqqında hökumətin qərarı ilə əlaqəli olduğum üçün, Azərbaycanda səfir olaraq fəaliyyət göstərə bilməyimi bir qismət olduğunu hiss edirəm. Bunu özüm üçün böyük şərəf hesab edirəm.

-Cənab səfir, vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm!

-Siz də sağ olun!

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı