Modern.az

2003-cü ildə həbs olunanlara bəraət verilə bilərmi? - “Müstəntiqlər cəzalanmalıdır”

2003-cü ildə həbs olunanlara bəraət verilə bilərmi? - “Müstəntiqlər cəzalanmalıdır”

Ölkə

2 Fevral 2016, 11:36


2003-cü ilin 15-16 oktyabr hadisələri yaddaşlardan silinməyib. Prezident seçkilərindən sonra müxalif düşərgənin iştirakı ilə meydanlarda etiraz aksiyaları keçirildi. Daha sonra hadisələrin iştirakçılarından bir qismi həbs edildi. Bu gün müxalifət cəbhəsində tanıdığımız siyasətçilərin bir çoxu  o zaman həbs edilərək, məhkumluq həyatı yaşadı. Məlum hadisələrdən 13 ilə yaxın vaxt  keçməsinə baxmayaraq, hələ də azadlığa buraxılanların bəraət alması məsələsi aktualdır.

Maraqlıdır, 2003-cü ildə həbs edilib sonradan azadlığa çıxan siyasətçilərə bəraət verilə bilərmi? 

Ümumiyyətlə, həbsdən azadlığa buraxılan siyasətçilər bəraət almalıdırmı?

Modern.az məsələyə münasibət öyrənməyə çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu barədə fikir söyləməyin çətin olduğu qənaətindədir.

“Məhkumluğunu başa vuranlar heç bir problem olmadan azadlığa buraxılırlar. Həmçinin, ölkə prezidenti tərəfindən fərqli yanaşma var ki, bu da əfv sərəncamı vasitəsilə məhkumların azadlığa buraxılmasıdır. Bu, ənənə xarakteri daşıyır. Hansı məhkumlara güzəştlərin olması, əfvlə azadlığa buraxılması dövlət başçısının səlahiyyətlərinə aid məsələdir. Ona görə də bu barədə fikir söyləmək çətindir”.

Deputat 2003-cü ildə həbs edilənlərin siyasi məhbus adlandırılmasını doğru hesab etmir.

“Azərbaycanda siyasi məhbus anlayışı yoxdur. Sadəcə, bu cür yanaşma ilə həmin məhbusların alnına “siyasi məhbus” damğası vururlar. Fərqi yoxdur, kimsə konkret cinayət əməllərinə görə  cinayət məsuliyyətinə cəlb olunursa, istintaq gedir, cinayəti təsdiq olunaraq məhkəmə yolu ilə müvafiq hüquqi həllini tapırsa, o, öz  məhkumluq həyatını yaşamalıdır. Bu, bütün dünyada belədir. Bu məsələdə Azərbaycan fərqli hüquqi sistem yaratmalı deyil ki! Belə yanaşmaların əleyhinəyəm. Azərbaycanda konkret olaraq cinayət törətmiş insanlar var ki, əgər cinayət əməlinə görə müəyyən müddətdən sonra peşmançılıq keçirərsə, cəmiyyət üçün təhlükəli şəxs olmursa, o zaman bu və digər amillər nəzərə alınaraq həmin şəxslərə qarşı mərhəmətli, humanist addım atılır və onlar azadlığa çıxarılır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 2003-cü il hadisələrində həbs olunan Sərdar Cəlaloğlu Avropa Məhkəməsinə müraciət etdiklərini xatırladıb.

“Avropa Məhkəməsi Azərbaycanın bütün məhkəmə qərarlarını ləğv edib. Bu o deməkdir ki,  faktiki olaraq Ali Məhkəmə məsələyə baxıb. Ali Məhkəmə plenumu Azərbaycanın bütün məhkəmələrinin o məsələ ilə bağlı  qərarlarını ləğv edib. Faktiki olaraq, cəza almış, mühakimə olunmuş kimi durumumuz yoxdur. Məhkəmə olarsa, qeyri-qanuni həbslərə görə hakimlər, müstəntiqlər,  prokurorlar cəzalanmalıdır. Sadəcə olaraq, dövlət bu işi aparmaq istəmir”.  

ADP sədri 2003-cü ilin həbsləri zamanı heç kəsin bəraət almadığını da vurğulayıb.

“2003-cü il hadisələri zamanı heç kəs bəraət almayıb. Bunun üçün məhkəməyə müraciət olunmalıdır.  Məhkəmə qaydasında bu məsələlər  həll edilməlidir.  Bizim hamımıza cəza veriblər. Amnistiyaya düşmüşük. Sonra məhkəməyə müraciət edib məhkumluğumuzu üzərimizdən götürmüşük. Daha sonra Avropa Məhkəməsinə müraciət edib günahsızlığımızı sübut etmişik. Sadəcə olaraq İqbal Ağazadə, Pənah Hüseyn və mən üzərimizdən məhkumluğumuzu götürmək  üçün müraciət etmişik. Faktiki olaraq bizim heç birimiz mühakimə olunmuş sayılmırıq. Mənəvi ziyana görə dövlət hər birimizə 10 min dollar pul ödəyib.  Bəraət almağımız üçün yerli məhkəmə olmalıdır. Günahkar hakimlər, istintaq işçiləri, saxta məhkəməni təşkil edən adamlar cəza almalıdır. Hələlik indiki siyasi vəziyyətdə bu,  mümkün deyil”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?