Modern.az

Səməd Ağamalıoğlu və Mehmet Emin Yurdakul

Səməd Ağamalıoğlu və Mehmet Emin Yurdakul

Ölkə

10 Mart 2016, 09:50

Birinci Türkoloji Qurultaya qədərki dövrdə türkoloji düşüncə fərqləri... - I yazı

filologiya üzrə elmlər doktoru, professor

Səməd Ağamalıoğlu elmi inkişaf etdirməyi əsas hədəf bilirdi. Əslində bununla Səməd Ağamalıoğlu elmin inkişafını, tərəqqini müasirlik kimi qəbul edirdi. Doğrudan da, müasir dünyanın müasir tələblərinə cavab vermək üçün elm inkişaf etməlidir. Elmin inkişafı istər-istəməz müasirliyi üzə çıxarır. Bu mənada Səməd Ağamalıoğlu türkologiyanın inkişafını əsas hədəf kimi götürürdü. Və o, türkologiyanın inkişafını təkcə islam dəyərlərinə sadiqlikdə axtarmırdı. İslami dəyərlərə sadiq qalmaq, islamlaşmayla yanaşı, türkləşməkdə, müasirləşməkdə görürdü. Ona görə də tarixdən müəyyən müqayisələr, təhlillər verməklə inandırmağa çalışırdı ki, yalnız yaranmış dəyərlərdən bərk-bərk yapışmaqla inkişaf etmək olmaz. Həmin dəyərləri müasirliklə əlaqələndirməyi bacarmaq lazımdır.

Səməd Ağamalıoğluya görə, avropalılar bunu bacardıqları üçün önə keçə bildilər. Baxmayaraq ki, ərəblərdən avropalılara keçən elm belə bir tez müddətdə inkişaf edə bilməzdi. Bunun üçün müəyyən zaman, vaxt lazım idi. Ancaq avropalılar bunu bacardılar. Qısa bir zamanda ərəblərdən aldıqları elmi inkişaf etdirdilər. XIII, XIV əsrlərdə Avropa hər şeydə (elmdə, ticarətdə, şey yaratmaqda – istehsalda) tərəqqiyə başladığı zaman ərəblərdə durğunluq var idi. Nizamsızlıq, qanunsuzluq, quldurluq, məzhəb vəhşiliyi... (sünnü-şiə ayrılığı nəzərdə tutulur – B.X.) hamısı birləşib dəhşətli bir qaranlıq yaratmışdı”. (Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.22) Bununla da Səməd Ağamalıoğlu bir daha elmin tərəfində dayanır, qurmağı, yaratmağı vacib sayır, texnikanın, təsərrüfatın, ticarətin, sənayenin və s.-in inkişafını əsas hesab edirdi. Təkcə mövcud olanları xərcləməklə, sərf etməklə inkişaf etmək olmaz. Mövcud olanların özünü inkişaf etdirmək, elmin və texnikanın tələblərinə uyğun tərəqqi etdirmək müasirliyə gələn çıxış yoludur. Məhz Səməd Ağamalıoğlu türkologiyanın inkişafında bu istiqaməti əsas götürür, yeniliyi, milli türkoloqların fəal olmasını, türkologiyanın inkişafına xidmət göstərmələrini önə çəkirdi. O, türkologiyanın inkişafında yeni bir mərhələnin başlanmasını istəyirdi. Və deyirdi: “Bəs nə vaxt biz yeni bir günə başlayacayıq?” Səməd Ağamalıoğluya görə, həmin gün türklərin yalnız indiyə qədər yaratdıqlarını öyməkdən ibarət olmamalıdır”. Onun fikrincə, bu cür öymək bir “dərviş duası”nı xatırladır. Elmə, inkişafa, müasirliyə söykənən bir türk düşüncəsi formalaşdırmaq lazımdır və türkologiyanın inkişafı bu istiqamətdə getməlidir. O, bir sıra türk ədiblərinin türk keçmişini öymək yolunu tutmasını onların “dərviş duası” ilə məşğul olduqları kimi qiymətləndirirdi. Bu da türkologiyanın müasirlik tələbləri çərçivəsində inkişafına maneçilik yaradan hal kimi Səməd Ağamalıoğlu tərəfindən tənqid olunurdu. Məsələn, Tofiq Fikrətin, Mehemet Eminin, Abdulla Şaiqin yaradıcılığından nümunələr gətirməklə Səməd Ağamalıoğlu öz mövqeyini təsdiq etməyə çalışırdı. Abdulla Şaiqin “Ədəbiyyat” adlı kitabındakı “Vətən” başlığı altında verdiyi bu yazıya irad tuturdu: “Yer üzünün ən böyük ulusu olan türklər Allahı tanıyıb yerlərini, yurdlarını buraxdılar, qeyri-üçün çöllərə düşdülər. Birliyin (Allahın birliyi) sancağını yer üzünün bir ucundan o biri ucuna irəlilətmək, könlü, gözü kor olanlara, səni tanımayanlara səni göstərmək, səni tanıtmaq üzrə savaşmağa (başqa millətləri qılınc ilə qırmağa) başladılar”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.26) Axı, doğrudan da, bu, keçmişlə öyünməkdən başqa bir şey deyildir. Doğrudan da, türkoloji düşüncəni müasirliyin tələbləri istiqamətində inkişaf etdirmək zamanının gəlib çatdığını dərk etmək lazım idi. Məhz bunu Səməd Ağamalıoğlu həm millətini sevən bir insan kimi, həm də ictimai-siyasi xadim kimi başa düşür və çıxış yollarını göstərməyə çalışırdı. Yalnız və yalnız keçmişlə öyünməyi müasir dünyadan geri qalmaq, şüarçılıq yolu ilə inkişafın qarşısını almaq kimi qəbul edirdi. Mehmet Eminin aşağıdakı şeirini də formasına və məzmununa görə “dərvişləmə” adlandırırdı:



Ey türk irqi, ey dəmir və atəşin övladı,
Ey minlərcə yurd quran, ey yüzlərcə tac geyən,
Ey dünayaya əfəndi olmaq için doğan sən!
Tanrı sənin alnına bir qara bəxt yazmadı!
Ey millətim! Sən bundan həmən beş min yıl əvvəl
Altaylarda yaşarkən,
Tanrı sənə dediyi: “Ey türk irqi, bu yerlərdən
Günəşlərə süzülən qartal kimi uç, yüksəl və s. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.27)

Səməd Ağamalıoğlu bu cür keçmişlə öyünməyin acı nəticələrini açıqlamaqla türkoloji düşüncəni inkişaf etdirmək istəyirdi. Həmin acı nəticənin biri o idi ki, türklər keçmişlərini öyməklə, keçmişləri ilə qürrələnməklə məşğul olduqları zaman Avropada böyük dəyişikliklər baş verirdi. Səməd Ağamalıoğlu həmin dəyişiklikləri də qeyd etməklə türkologiyanın bir elm kimi inkişafının  vacibliyini diqqət mərkəzində saxlayırdı. O, Amerikanın kəşfini, orada çoxlu sayda qızıl mədənlərinin tapılmasını, avropalıların beyninin sxolastikadan azad olmasını, kitabların çap olunmasını, Koperniq, Çordano – Bruno və digər bu qəbildən olan alimlərin meydana çıxmasını çox mühüm işlərdən hesab edirdi. Avropalıların XVII-XVIII əsrlərdə tərəqqi etmələrini, hər cəhətdən irəli getmələrini, elmlə, elmin inkişafı ilə bağlayırdı. Səməd Ağamalıoğlu keçmişlə öyünmək əvəzinə, tarixən itirdiklərimizi təhlil etməyə, həqiqəti üzə çıxarmağa, tərəqqi üçün yeni yollar axtarmağa üstünlük verirdi. O yazırdı: “Biz, əlbəttə ki, belə türklərin (yeni düşüncədə olan türklərin, bizi yeni və böyük bir yola çıxartmaq istəyində  olan türklərin – B.X.) tərəfdarıyıq və ümid edirik ki, tarixə zidd gedən əski türkiyənin (yalnız keçmişlə öyünən, hər şeyi  keçmişə çəkmək istəyən – B.X.) əcəli yetmiş olacaqdır. Burada bunu da işarə etməliyəm, mən həmişə nəzərimdə əski türkləri duyuram. Biz qorxmayıb, utanmayıb, gərək babalarımızın təqsirini aşkara çıxaraq, bəlkə onların eybini görməklə böyük azadlıq tarixinə qədəm qoymuş olaq”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.30) Səməd Ağamalıoğlu əski türk babalarımızı duymağı işarə etməklə yanaşı, həm də onların təqsirlərini aşkara çıxarmağı da inkişaf etməyimiz üçün nəzərə alınmalı bir məsələ sayırdı. Məhz türkoloji düşüncəni də bu istiqamətdə formalaşdırmaq, irəliyə aparmaq mümkün ola bilərdi. Bu mümkünlüyün həlli yolunda Səməd Ağamalıoğlu məntiqinə, təcrübəsinə, dünyanın qəbul etdiyi reallıqlara, həqiqətlərə söykənməklə çəkinmədən mübarizə aparırdı. Ən başlıcası isə osmanlıların və başqa türklərin dərdlərinə əlac axtarırdı. Bu əlacı isə keçmişlə öyünməkdə yox, müasir həyatla ayaqlaşmaqda, o cümlədən islamçılıqda, türkçülükdə və müasirlikdə axtarırdı. Müasirliyin bir tərəfi də reformaların (islahatların) aparılmasında idi.

Osmanlıda reformalar. Səməd Ağamalıoğlu XIX əsrin əvvəllərində Osmanlıda reformalar barədə düşünməyə başlanıldığını qeyd edir, Avropa üsullarının qəbul olunmasını az da olsa, məqbul sayanların olduğunu deyirdi. Və bu reformaları (islahatları) təqdirəlayiq hesab edirdi. Ancaq Sultan Səlimin, II Sultan Mahmudun apardığı reformalara kömək dura biləcək açıq fikirli adamlar az idi. Ona görə də Osmanlıdakı reformalar Avropa meyarlarına uyğun aparılmamışdı. Bu da nəticədə Osmanlının xeyrinə olmadı. Səməd Ağamalıoğluna görə, osmanlılarla avropalıları fərqləndirən bir cəhət də odur ki, avropalılar yad millətlərlə yaxşı rəftar etməsələr də, onlardan uzaq qaçmır, onların mədəniyyətlərindən faydalanırlar. Yəni osmanlılar sadəlövlük edərək avropa mədəniyyətindən qaçırlar, hətta onların evində erməni, yəhudi və başqa məzhəb sahibləri çörək yedikdən sonra onların qablarını murdar hesab edir, ayrı saxlayır və sonra da ayrı yuyurlar. Səməd Ağamalıoğlu belə bir reallığın inanıdırıcı olduğunu təsdiq etmək üçün öz həyatından nümunə gətirərək yazırdı : “Mənim özümün yadımdadır ki, uşaqlıqda qohumlardan bir uşaq ilə bir yerdə böyümüşdük, mən rus məktəbini, o da mollalıq kursunu bitirdikdən sonra görüşəndə mənə əl vermək istəmədi, çünki məni murdar bilirdi.

Molla ilə mənim fərqim bu idi ki, mən bütün bəşəriyyəti insanlıqda bir saymağı öyrənmişdim, amma axund ancaq müsəlmanları adam hesab edirdi. Dünyanın hamısını artıq və qırılmağa layiq bilirdi. Guya onlar  (qeyri müsəlmanlar – B.X.) Allah ilə düşmən imiş”. (bax: Səməd Ağamalıoğlu. Bizim yolumuz hayanadır? Bakı, 1924, s.33) O zaman, Osmanlı dövründə oxumaq, yazmaq bacarığında olan hər kəs özünü alim saymışdır. Hətta Azərbaycanda da oxumaq, yazmağı bacaranların 99%-i özlərini belə hesab etmişlər. Halbuki bunların hamısı düşüncə bəsitliyindən başqa bir şey deyildir. Ona görə də Səməd Ağamalıoğlu düşüncədə inqilab etmək, düşüncədə islahatlar aparmaq istəyirdi. Osmanlı türklərinin və digər türklərin düşüncəsində islahat aparmağı ali məqsəd sayırdı. O, düşüncədə inqilab etməyə üstünlük verərək qeyd edirdi ki, Osmanlıda 1908-ci ildə inqilab etdilər, Sultan Əbdül Həmidi taxtdan saldılar, onun yerinə başqa birini, başqa bir sultanı gətirdilər. Nə fərqi var: Həsən keçəl, yaxud keçəl Həsən. Axı bu, Osmanlı türkünün, bütövlükdə türkün nicat yolu deyildir. Nicatı əldə etmək üçün düşüncədə islahat aparmaq, köhnə fikirliliyi inkar etmək, yeni təfəkkür tərzi ilə həyata yanaşmaq lazımdır. Bax məsələni bu şəkildə analiz edən Səməd Ağamlıoğlu türkologiyanın inkişafına bəşəri düşüncə ilə yanaşaraq bu elmi bəşəri, dünyəvi bir elm etmək yolunda mübarizə aparırdı. Ona görə də köhnəlmiş şüarlar və fikirlər onu razı salmırdı. Köhnəlmiş şüarlara və fikirlərə öz tənqidi münasibətini bildirirdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı