Gömrük ödənişlərinin geri qaytarılması üçün müraciət müddəti 3 ilə çatdırılır.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərə görə, gömrük ödənişlərinin qaytarılması üçün müraciət müddəti 1 ildən 3 ilə qədər artırılır.
Belə ki, mövcud qaydalara əsasən, ödənişlərin geri qaytarılması üçün ödəniş edildiyi tarixdən etibarən 1 il ərzində müraciət etmək mümkün idi. Yeni dəyişikliklə bu müddət 3 il olaraq müəyyən edilir və ödəniş edən şəxs və ya onun nümayəndəsi bu müddət ərzində gömrük orqanına ərizə ilə müraciət edə biləcək.
Həmçinin layihədə göstərilib ki, gömrük mallarının müvəqqəti saxlanc müddəti xüsusiyyətlərindən asılı olaraq 1 aydan artıq olmayacaq, qadağan edilən mallar isə ən çox 3 sutka saxlanıla biləcək.
Belə ki, layihəyə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının tərtib etdiyi akt əsasında həyata keçiriləcək.
Dəyişikliklərə görə, malların müvəqqəti saxlanc müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla 1 aydan çox olmayacaq. Qadağan edilən malların isə dərhal çıxarılması mümkün olmadıqda, onların saxlanma müddəti maksimum 3 sutka ilə məhdudlaşdırılır.
Eyni zamanda, müəyyən edilmiş həddən artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə icazə verilməyəcək. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da məhv edilməlidir.
Layihədə fiziki şəxslərin malları saxlanc müddətində götürmək, geri qaytarmaq və ya dövlətin xeyrinə imtina etmək hüquqları da müəyyən edilir. Həmçinin malların saxlanmasına görə müvafiq gömrük yığımı tətbiq olunacaq.