
Bu gün saat 16.00-da Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada İctimai Palataya daxil olan müxalifət qüvvələrinin mitinqi başlayıb. Aksiya saat 18.00-dək davam edəcək.
Mitinq “Yeni parlament seçkiləri!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Korrupsiyaya və rüşvətə son!”, “Mülkiyyət hüququ təmin edilsin” tələblərilə keçirilir.
Mitinqə İctimai Palatada partiya şəklində təmsil olunmayan, lakin üzvləri fərdi şəkildə iştirak edən partiyalardan KXCP-nin, VHP-nin, ADP-nin, ALP, ACP, AMIP-in üzvlərinin, eyni zamanda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının, İslam Partiyasının üzvlərinin də dəstək verdiyi bildirilir.
Məlumatlara görə, mitinqə gələnlərə süni maneçiliklər törədilib.
***
İctimai Palatanın Koordinasiya Şurasının üzvləri, o cümlədən AXCP və Müsavat liderləri Əli Kərimli ilə İsa Qəmbər atrıq meydandadırlar. Aparıcı İbrahim İbrahimli hakimiyyətə çağırış edib ki, insanların razılaşdırılmış mitinqdə iştirakına imkan verməməklə onları daha radikal qərarlar verməyə sövq etməsinlər.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov "Azadlıq" radiosuna deyib avtobusların hərəkəti dayandırıldığı üçün insanlar meydana piyada gəlir. O, Azneft dairəsindən təxminən 3 min nəfərin piyada meyada gəlməkdə olduğunu bildirib.
Müsavat Partiyası başqanı müavini Gülağa Aslanlı deyib ki, “Sahil” metrostansiyasından Bayıl istiqamətində işləyən bütün avtobus marşrutlarına göstəriş verilib ki, onlar mitinq başa çatana kimi işləməsinlər. Məqsəd aksiyaya getmək istəyənlərə mane olmaqdır.
İştirakçılar buna etiraz olaraq "Azadlıq" və "İstefa" şüarları qışqırıblar. Aksiya davam edir...
***
Mitinq vaxtından yarım saat gec Azərbaycan dövlət himninin oxunması ilə başlayıb. Mitinqi İbrahim İbrahimli aparır.
Aksiyada AXCP sədri Əli Kərimli çıxış edib, hakimiyyəti insan hüquqlarını pozmaqda ittiham edib. O, ölkədə ədalətsizliyin olduğunu, sadə insanların evlərindən çıxarıldığını, onların evlərinin uçurulduğunu, müxalifətin aksiyalarının qarşısının alındığını vurğulayıb. Ə. Kərimli hakimiyyətin Qarabağ siyasətini də sərt tənqid edib.
***
AXCP sədrindən sonra İctimai Palatanın KŞ-nin üzvü Qələndər Muxtarlı və AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış ediblər.
***
Aksiyada gənclərin nümayəndələri də çıxış ediblər...
***
Müsavat başqanı İsa Qəmbərin çıxışından sonra mitinqin qətnaməsi oxunub. Qətnamədə vicdan məhbuslarının dərhal azad edilməsi, sərbəst toplaşma azadlığının təmin olunması, mülkiyyət hüquqlarına qəsdin dayandırılması və bəzi başqa sosial tələblər əksini tapıb.
Mitinq sona çatıb...



